Accessibility links

Səfir Hulusi Kılıç: Türkiyə bütün xalqlar üçün açıqdır


Səfir Hulusi Kılıç: Türkiyə bütün xalqlar üçün açıqdır
Səfir Hulusi Kılıç: Türkiyə bütün xalqlar üçün açıqdır

Türkiyə səfirliyi Zəfər bayramını və Silahlı Qüvvələr gününü qeyd edib. Səfir Azərbaycan-Türkiyə münasibətləri və Azərbaycan qazının tranziti ilə bağlı danışıqlara toxunub.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və diplomatik missiyanın əməkdaşları, bu ölkənin hərbiçiləri və işgüzar dairələrinin nümayəndələri 30 avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibəti ilə Bakıda Şəhidlər Xiyabanında türk hərbiçilərinin abidəsinin önünə əklil qoyub.
Səfir Kılıç jurnalistlərin suallarına da cavab verib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında “Şahdəniz-2” yatağından qaz tranziti haqqında saziş imzalanması üçün heç bir problem yoxdur. “Amma, bəzi “texniki məsələlər” həll edilməmiş qalır”. Lakin, səfir hansı məsələlərdən söhbət getdiyini açıqlamayıb.

Cənab Kılıç sentyabrda saziş üzərində işi bitirməyin mümkün olacağını bildirib.
Bir müddət əvvəl Türkiyənin energetika naziri Taner Yıldız da Ankaranın sentyabrın sonlarına qədər Azərbaycanla qazla bağlı razılaşma əldə etmək niyyətində olduğunu bildirib. “Söhbət Şahdənizin ikinci fazasından Türkiyəyə ildə 6 mlrd. kubmetr qaz ixracı və Türkiyə ərazisindən Avropaya ildə 10 mlrd. kubmetr qaz tranzitindən gedir. Mən dostlarımıza tələsməyi tövsiyə etdim. Biz sentyabrın sonlarına qədər müqavilə imzalamaq istəyirik. Türkiyə bu layihəni sürətləndirmək üçün əlindən gələni edib”, - deyə cənab Yıldız bildirib.
Səfir Hulusi Kılıç Azərbaycan-Türkiyə Ali Strateji Əməkdaşlıq Şurasının birinci iclası oktyabr-noyabr aylarında keçiriləcəyini bildirib.

Xatırladaq ki, bir il əvvəl iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi ilə yaradılmış Şuranın birinci iclası Türkiyədə keçiriləcək. Lakin indiyədək Şura toplanmayıb.
Jurnalistlərin hərbi sahədə ikitərəfli münasibətlərlə bağlı sualına cavabda cənab Kılıç bildirib ki, bu sahədə əlaqələr ən yüksək səviyyədədir və son 20 ildə durmadan inkişaf edir. “Bu gün Azərbaycan ordusu bölgədə ən güclü ordulardan birinə çevrilir”, - deyə səfir qeyd edib.

Səfir Hulusi Kılıç bəzi Azərbaycan siyasətçilərinin Ankaranı Ermənistanla ticarət-iqtisadi əlaqələrdə ittiham etməsini əsassız adlandırıb. “Biz bu söhbətləri ciddi qəbul etmirik, onlar bizim qardaşlıq münasibətlərimizə uyğun deyil. Biz bütün mövcud problemləri dialoq yolu ilə həll edirik. Buna görə, KİV-də bu danışıqların məzmununun yayılması xoşagəlməz vəziyyət yaradır”, - deyə o bildirib.
O qeyd edib ki, Türkiyə bütün xalqlar üçün açıqdır və vaxtilə o, İspaniyadan qovulmuş yəhudilər üçün qapılarını açıb. “Biz bütün xalqların dostuyuq və bütün xalqların nümayəndələri, o cümlədən ermənilər, suriyalılar və s. bizə gələ bilər. Bizim problemimiz erməni xalqı ilə deyil, Ermənistan hökuməti ilədir”, - deyə səfir bildirib.

XS
SM
MD
LG