İran hökumətinin təhlükəsizlik qüvvələri azərbaycanlı milli fəalın Təbrizdəki evinə basqın edərək onu həbs etməyə çalışsalar da, bu, baş tutmayıb.
Günaz TV və Aznews TV xəbər saytlarının məlumatına görə, iyulun 13-də İran rejiminin təhlükəsizlik qüvvələri milli fəal Şahin Bərzigərin atasının Təbrizdəki evinə basqın ediblər, lakin o, evdə olmadığı üçün onu həbs edə bilməyiblər.
Həmin məlumatlara görə, təhlükəsizlik qüvvələri zorakılıqla qapını sındıraraq evə daxil olub və ailə üzvləri arasında qorxu törədərək, daha sonra milli fəalın qardaş və bacısını döyüblər.
Şahab və Şadi Bərzigərin döyülməsi nəticəsində milli fəalın bacısı Şadi Bərzigərin əlindən ciddi xəsarət aldığı bildirilir.
Təbrizdə yaşayan türk fəal Şahin Bərzigər ötən il Təbriz əhalisinin Xuzistan vilayətinin ərəb icmasının etirazlarına dəstək məqsədilə keçirilən dinc mitinq zamanı həbs edilmiş, daha sonra cinayət məhkəməsində 3 aylıq həbs cəzasına məhkum edilmişdi. Vilayətinin apelyasiya məhkəməsi həmin hökmü daha sonra qüvvədə saxlamışdı.
Şahin Bərzigər Təbrizdə Azərbaycan rəqs müəllimidir və Ayıl rəqs qrupunun üzvüdür.