Accessibility links

Sevinc Sadıqova: Əfqan "ədalət bərpa olunmasa buradan meyidim çıxacaq" dedi


“Əfqan Sadıqovun aclığının 22-ci günü və sudan imtina etməsinin 3-cü günüdür."

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqovla noyabrın 25-də Bakı İstintaq Təcridxanasında görüşüb.

“Kürdəxanıda görüşdük (1 saylı Bakı İstintaq Təcridxanası-red). Çox pisdi. Heç bir iynə və sistem vurulmasına icazə vermir. Çox xahiş etdim ki, ən azı su içsin, amma ədalət bərpa olunmasa buradan meyidim çıxacaq dedi. Hər an hər şey ola bilər,” o qeyd edib.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Amma bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Jurnalistləri Müdafiə Komitəsi “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun 7 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir : "Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu sərbəst buraxmalı və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir."

XS
SM
MD
LG