Accessibility links

Əli Kərimli: Azərbaycan cəmiyyətini qorxutmaq istəyirlər [Video]


Əli Kərimli : Azərbaycan cəmiyyətini qorxutmaq istəyirlər
please wait

No media source currently available

0:00 0:05:39 0:00

Son bir neçə gündə bir qrup gənc AXCP sədri Əli Kərimlinin evinin qarşısına gələrək etiraz aksiyası keçirir

Son bir neçə gündə bir qrup gənc AXCP sədri Əli Kərimlinin evinin qarşısına gələrək etiarz aksiyası keçirir. Aksiyaçılar müxalifət liderini Qarabağ cəbhəsində baş verən hadisələrdə Azərbaycanın dövlət siyasətinə qarşı çıxmaqda günahlandırır, ermənipərəst siyasət yürütdüyünü deyir. Etirazçılar hətta Kərimlinin ölkəni tərk etməsini tələb edən şüarlar səsləndirir. Halbuki AXCP sədrinin ümümvətəndaşlıq pasportu 10 il öncə hüquq mühafizə orqanları tərəfindən alınıb, çoxsaylı tələblərinə baxmayaraq hələ də geri qaytarılmayıb.

Aprelin 13-də bir qrup vətəndaş fəalı AXCP sədri Əli Kərimlini müdafiə məqsədi ilə onu yaşadığı evdə ziyarət edib.

AXCP sədrini evində ziyarət edən “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Kərimliyə qarşı keçirilən aksiyanın söz və fikir azadlığına qarşı yönəldiyini bildirib.

“Anlayıram ki, bu kampaniyanın arxasında həm də vətəndaş cəmiyyətini vurmaq durur, torpaqlar-işğal bu, çox həssas mövzudur. Hakimiyyət bizi dişinə vurur, vətəndaş cəmiyyətini, siyasi partiyaları dişinə vurur. Belə situasiyalarda həm də test keçirir ki, mən nə edə bilərəm ki, manipuliyasiya edim. Diqqəti vacib məsələlərdən konkret adamlara yönəldim. Bu hissəsi çox-çox təhlükəlidir.

Ölkədə hər bir şəxsin tənqidi fikir söyləmək hüququ, yerli qanunvericilik və hökumətin insan hüquq və azadlıqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərdə təsbit olunub”, o qeyd edib.

Digər hüquq müdafiəçiləri müxalifət liderinə qarşı yönəlmiş aksiyaların diqqəti Qarabağ cəbhəsi ilə bağlı yayılan yalan məılumatlardan və Rusiya ilə aparılan danışıqlardan yayındırmağa yönəldiyini bildirib. Hüquq müdafiəçiləri Kərimlinin evinin qarşısına gətirilən gənclərin aldadıldığını deyib.

“Həmin gənclərdən bir neçəsi onların Dağlıq Qarabağla bağlı aksiya keçiriləcəyi adı ilə aldadıldığını etiraf edib”, Rövşən Hacıyev qeyd edib.

Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, hökumət böhranı idarə edə bilmir, ölkədə ictimai tənqidlərin olacağına rəğmən tənqidi səsləri boğmaq üçün qabaqlayıcı tədbir kimi müxalifət liderinin evinin qarşısını seçib.

“Bu aksiyalar da vəziyyətdən çıxış deyil. Hökumət islahatlara start verməlidir”, Mehman Əliyev qeyd edib.

AXCP sədri Əli Kərimli bildirib ki, aksiyaların təşkilində məqsəd diqqəti hökumətin tənqidindən yayındırmaq və Panamada ofşor hesabları ilə bağlı tənqidi fikirləri qabaqlamaqdır.

O, Amerikanın Səsinə müsahibəsində aksiyaların iqtidar tərəfindən təşkil edildiyini bildirib.

Əli Kərimlinin müsahibəsini təqdim edirik.

“Məndən ölkədən getməyi tələb edirlər. Üstəlik vətəndaşlıqdan imtina eləməyi tələb edirlər. Əsas tələbləri bununla bağlıdır. Bilirsiniz ki çox mənasız və əsassız şəkildə ermənipərəst adlandırırlar. İndi də dövlət qəzetlərində yazırlar ki, əslində Əli Kərimli etiraz edib atəşkəsin imzalanmasına. Yəni Azərbaycan ordusunun zəfər yürüşlərinə haqq qazandıran, torpaqların işğaldan azad olunmasını tələb edən adama qarşı belə bir absurd ittihamla çıxış edirlər. Aydın məsələdir ki, bütün ictimaiyyət bilir ki, çox mənasız və əsassızdır. Əsas məsələ odur ki, hökumət bu kampaniya ilə birincisi, diqqəti bu savaşda olan itkilərdən yayandırmağa yönəldib. Rəsmən itkilərin miqyasını gizlədiblər. İstəmirlər ki, Azərbaycan cəmiyyətində bu barədə ətraflı məlumatı olsun. İkincisi, bu günlərin əsas müzakirə mövzusu olan Panama sənədlərinin çox geniş müzakirə olunmasının qarşısını almaq istəyirlər. Üçüncüsü, bu son atəşkəs yenə də Rusiyanın basqıları, təşəbbüsü ilə onun birbaşa iştirakı ilə əldə olunub. Rusiya ilə bağlı hansısa müəmmalı iş birliyinə gedirlər. Azərbaycan mətbuatı bu barədə yazmasa da, amma bir sıra xarici mətbuat bu barədə yazır ki, yenidən Azərbaycana və Ermənistana Qarabağla bağlı ümumi dövlət konsepsiyası təqdim olunub. Rusiya qoşunlarının hansısa bir sülhməramlı adı altında Azərbaycana qaytarılmasından söhbət gedir. Bizim də bu məsələdə çox kəskin mövqeyimiz olduğunu bilirlər. Mən ayın 8-də bu barədə yazmışdım ki, heç bir ad altında Rusiya qoşunlarının Azərbaycana qaytarılmasına imkan verməyəcəyik. Ayın 9-dan bu kampaniya başlayıb. Burada həm də Azərbaycanda Rusiyanın təsirini artırmaq istəyən Azərbaycan iqtidarının bir məqsədyönlü işi də var. Azərbaycan cəmiyyətini qorxutmaq istəyirlər. Azərbaycan cəmiyyətində müstəqil fikrə, müxalif mövqeyə qarşı dözümsüzlük mühiti yaradırlar. İstəyirlər ki, belə bir böyük partiyanın sədrinə qarşı belə mənəvi terrorla istənilən adama mesaj verirlər ki, siz danışanda mütləq ölçüb-biçin, hökumətin rəsmi kursundən fərqli bir şey deməyin. Hökumət deyir ki, filan şeyi almışıq. Deməli almışıq. Sual vermək olmaz ki, bəs onun şəkli hanı? Deyirsə itkimiz bu qədərdi sual vermək olmaz ki, bəs cənazələrin adı və familiyası niyə yoxdur? Və s. İnsanlara danışmağı qadağan etmək istəyirlər. Fərqli fikri qadağan etmək istəyirlər. Amma mən razıyam xalqımızla. Heç kimi qorxutmaq mümkün deyil. Məndən söhbət gedə bilməz. Cəmiyyətin bütün təbəqələrindən dəstək görürəm. Hesab edirəm ki, hökumətin bu siyasəti də iflasa uğrayıb, öz əleyhinə işləyəcək."

Rusiyanın Azərbaycana qayıdışı baş verərsə, AXCP hansı tədbirləri görəcək sualına cavabda isə Əli Kərimli bunları deyib:

"Azərbaycan hakimiyyətinin buna cəsarət edəcəyini düşünmürəm. Dünyadakı şərtlər də buna imkan vermir. Yox, əgər Azərbaycan hakimiyyəti o qədər reallıq hissini itirsə ki, hakimiyyət maraqlarını qoruyub-saxlamaq naminə Azərbaycanın müstəqilliyindən vaz keçsin. Bizim əziyyətlə çıxardığımız Rusiya qoşunlarını hansı adla qaytarsın. O zaman Azərbaycan cəmiyyəti əmin ola bilər ki, biz mümkün ola biləcək hər şeyi edəcəyik. Bizim üçün yenidən istiqlal savaşı başlayacaq. O zaman biz Azərbaycan xalqımıza açıq müraciət etməkdən çəkinməyəcəyik. Azərbaycan xalqını öz müstəqilliyinə sahib çıxmağa çağırmaqdan ötəri açıq çağırışlar edəcəyik".

XS
SM
MD
LG