Accessibility links

Azərbaycan kinosunun durumu - rejissor Şamil Nəcəfzadə ilə müsahibə [VIDEO]


Şamil Nəcəfzadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:13:39 0:00

Birləşmiş Ştatların Yuta ştatında hər il keçirilən beynəlxalq Sandans kino festivalında məşhur “Əli və Nino” romanı əsasında çəkilmiş eyniadlı filmin dünya premyerası olub. Kino tənqidçiləri filmi Hollivudun “Doktor Jivaqo” kimi epik filmləri ilə müqayisə edib. Müşahidəçilər isə filmin Azərbaycan kinomatoqrafçılarının beynəlxalq miqyasda tanınması üçün müsbət inkişaf ola biləcəyini bildirib. Tanınmış kino rejissor, əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə Amerikanın Səsinin “Amerika icmalı” proqramında Azərbaycanda istehsal edilən yerli filmlərin beynəlxalq arenaya çıxması qarşısında problemlər, filmlərin nümayişi prosesi və müstəqil filmlərdən danışıb.

Şamil Nəcəfzadə bir neçə bədii və sənədli filmin yaradıcısıdır. Onun çəkdiyi “Qala” filmi 2008-ci ildə Oskar mükafatına nominasiya üçün təqdim olunmuş filmlər arasında göstərilib.

"Bizdə müəyyən filmlər çəkilir, hər il demək olar üç-dörd bədii film çəkilir. Amma onların sonrakı taleyi ilə məşğul olan, filmləri tamaşaçıya çatdırmaq və beynəlxalq arenaya çıxaran qurum və ya təşkilatın olduğu sistemi qurmamışıq."-Şamil Nəcəfzadə

Son illər Azərbaycan kino yaradıcılarının istehsal etdiyi bir neçə filmin müxtəlif kino festivallarda təqdim edilməsinə baxmayaraq, Azərbaycan kinosunun beynəlxalq arenaya çıxması və tanınması sahəsində hələ də böyük uğurlardan danışmaq çətindir. Şamil Nəcəfzadə qeyd edib ki, bunun səbəbini filmlərin istehsaldan sonrakı mərhələsində axtarmaq lazımdır. “SSRİ dönəmində mükəmməl bir sistem qurulmuşdu və tək filmin istehsalı yox, onun istehsaldan sonrakı taleyi ilə məşğul olan bir sistem var idi. Birincisi, ayrıca bir kino nazirliyi var idi, Qoskino adlanırdı. Həm SSRİ-də, həm də bütün respublikalarda yerli nazirliklər var idi. O nazirlik flimin çəkilişindən sonrakı taleyi ilə məşğul olurdu. O filmin ən azı əvvəlcə SSRİ miqyasında kino teatrlar şəbəkəsilə tamaşaçılara göstərib, xərclənən vəsaiti qaytarmaqla və Qoskinonun nəzdində Sovinterfest adlanan qurum var idi, həmin o filmləri beynəlxalq festivallara, beynəlxalq marketlərə çıxarmaqla məşğul idi. Belə bir yaxşı işlək bir sistem qurulmuşdu. SSRİ dağılandan sonra Azərbaycanda elə işlək bir mexanizm, işlək bir sistem qurula bilmədi. Onun birinci hissəsi, yəni filmin istehsalı ilə bağlı, bizdə müəyyən filmlər çəkilir, hər il demək olar üç-dörd bədii film çəkilir. Amma onların sonrakı taleyi ilə məşğul olan, filmləri tamaşaçıya çatdırmaq və beynəlxalq arenaya çıxaran qurum və ya təşkilatın olduğu sistemi qurmamışıq. Ona görə biz çəkilən filmləri çox çətinliklə beynəlxalq arenaya çıxara bilirik.”

Şamil Nəcəfzadə yerli filmlərin istehsaldan sonra nümayişi və prokatı prosesində gəlir gətirməsi qarşısında problemləri qeyd edib. “Zənnimcə, ən acınacaqlı faktor ondan ibarətdir ki, bu gün Azərbaycanda ümumiyyətlə kino teatrların sayı çox azdır. Bütün ölkədə bir neçə kino teatr, bəlkə 20-yə yaxın kino zal var. Ona görə də xərclənən vəsaiti qaytarmaq mexanizmi bizdə hələ yoxdir. Bu gün Azərbaycan kinosuna ancaq dövlət vəsaiti ilə sərmayə gətirilir. Amma elə bir işlək mexanizm qurulsa və xərclənən vəsaiti qaytarma mexanizmi bəlli olsa, kino teatrlar şəbəkəsi yaransa, kinoya dövlətdən başqa şəxsi sərmayə də cəlb etmək mümkün olacaq. Ona görə bu baxımdan bu, elə bil birinci hissədir. Əvvəlcə, hər bir milli film öz ərazisində tamaşaçısına göstərilməlidir. Çünki hər bir sənət əsəri, o cümlədən kino mesajdır və bu mesaj mütləq tamaşaçıya çatdırılmalıdır. İkinci tərəfi ondan ibarətdir ki, müştərək filmlər çəkiləndə və Azərbaycanla yanaşı hansısa başqa bir ölkənin prodüseri, çəkiliş qrupunun bir qismi, tanınmış aktyorlar cəlb olunursa, onda artıq film tək bir ölkənin miqyasında göstərilmək üçün deyil, artıq ən azı bir neçə ölkə miqyasında göstərilmək üçün nəzərdə tutulur və bu təbii ki gəlir gətirmək üçün böyük fürsət yaradır.”

"Bu gün Azərbaycan kinosuna ancaq dövlət vəsaiti ilə sərmayə gətirilir. Amma elə bir işlək mexanizm qurulsa və xərclənən vəsaiti qaytarma mexanizmi bəlli olsa, kino teatrlar şəbəkəsi yaransa, kinoya dövlətdən başqa şəxsi sərmayə də cəlb etmək mümkün olacaq."-Şamil Nəcəfzadə

Müasir tamaşaçı auditoriyasının yüksək gəlirli Hollivud filmlərinə üstünlük verdiyi nəzərə alınsa, onlarda yerli filmlərə marağı necə yaratmaq olar? Şamil Nəcəfzadənin sözlərinə görə, Hollivud filmlərinin tamaşaçı audotiriyasına təsiri qlobal xarakter alıb, lakin bir filmin öz tamaşaçısı var və böyük gəlirli fimlərlə yanaşı, tamaşaçı yerli istehsal olan filmləri də görmək istəyir.”Yerli filmlərlə də maraq var. Biz bir neçə il bundan əvvəl İFASC adlı (Cənubi Qafqaz müstəqil kino yaradıcılarının assosiasiyası) beynəlxalq təşkilat vasitəsilə təxminən altı il bundan əvvəl Azərbaycanda sosiloji araşdırmalar apardıq. Həmin o araşdırmaların nəticələri mənə əsas verir deyim ki, Azərbaycan tamaşaçısı Azərbaycan kinosunu istəyir, gözləyir və görmək, izləmək istəyir. Sadəcə o çəkilən filmlər kino teatrlarda göstərilmir deyə 90-cı ildən bu yana tamaşaçılar elə bilir ki, ümumiyyətlə Azərbaycanda kino çəkilmir, halbuki ən azı 50-yə yaxın bədii film çəkilib.”

Şamil Nəcəfzadə müstəqil filmlərin çəkilişində kino yaradıcıları qarşısında problemlərdən danışıb. “Əgər film dövlət tərəfindən maliyyələşdirilməyibsə və müstəqil sayılırsa, bu, geniş sualdır. Bizdə bu gün filmlər dövlət tərəfindən maliyyələşdirilir, amma onlar kifayət qədər müstəqil formada reallaşır. Hər halda mən öz payıma deyirəm. Mən indiyə qədər çəkdiyim heç bir filmdə heç bir nə senzura, yaxud da hər hansı bir göstərişlə üzləşməmişəm. Yəni bu baxımdan, yaradıcılıq üçün azadlıq var.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG