Yüksək səviyyəli Şimali Koreya diplomatı onun ölkəsinin nüvə silahı proqramının müzakirə mövzusu olmadığını bildərərək, Pxenyanın vəziyyətinin İranla müqayisədə tam fərqli olduğunu iddia edib.
Şimali Koreyanın Çindəki səfiri Çi Çae Ryonq deyib ki, Şimal nüvə proqramının dondurulması və ya ləğvinə dair birtərəfli dialoqda qətiyyən maraqlı deyil.
Şimali Koreya diplomatının açıqlamaları ABŞ-ın yüksək səviyyəli elçisi Sidni Seylerin Pekinə səfər etdiyi vaxta təsadüf edir. Seyler Şimali Koreyanın nüvə proqramına dair altı ölkənin iştirak etdiyi danışıqlarına yenidən başlanılması yollarını müzakirə etmək üçün Pekində səfərdədir.
Sidni Seyler Seulda rəsmilərlə görüşdükdən sonra deyib ki, ABŞ İranla nüvə qabiliyyətinin məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan nüvə razılığının əldə edilməsinə kömək etdiyi kimi Pxenyanla da danışıqlar aparmağa hazırdır.
Şimali Koreya 2009-cu ildə altı ölkənin iştirakı ilə nüvə proqramının ləğvi qarşılığında lazımi yardım və təhlükəsizliyə dair qarantlar təmin edəcək razılığın əldə edilməsi üçün aparılan danışıqlardan çıxmışdı. Danışıqlarda Cənubi və Şimali Koreyalar, ABŞ, Çin, Yaponiya və Rusiya iştirak edirdi.
Şimali Koreya üç nüvə sınğa keçirib. Ölkənin 2013-cü ildə son nüvə sınağı keçirməsi BMT Təhlükəsizlik Şurasının bank, səfər və ticarət sahələrində ciddi sanksiyalar tətbiq etməsi ilə nəticələnib.