Həbsdə olan jurnalist Əfqan Sadıqov 31 gündür aclığı davam etdirir. Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Sumqayıt Apellyasiya Məhkəməsinin şikayətə nə vaxt baxacağı hələ məlum deyil.
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalistin vəziyyəti daha da ağırlaşıb.
“Dünən Əfqan Sadıqov məhkəməyə onlayn qaydada qoşulmuşdu. İki nəfər qoluna girərək gətirdi, Əfqan danışa bilmirdi, yanındakı nəzarətçi hərdən Əfqanın əvəzinə cavab verirdi. Vəziyyəti çox kritikdir, get-gedə daha mənfiyə doğru gedir. Beynini qan qidalandıra bilmir, damarlarından analiz üçün qan götürə bilmirlər. Həkimlər deyib ki, böyrəklərinin fəaliyyətində çatışmamazlıq yarana bilər. Bu vəziyyət davam edərsə Əfqan hər an həyatını itirə bilər,” o qeyd edib.
Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən şərh almaq cəhdimiz baş tutmayıb.
Amma bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.
Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.