Accessibility links

Vəkillər və hüquq müdafiəçisi jurnalistin həbsini siyasi adlandırıb


Sərdar Əlibəyli
Sərdar Əlibəyli

Hüquq müdafiəçisi redaktorun mühacirətdə olan polkovnik İsa Sadıqovun bəyanatını yaydığına görə həbs edildiyini bildirib

“P.S Nota” qəzetinin və portalının redaktoru Sərdar Əlibəylinin həbsi əsassızdır və siyasi motivlidir.

Əlibəylinin vəkilləri Elçin Sadıqov, Samir İsayev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin keçirdiyi mətbuat konfransında ən çox vurğulanan fikir bu olub.
Onlar həbsin qanunsuz olduğunu, kobud prosessual pozuntularla həyatat keçirildiyini, cinayət işinin sifariş xarakterli olduğunu deyiblər.

S.Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. Bu ittiham 3 ildən 7 ilədək həbs nəzərdə tutur.

İş materiallarına görə, S.Əlibəyli iyulun 29-da axşam saat 21 radələrində Xətai rayonunun ərazisindəki 260 saylı məktəbin yaxınlığında Namiq Əmirov adlı şəxslə mübahisə edib. Dava zamanı S.Əlibəyli N.Əmirovu daşla vurub.

İyulun 31-də S.Əlibəyli polisə çağırılmadan çayxanada həbs edilib. Mülki geyimli şəxslər onu çağıraraq polisə getməli olduğunu bildiriblər. S.Əlibəyli polisə rəsmi çağırışın olmasını tələb edib. Lakin onun qolunu buraraq zorla maşına əyləşdiriblər. Hazırda o, Kürdəxanıda istintaq təcridxanasında saxlanılır.

Vəkil S.İsayev bildirib ki, müdafiə tərəfi Xətai rayon məhkəməsinin həbs qətimkan qərarından şikayət verib.

Vəkillər onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər, çünki o, cəmiyyətə təhlükə törətmir və himayəsində əlil oğlu var. Lakin Xətai rayon məhkəməsi vəsatəti təmin etməyib və müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Vəkilin sözlərinə görə, S.Əlibəyli istintaqa ifadə vermir. O dəfələrlə bildirib ki, N.Əmirov adında adam tanımır və onunla dalaşmayıb.

V.İsgəndərli qeyd edib ki, həbs siyasi motivlidir, səbəbi isə qəzetdə siyasi mühacir, polkovnik İsa Sadıqovun müraciətinin dərc edilməsidir.
XS
SM
MD
LG