Accessibility links

ABŞ səfiri daxili işlər naziri ilə görüşüb


Robert Sekuta
Robert Sekuta

Daxili işlər naziri Ramil Usubov martın 13-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ramil Usubov səfirə kriminal vəziyyətin nəzarət altında olması, xarici səfirliklərin təhlükəsizliyinin təmin edilməsi barədə məlumat verib.

Xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdıran nazir antiterror koalisiyasında yer alan Azərbaycanın bu qlobal bəlaya qarşı birgə mübarizəyə öz töhfələrini verdiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı səmərəli mübarizə aparılması məqsədilə beynəlxalq aləmdə səylərin birləşdirilməsinin zəruriliyini bildirib.

Daxili işlər naziri insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. “Polis əməkdaşları tərəfindən vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalar Nazirliyin rəhbərliyinin birbaşa nəzarəti altında xüsusi qurum tərəfindən araşdırılır, bu zaman pozuntulara yol verən əməkdaşlar ən ciddi şəkildə cəzalandırılır. Belə ki, son beş ildə bu növ hüquqpozmalara görə 1514 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 108-i tutduğu vəzifədən azad olunub, 95-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 8 əməkdaşın xüsusi rütbəsi aşağı salınıb, 11-i cinayət məsuliyyətinə cəlb olunub, qalanları haqqında digər tədbirlər görülüb”, nazir qeyd edib.

Səfir Robert Sekuta Birləşmiş Ştatların cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini, diplomatik fəaliyyəti dövründə iki dövlət, həmçinin, ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

XS
SM
MD
LG