Accessibility links

Seymur Kazımov: Bu parad hesabat xarakteri daşıyır 


Jurnalist Seymur Kazımov
Jurnalist Seymur Kazımov

Azərbaycanın Müdafiə Nazirliyi dekabrın 10-da 2-ci Qarabağ savaşına həsr olunan hərbi parad keçiriləcəyi barədə məlumat yayıb.

Azərbaycan ordusunun şəxsi heyəti parada hazırlıqları başa çatdırıb.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.

Paradda həmçinin müharibə zamanı Ermənistan ordusuna aid ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək.

Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

Konfliklərin işıqlandırılması məsələləri üzrə ekspert və jurnalist Seymur Kazımov Amerikanın səsinə müsahibəsində bildirib ki, hərbi parad hesabat xarakteri daşıyır:

"Azərbaycan ordusu cəbhədə qələbə qazanıb. Yəni, ordu döyüşüb, hərbi qələbəni Azərbaycan ordusu qazanıb və buna görə də 10 noyabr bəyanatı bu paradla heç bir ziddiyyət təşkil etmir. Ordu döyüşüb və əraziləri azad edib, ordu qalibdir. Digər məsələlər isə artıq işin diplomatik tərəfidir. Ordu qalib gəlib, qalib ordu kimi parad keçirir və hərbi parad hesabat xarakteri daşıyır" - deyə o bildirib.

Türkiyə hərbçilərinin dekabrın 10-da keçiriləcək paradda iştirak etmələrinə toxunan jurnalist qeyd edib ki, Türkiyə 44 günlük aktiv hərbi əməliyyatlar dövründə Azərbaycan ordusuna həm mənəvi, həm də diplomatik cəhətdən dəstək verib və bu dəstəyini dünya ictimaiyyətinə açıq bildirib:

"Eyni zamanda Türkiyə istehsalı olan hərbi silahlar, daha dəqiq desək pilotsuz uçuş aparatları Azərbaycan ordusu tərəfindən hərbi əməliyyatlarda istifadə olundu. Ona görə də əgər bir qrup türk hərbiçisinin Azərbaycandakı paradda iştirak etməsi normaldır. Eyni zamanda Azərbaycan cəmiyyətində də Türkiyəyə bir sevgi var, Azərbaycan və Türkiyə bayraqları hərbi əməliyyatlar başlayan gündən qoşa dalğalanır. Yəni cəmiyyətin də bir gözləntisi var və cəmiyyət tərəfindən də bu addım çox yüksək səviyyədə qarşılanır".

Dekabrın 8-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılıb.

Son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Belə bir mərhələdə parad keçirilməsinin yoluxma sayına kəskin təsir edəcəyini düşünən jurnalist Seymur Kazımov bildirib ki, insanların ora buraxılacağı təqdirdə, paraddan sonra yoluxanların sayının artması qaçılmaz olacaq:

"Mən hələ də gözləyirəm ki, rəsmi formada deyilsin ki, insanlar parada gəlməsin. Çünki koronavirus statistikalarını hamımız görürük və vəziyyətin necə gərgin olduğunu da bilirik. Mən ümid edirəm və gözləyirəm ki, hökümət belə bir qərara gələcək ki, insanlar parada evlərində baxsınlar, çünki parad kütləvi tədbirdir və kütləvi olduğuna görə insanların kütləvi axını gözlənilə bilər. Bu halda isə yoluxma halları daha da arta bilər".

XS
SM
MD
LG