“Bunlar istəsələr, hər an hər hansı məhbusu öldürərlər. Buna görə də bu ölümdə şübhə var. Məsələ açılana qədər də olacaq. Heç kəsi də inandırmaq olmaz ki, bu nizamın bu ölümdə əli yoxdur,” deyə insan haqları fəalı Nima Puryaqub sentyabrın 13-də Rəcayi-şəhr zindanında həyatını itirən təbrizli əmək fəalı Şahrux Zamaninin ölümündə İran hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayır.
Şahrux Zamanini yaxından tanıyıb, onunla birlikdə mühakimə edilmiş Puryaqub Amerikanın Səsi ilə söhbətdə tanınmış əmək fəalının ölümündən əlavə, həyatında göstərdiyi fəaliyyətlər və mübarizələr haqqında danışıb.
2011-ci ildən bəri 11 illik həbs müddətini çəkərkən sentyabrın 13-də Kərəcin Rəcayi-şəhr zindanında qəfildən ölən 51 yaşlı Təbrizli fəalın ölümünün səbəbi beyində qansızma olduğu elan edildi.
“Şahrux hər kəsin ədalət və özgürlükdə yaşamasını istəyirdi. Ürəyi tam insaniyyətlə döyünürdü. O, heç zaman, heç bir insanın həbsdə olmasına, ya ədalətsizliyə məruz qalmasına razı olmamışdı. Hər kəsin, bütün insanların azadlığına çalışırdı... Şahruxun evi-eşiyi yoxuydu, yaşayışı əynindəki paltarlar idi. Bir yerdə, bir evi boyardı, sonra o pulla gedərdi başqa şəhərlərə başqalarına kömək edərdi,” deyə Nima Puryaqub əmək fəalının həyat və mübarizə xəttini təsvir edir.
Ən azı budur ki, bunlar birini tutublar, haqsız yerə zindana atıblar və onun heç dərmanı, doktoru olmayıb. Ağır basqılar altında bir dəfə 30 gün, bir dəfə 52 gün aclıq aksiyasına girib. Aralarda da dörd günlük, beş günlük aclıqlar, azı 5 ay aclıq çəkib. İnsanın bədəni, vücudu dağılır. Aclıq kiçik məsələ deyil. Bütün bunlar olanda doktor yoxdur, dərman yoxdur, heç nə yoxdur.Nima Puryaqub
Hazırda Avstriyada mühacirətdə yaşayan hüquq müdafiəçisi Şahrux Zamaninin əməkçilərin hüquqları uğrunda işçi birliklərində göstərdiyi fəaliyyətləri üzündən həbs edildiyini bildirir:
“Şahrux bir solçu olaraq, yəni sol düşüncəsinə sahib olan biri kimi çalışırdı. Ev naqqaşları sendikasında başqa işçilərlə birlikdə fəal idi. Bu fəaliyyətlərinə görə də üç dəfə həbsə düşmüşdü. Bir dəfə İran İnqilabından bir il sonra Təbrizdə yaxalandı, sonra 1993-cü ildə və ondan sonra da 2011-ci ildə yaxalandı. O zamandan bəri həbsdəydi ki, bazar günü öldü.”
2011-ci ildə Şahrux Zamani ilə birlikdə nəzarət altına alınıb və birlikdə mühakimə edilmiş hüquq müdafiəçisi Zamaninin sorğu-sual və məhkəmə prosesində günahsız olduğunu israrla vurğuladığını deyir:
“Tutulduğu andan aclıq aksiyasına başlamışdı və heç bir soruya cavab vermədi. Hər nə sordular, o dedi ki, mən sendika çərçivəsində fəaliyyət etmişəm. Bu fəaliyyətlər qanunidir və mən buna görə heç kəsə cavab vermərəm... Məhkəmədə də bərabər idik. Orada da dedi ki, mənim sendika fəaliyyətlərim qanunidir və əslində mən şikayət edirəm sizdən ki, məni burada oturdubsuz.”
Şahrux Zamani ilə bərabər mühakimə edildiyi zaman Təbrizin Aza Universitetində təhsil aldığını bildirən Puryaqub tələbə fəalları ilə əmək fəallarını bir araya gətirmək üçün etdikləri əməkdaşlıqdan söz açır:
“Biz çalışırdıq işçilərlə öyrənciləri bir araya gətirək və ayrı düşmüş bu hərəkatlərin gücünü artıraq. O üzdən İran İslam Cümhuriyyəti həqiqətən qorxdu, gördülər bu cərəyan böyüyür, buna görə çox sərt davrandılar. O günə qədər Təbrizdə belə ağır hökmlər verməmişdilər. Şahruxa 11 il, mənə 6 il və indi Təbriz zindanında saxlanılan Məhəmməd Cərrahiyə 5 il həbs verdilər.”
Şahrux hərkəsin ədalət və özgürlükdə yaşamasını istəyirdi. Ürəyi tam insaniyyətə döyünürdü. O, heç zaman, heç bir insanın həbsdə olmasına ya ədalətsizliyə məruz qalmasına razı olmamışdı. Hərkəsin, bütün isanların azadlığına çalışırdı... Şahruxun evi eşiyi yoxuydu, yaşayışı əynindəki paltarlar idi.Nima Puryaqub
Puryaqubun söylədiklərinə görə, Şahrux Zamani həmkarlar ittifaqı çərçivəsində və işçilərin haqları uğrunda göstərdiyi fəaliyyətləri üzündən “rejimə qarşı təbliğat” və “milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədi ilə təşkilat yaratmaq” ittihamlarına məruz qalaraq 11 il həbsə məhkum edildi.
Nima Puryaqub Zamaninin həbsdə ikən də mübarizəyə davam etdiyini deyir.
Onun dediklərinə görə, “o, öncə Təbriz zindanına və oradan Yəzdə göndərildi. Yəzd [zindanının məsulları] dedi, biz bunu saxlayammırıq. Çünki, orada da fəal idi, məhbusları mübarizəyə çağırırdı. Onu yenidən Təbrizə göndərib neçə aydan sonra Təbrizdən Rəcayi-şəhrə apardılar. Orada da onu öz başına ötürmədilər, Qızıl Hasar zindanına yolladılar ki, orada heç siyasi məhbus yoxdur. [Buna etiraz olaraq] orada 52 gün aclıq aksiyasına girdi, 52 gündən sonra onu qaytardılar Rəcayi-şəhr zindanına siyasi məhbusların yanına.”
Əmək fəalının qəfildən ölümünün şübhəli olduğunu vurğulaya hüquq müdafiəçisi bu haqda düşündüklərini Amerikanın Səsinə açıqlayır:
“Bu ki, bunlar bir məhbusu öldürələr, bunlar üçün bir şey deyil. Bunlar istəsələr, hər an hər hansı məhbusu öldürərlər. Buna görə də bu ölümdə şübhə var və məsələ açılana qədər də olacaq. Heç kəsi də inandırmaq olmaz ki, bu nizamın bu ölümdə əli yoxdur,” deyə o ifadə edir.
Puryaqub ölümün görünməyən və məlum olmayan səbəblərindən əlavə həbsxanaların şəraiti və Şahrux Zamaninin uzun müddətli aclıq aksiyalarından sonra müalicə imkanlarından məhrum qalmasının da onun qəfil ölümündə əsas rol oynadığını ifadə edir:
Tutulduğu andan aclıq aksiyasına girmişdi və heç bir soruya cavab vermədi. Hər nə sordular, o dedi ki, mən sendika çərçivəsində fəaliyyət etmişəm. Bu fəaliyyətlər qanunidir və mən buna görə heç kəsə cavab vermərəm... Məhkəmədə də bərabər idik.Nima Puryaqub
“Ən azı budur ki, bunlar birini tutublar, haqsız yerə zindana atıblar və onun heç dərmanı, doktoru olmayıb. Ağır basqılar altında bir dəfə 30 gün, bir dəfə 52 gün aclıq aksiyasına girib. Aralarda da dörd günlük, beş günlük aclıqlar, azı 5 ay aclıq çəkib. İnsanın bədəni, vücudu dağılır. Aclıq kiçik məsələ deyil. Bütün bunlar olanda doktor yoxdur, dərman yoxdur, heç nə yoxdur. Bunlardan əlavə buna görə ki, məhbuslar eşiyə xəbər göndərməsinlər, eşiklə irtibatı kəsmək üçün gətirib parazit [törədən] maşın qoyublar...”
Şahrux Zamani sentyabrın 15-də Təbriz məzarlığında anasının məzarı yanında torpağa tapşırılıb.