ABŞ-ın bir yüksək səviyyəli müdafiə rəsmisi iyulun 22-də bildirib ki, Vaşinqton Rusiyanın Ukraynadakı müharibəsində hər gün yüzlərlə itki verdiyinə inanır və işğal başlayandan bəri minlərlə leytenant və kapitanını itirib.
Bu zabitlərdən əlavə yüzlərlə polkovnik və çoxlu rus generalı da öldürülüb. Bu haqda məlumatı Reuters adının anonim qalmasını istəyən bir ABŞ rəsmisinə əsasən yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns iyulun 20-də bildirib ki, Birləşmiş Ştatlar təxminən beş aylıq müharibədən sonra Rusiyanın Ukraynadakı itkilərinin təxminən 15 000 ölü və 45 000 yaralıya çatdığını təxmin edir. O həmçinin əlavə edib ki, Ukrayna silahlı qüvvələri də əhəmiyyətli itkilər verib.
Rusiya rəsmiləri hərbçilər arasında ölümlər hallarını dövlət sirri kimi təsnif edir və müharibə zamanı rəsmi itki rəqəmlərini yeniləmir. Sonuncu dəfə Moskva rəsmi olaraq Martın 25-də 1351 rus əsgərinin öldürüldüyünü bildirmişdi.
Ukrayna hökuməti ötən ay bildirib ki, hər gün 100-200 Ukrayna əsgəri həyatını itirir.
Digər tərəfdən Vaşinqtondakı rəsmi Ukraynanın ölkə daxilində komanda məntəqələri, sursat anbarları və hava hücumundan müdafiə obyektləri də daxil olmaqla 100-dən çox “yüksək dəyərli” Rusiya hədəfini məhv etdiyinə inanır.
Müharibə başlayandan bəri Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik məqsədilə 8 milyard dollar, o cümlədən son bir ayda 2,2 milyard dollar yardım edib.
Bu həftənin əvvəlində Pentaqon Ukraynaya göndərəcəyi ən son silah paketində dörd əlavə yüksək mobil artilleriya raket sistemi də təqdim edəcəyini bildirib.