Səid Nuri Azərbaycandan deportasiya olunub. O özü Facebook səhifəsində bunu təsdiq edib.
Səid Nuri yazıb ki, sentyabrın 11-də saat 17-də ona zəng edib bir də Azərbaycana gəlməmək şərti ilə ölkədən çıxarıldığını bildiriblər. “Təyyarənin salonuna kimi məni müşayiət etdilər. Hal-hazırda Tbilisidəyəm. Bu son deyil, bu başlanğıcdır, bunun cavabı mütləq olacaq. Hələlik onu demək istəyirəm ki, miqyası çox böyük olan qurama bir cinayət işində aparıcı bir fiqur kimi dindirilməmdən sonra çoxlarının, hətta vəkillərin də böyük ehtimalla həbs olunacaqsan deməsinə baxmayaraq indi azadlıqda olmağımın və girovluqdan çıxmağımın əsas səbəbkarı şübhəsiz Amerika dövləti oldu və çoxlarının dediyinin əksinə olaraq məni sona qədər və ən yüksək səviyyədə müdafiə etdi”, o yazıb.
***
Səid Nuri yerli vaxtla saat 20 radələrində Facebook səhifəsində Azərbaycandan çıxarıldığını yazıb. Onun telefonuna zəng çatmır.
S. Nurinin qohumu Azadlıq qəzetinə onun artıq ölkəni tərk etdiyini təsdiq edib. "Səidi yola saldıq, getdi. Artıq ölkədə deyil", deyə o cavab verib.
***
Keçmiş müxalifət fəalı, hazırda ABŞ vətəndaşı olan Səid Nuri internetdə onun intim həyatı haqqında video və fotomateriallar yayılmasını Azərbaycan hakimiyyətinin “çirkin kampaniyası” adlandırıb.
Nurinin bununla bağlı heç bir narahatlığı yoxdur. “Ötən ilin mayında mən rəfiqəmlə Azərbaycana gəlmişdim. Bizim münasibətlərimiz sirr deyil. Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”, deyə Nuri facebook səhifəsində yazıb.
Amerikanın Səsinin müxbiri ilə söhbətində S.Nuri bildirib ki, kadrlar İçəri Şəhərdəki otellərdən birində çəkilib.
Bununla belə, Nuri onun adından bu kadrların guya Moskvada çəkilməsi və bunun arxasında Rusiya xüsusi xidmətlərinin durması haqqında KİV-ə göndərilmiş məlumatları təkzib edib. “Bütün bunlar yalandır”, deyə o bildirib.
İnsanların şəxsi həyatı ilə bağlı sirlərin yayılması barədə qanunvericiliyin tələblərinin pozulması hallarına məsul olan dövlət orqanları video ilə bağlı hələ münasibət bildirməyib
Xatırladaq ki, xəstə atasına baş çəkmək üçün Bakıya gələn Nuri bir həftə əvvəl ölkədən buraxılmayıb. Sonradan prokurorluq Nurinin bir sıra QHT-lərə qarşı cinayət işi üzrə şahid qismində keçdiyini və ifadə verməli olduğunu bildirib.
Nurinin bu işə necə aidiyyatı ola biləcəyi aydın deyil, çünki o, artıq 8 ildir ki, ABŞ-da daimi yaşayır və 2011-ci ildən Amerika vətəndaşıdır.