Sentyabrın 5-də günün ikinci yarısında prokurorluq əməkdaşları Amerikanın İREX təşkilatının ofisinə axtarış aparıb.
Onlar məhkəmə qərarı göstərərək, avadanlıqları – bütün elektron daşıyıcıları, habelə bu QHT-nin sənədlərini müsadirə etməyə başlayıblar.
Turanın məlumatına görə prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edib.
İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.
Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.
İyulda İREX-in bank hesabları dondurulub, təşkilat nümayəndəliyinin rəhbəri isə ölkəni tərk edib.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində may ayından etibarən bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işi aparılır. Bu iş çərçivəsində artıq dörd hüquq müdafiəçisi həbs edilib.
İREX Azərbaycan KİV və QHT-ləri üçün əsas xarici donorlardan biridir.