Güneyli siyasi məhbus Siyamək Mirzayi 3 aylıq sürgündən sonra həyat yoldaşı ilə birlikdə məzuniyyətə çıxıb.
İranın şərq bölgəsində yerləşən Cənubi Xorasan vilayətindəki Qain şəhərində bir illik sürgün cəzasını çəkən fəal oktyabrın 29-da həyat yoldaşı Vəhidə Kərimi ilə birlikdə Ərdəbilə gedib.
Daha öncə dəfələrlə həbs edilən Siyamək Mirzayi iyulun 28-də 3 il həbsdən sonra Tehranın Evin həbsxanasından məcburi sürgün həyatı keçirmək üçün İranın şərqi bölgələrində yerləşən Xorasan vilayətinin Qain şəhərinə göndərilib.
Bundan əvvəl 2011-ci ildə 5 il həbs cəzasına məhkum edilən Mirzayi ilkin məhkəmədə "ölkənin təhlükəsizliyinə xələl gətirmək hədəfi ilə qrup təşkil etmək" ittihamı ilə suçlanaraq, 10 il həbs və 1 il məcburi sürgün cəzasına məhkum edilsə də, bu hökm apellyasiya məhkəməsində 3 il həbs və bir il sürgünə endirilmişdi.
Siyamək Mirzayi iyulun 1-də ona qarşı yeni ittihamlara və vəsiqə qarışılığında azadlığına mane törədildiyi üçün aclıq aksiyasına başlayıb, 17 gün aclıqdan sonra Evin həbsxanasının 6-cı şöbəsinin prokurorluq müstəntiqi tərəfindən yeni ittihamlar üzrə qərar qəbul etdiyini bildirməsinin ardınca aclıq aksiyasına son vermişdi.
2016-cı il iyulun 13-də türk fəal Muğanın Parsabad şəhərində məhkəmə qərarı göstərilmədən tutulub, Tehranın Evin həbsxanasına köçürülmüşdü.
İran Azərbaycanının Muğan bölgəsində anadan olan 39 yaşlı Siyamək Mirzayi 2010-cu ildə siyasi fəaliyyətlərindən dolayı magistr dərəcəsində təhsil almaq üçün imtahan verib qəbul olsa da, onun təhsilinə qadağa qoyublar.