Accessibility links

Serbiya ilə Kosovo arasında gərginlik yaranıb


Serbia Prezidenti Aleksandar Vuçiç
Serbia Prezidenti Aleksandar Vuçiç

Bazar günü axşam saatlarında Serbiya və Kosovo sərhədində gərginlik yaşanıb. Hər iki ölkə qoşunlarını Kosovo tərəfində, demək olar ki, bütünlüklə etnik serblərin yaşadığı ərazilərin olduğu sərhədə çəkib. Ərazidəki ölkələr arasında sərhəd keçidləri, eləcə də magistral yollar bağlanıb.

Vəziyyətin gərginləşməsindən sonra Kosovo hökuməti ölkənin şimalında yaşayan serbləri öz avtomobillərinin nömrələrini Serbiya pasportlarına əlavə olaraq Kosovo hakimiyyəti tərəfindən verilən nömrələrə dəyişmək, həmçinin Kosovo şəxsi qeydiyyat sənədlərini almağa məcbur edən qərarın qəbulunu bir ay təxirə salıb. Məhz bu qərar Serbiyanın Kosovoda etnik serblərin sıxışdırılması ilə bağlı kəskin bəyanatlarına səbəb olub.

Serbiya prezidenti Aleksandar Vuçiç iyulun 31-də Belqradda mətbuat konfransı zamanı deyib ki, o, "sülh üçün dua edir" və hər kəsdən, o cümlədən Kosovodakı serblərdən münaqişəyə səbəb ola biləcək heç bir şey etməməyi xahiş edir. Eyni zamanda Vuçiç əlavə edib ki, "heç bir təslimdən söhbət getmir və Serbiya qalib gələcək". "Əgər onlar serbləri təqib etməyə, pis rəftar etməyə, öldürməyə başlasalar, Serbiya qalib gələcək. Mənim demək istədiyim tək şey budur," Vuçiç qeyd edib.

Kosovo hakimiyyəti serb sənədlərinin və avtomobil nömrələrinin dəyişdirilməsinə ehtiyacı etnik azlığa zülm kimi qiymətləndirmir. Lakin nömrələrin dəyişdirilməsi və şəxsi sənədlərin verilməsi qərarını təxirə salıblar.

"Baş nazir [Kosovo Albin] Kurti Amerika və Avropa beynəlxalq tərəfdaşları ilə görüşlər keçirib. Bununla əlaqədar olaraq, Kosovo hökuməti bütün barrikadaların aradan qaldırılması və tam hərəkət azadlığı təmin edildikdən sonra” iki qərarın icrasını 29 iyun 2022-ci il tarixindən 1 sentyabr 2022-ci ilə qədər təxirə salmağa əməl edəcək.

ABŞ-ın Kosovodakı səfiri Ceffri Hoveni bazar günü Kosovo hökumətindən qərarların icrasını 30 gün təxirə salmağı xahiş edib.

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Kosovonun elan edilmiş tədbirləri təxirə salmaq qərarını alqışlayıb və bağlanan yolların dərhal açılacağını gözləyir.

Kosovo hökuməti qərara alıb ki, avqustun 1-dən respublikaya Serbiyadan daxil olanlar orada verilmiş şəxsiyyət vəsiqələrini üç aylıq etibarlılıq müddəti ilə Priştinanın verdiyi sənədlərlə dəyişdirməlidirlər. “Azadlıq” radiosunun Balkan xidmətinin verdiyi məlumata görə, tədbir Belqradın Kosovo vətəndaşlarının Serbiyaya səfər etməsi ilə bağlı çoxdankı təcrübəsinə uyğundur.

Dəyişikliklər avtomobillərin dövlət nömrə nişanlarına da şamil edilir. Kosovonun şimalında yaşayan serblər hələ də Serb qurumları tərəfindən verilən nömrələrdən istifadə edirlər. 2008-ci ildə Belqraddan müstəqilliyini elan edən Priştina sentyabrın sonuna qədər bu lövhələrin Kosovo Respublikasının abreviaturası olan lövhələrlə dəyişdirilməsində israrlıdır.

İyulun 31-də axşam Kosovonun şimalında yaşayan etnik serblər Serbiya ilə iki əsas sərhəd keçid məntəqəsinin yaxınlığında yolları bağlayıblar. Kosovo polisi cavab olaraq bildirib ki, bu hərəkətlərə görə insanlar və maşınlar üçün Yarine və Brnjak keçidlərini bağlamaq məcburiyyətində qalıblar.

"Biz bütün vətəndaşları digər sərhəd keçidlərindən istifadə etməyə çağırırıq" – deyə, polis öz Facebook səhifəsində bildirib.

Kosovonun baş naziri Albin Kurti iyulun 31-də baş verən gərginliyi şərh edərkən, bundan əvvəl Serbiya hökumət rəsmilərinin qızışdırıcı bəyanatları olduğunu bildirib və həmvətənlərini ayıq-sayıq olmağa çağırıb.

Serbiya hökumətində Kosovo məsələləri departamentinin direktoru Petar Petkoviç öz növbəsində bildirib ki, Kosovonun baş naziri "məsuliyyətsiz hərəkətləri ilə Kosovo və Metohiya ərazisində yeni böhrana səbəb olur".

Kosovonun müstəqilliyini tanımayan Rusiya hakimiyyəti Priştinanı regionda vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, gərginliyin artması Kosovo hakimiyyətinin tətbiq etdiyi "əsassız ayrı-seçkilik qaydaları"nın nəticəsidir. O, həmçinin " Priştinanın arxasında ABŞ və Aİ-nin dayandığını" xatırladıb.

XS
SM
MD
LG