Accessibility links

Sevinc Sadıqova: Jurnalist 39 gündür aclıq edir, rəsmi qurumların reaksiyası yoxdur


Sevinc Sadıqova aksiya zamanı
Sevinc Sadıqova aksiya zamanı

Həbsdə olan jurnalist Əfqan Sadıqov 39-cu gündür aclığı davam etdirir. Jurnalistin sağlamlıq durumu kritik olduğundan o Penitensira Xidmətin 1 saylı İstintaq Təcridxanasının sanitar-tibb hissəsindən Ədliyyə Nazirliynin Müalicə Müəssisəsinə köçürülüb.

please wait

No media source currently available

0:00 0:02:04 0:00

Dekabrın 13-də həyat yoldaşı Sevinc Sadıqova onunla görüşüb. Sadıqova Ameriknaın Səsinə müsahibəsində bildirib ki, Əfqan Sadıqov ayaq üstə dura bilmir.

“Onunla Ədliyyə Nazirliynin Müalicə Müəssisəsində görüşdüm. Onu əl arabasında gətirmişdilər və bir nəfər də ona yardım edir. Müalicə Müəssisəsində əllərindən gələni edirlər. Əfqanın vəziyyəti çox ağırdır. Onun vəziyyətinin nə dərəcədə ağır olduğunu sözlə deyə bilmirəm. Əfqan ölməlidir ki, ölkə rəhbərləri, aidiyyatı qurumlar reaksiya versin? Əfqan 25 kiloqram çəki itirib, vəziyyəti çox ağırdır. O qədər arıqlayıb ki, mən onu tanımadım. Elə bil, skeletə dəri geyindiribsən. Beynini qan yaxşı qidalandırmır, böyrəkləri yaxşı işləmir, təzyiqi olduqca aşağıdır,” o qeyd edib.

Həyat yoldaşı jurnalistin aclığı dayandırmasını xahiş etsə də o bundan imtina edib.

“Əfqana yalvardım ki, aclığı dayandırsın. O dedi ki, uşaqlarını da düşünür, amma, şərəf və ləyaqəti daha üstündür. Günahsız olduğu üçün ya azadlığa buraxılacaq, ya da öləcək. Hətta müalicə həkiminə deyib ki, süni qidalandırmaya məcbur etsələr, intihar edəcək,“ Sadıqova deyib.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Sumqayıt Apellyasiya Məhkəməsinin şikayətə nə vaxt baxacağı hələ məlum deyil.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Azərbaycan Omdusman Aparatının nümayəndələri bir neçə dəfə aclıq edən jurnalistlə görüşüb. Bununla yanaşı, rəsmi queumlar Sadıqovun aclılq aksiyası ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG