Accessibility links

Serbiyada müxalifət iddia edilən seçki saxtakarlığına görə etiraz aksiyasını 9-cu gündür davam etdirir


Dekabrın 26-da Belqradda bir neçə yüz insan müxalifətin bu ayın əvvəlində keçirilən seçkilərin ləğvi tələbi ilə təşkil etdiyi növbəti etiraz aksiyasına toplaşıb.

Bu, dekabrın 17-də prezident Aleksandr Vuçiçin hakim "Serb Tərəqqi Partiyası"nın (SNS) bütün səviyyələrdə qələbəsini elan etdiyi parlament və yerli seçkilərdən sonra "Serbiya Zorakılığa Qarşı" koalisiyasının etirazlarının doqquzuncu günü idi.

"Serbiya Zorakılığa Qarşı" koalisiyası "Serb Tərəqqi Partiyası"nı seçki saxtakarlığında ittiham edib. Partiya və dövlət başçısı bunu rədd edib.

"Biz oğurluğu tanımayacağıq və vətəndaşların seçki iradəsi müdafiə olunacaq", "Serbiya Zorakılığa Qarşı" koalisiyasının Belqrad merliyinə namizədi Vladimir Obradoviç dekabrın 26-da keçirilən etiraz aksiyası zamanı deyib.

Obradoviç çıxışı edərkən, etiraz aksiyası Belqrad məhkəmələri və Baş Prokurorluğun yerləşdiyi Ədalət Sarayının qarşısında davam edib. Etirazçılar dekabrın 24-də keçirilən aksiyadan sonra həbs olunan bütün şəxslərin haqsız yerə həbs edildiyini deyərək, onların azadlığa buraxılmasını tələb edib.

Etiraz aksiyası zamanı baş verən insidentlərin ilk dəfə zorakılığa çevrilməsindən sonra 40-a yaxın nümayişçi həbs olunub. Hökumət binasının daxilindəki polis əməkdaşları binanın şüşələrini sındıraraq, içəriyə daxil olmaq istəyən etirazçılara qarşı gözyaşardıcı qaz və bibər qazından istifadə edib. Polis səkkiz zabitin yaralandığını bildirib.

"Serbiya Zorakılığa Qarşı" koalisiyasının bildirdiyinə görə, insidentlər "hökumət tərəfindən göndərilən xuliqanlar" tərəfindən törədilib.

Bundan əlavə, Serbiyanın əsas müxalifət partiyasının aparıcı simalarından olan Marinika Tepiç seçki saxtakarlığına qarşı etirazları aclıq aksiyası ilə davam edəcəyinə söz verib.

Səsvermədən sonra beş həmkarı ilə birlikdə aclıq aksiyasına başlayan Tepiçə dekabrın 25-də səhhəti pisləşdikdən sonra tibbi yardım göstərilib. O, Reuters xəbər agentliyinə müsahibəsində etirazını dayandırmaq üçün əlavə həkim məsləhətlərini rədd etməyi planlaşdırdığını deyib.

"Yəqin ki, onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş edəcəklər və mən onlardan bu mübarizənin davam etməsinə yardım göstərmələrini xahiş edəcəyəm. "Bu, mübarizə bizim azadlığımız üçündür", Tepiç deyib.

Seçki komissiyası dekabrın 24-də seçici siyahılarını yoxladıqdan sonra iddiaların "doğru olmadığını" müəyyən etdiyini elan edib.

Vuçiç yerli qeyri-hökumət təşkilatları, xarici müşahidəçilər və müxalifət nümayəndələrinin seçki pozuntuları ilə bağlı iddialarını rədd edib. O, səsvermənin demokratik şəraitdə keçdiyini və "müasir tarixdə ən dinc səsvermə" olduğunu deyib.

Forum

XS
SM
MD
LG