Bakıya səfəri zamanı bir neçə gün ölkədən çıxışına qadağa qoyularaq sorğu-sual edilən ABŞ vətəndaşı Səid Nuri sentyabrın 14-də Vaşinqtona qayıdıb. O, Amerikanın Səsinə müsahibədə Bakıda baş verən hadisələr və daha sonra Vaşinqtonda keçirdiyi görüşlər barədə danışıb. Səid Nuri ilə müsahibəni olduğu kimi təqdim edirik:
Amerikanın Səsi: Səid bəy, problemlərlə müşayiət olunan Bakı səfərinizdən sonra artıq Amerikadasınız və Vaşinqtonda görüşlər keçirirsiniz. Kimlərlə görüşmüsünüz və görüşdüyünüz şəxslər əsasən nələrlə maraqlandılar?
Səid Nuri: Amerikaya dönəndən sonra Amerika dövlət rəsmiləri, Konqres, Senat, Dövlət Departamenti, hazırki hakimiyyət rəsmiləri, beynəlxalq hüquq-müdafiə təşkilatlarından çoxlu görüş təklifləri aldım. Onlar hamısı Azərbaycanda son günlərdə mənim bağlı baş verən hadisələrə görə çox əndişəli idilər. Bu hadisələrin səbəbini öyrənməyə çalışırdılar.
Dövlət Departamentində dövlət katibinin müşavirləri ilə görüşdüm. Bundan başqa öz yaşadığım İllinoys ştatının konqresmenləri ilə, Helsinki Komitəsinin nümayəndələri ilə, İllinoys ştatının senatoru Dik Durbinlə görüşə bildim, eləcə də Freedom House və digər təşkilatlarda görüşlər oldu.Səid Nuri
Amerikanın Səsi: Zəhmət olmasa, bir qədər konkretləşdirək. Konkret kimlərlə görüşləriniz oldu?
Səid Nuri: Dövlət Departamentində dövlət katibinin müşavirləri ilə görüşdüm. Bundan başqa öz yaşadığım İllinoys ştatının konqresmenləri ilə, Helsinki Komitəsinin nümayəndələri ilə, İllinoys ştatının senatoru Dik Durbinlə görüşə bildim, eləcə də Freedom House və digər təşkilatlarda görüşlər oldu.
Amerikanın Səsi: Səid bəy, Azərbaycana getməkdə məqsədiniz nə idi? Nə üçün Azərbaycana getmişdiniz?
Səid Nuri: Azərbaycan səfərim planda yox idi. Yəni, başqa işlərlə çox məşğul idim. Sadəcə Ukraynada olduğum müddətdə xəbər aldım ki, atam ağır xəstədir. Son anda qərara gəldim ki, Azərbaycana gedim. Çox təəccüblüdür ki, ilk öncə Ukraynadakı Azərbaycan səfirliyi mənə viza vermək istəmirdi və bunu açıq büruzə verirdilər. İki həftə gözləyəndən sonra mənə viza verdilər. Sonra da bu hadisələr baş verdi.
Amerikanın Səsi: Bəs Bakıda nə baş verdi? Bir neçə dəfə dindirildiyinizi yazmışdınız. Sizdən nə soruşurdular? Nə deyirdilər sizə?
Səid Nuri: Mən avqustun 4-də Azərbaycanı tərk etmək istəyəndə məni aeroportda saxladılar və bildirdilər ki, ölkədən çıxa bilmərəm. Bunun haqqında Respublika Prokurorluğunun və başqa orqanların göstərişi var. Onları araşdıranda məlum oldu ki, məni QHT-lərlə bağlı cinayət işinə görə şahid qismində dindirmək istəyirlər.Sonra Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olundum. Oraya vəkil Yalçın İmanovla getdim. Orada 4 saat 20 dəqiqə dindirilmə oldu. Suallar çox gözlənilməz idi. Yəni, 2007-ci ildə Azərbaycanı tərk etdikdən sonra, Azərbaycanda baş verən siyasi hadisələrdə aktiv iştirakım olmamışdı, ancaq kənardan dəstək formasında iştirakım olmuşdu. Orada suallar o qədər qəribə və gözlənilməz idi ki, bu, Azərbaycan hakimiyyətinin fantaziyasının limitsiz olmasının göstəriciydi. Suallar əsasən son günlər baş verən həbslərlə bağlı idi. Məsələn, RATİ ilə bağlı bir neçə sual verildi, Rəsul Cəfərovla, İntiqam Əliyevlə, Amerikanın NED təşkilatı və onların Azərbaycandakı layihələri, qrantları ilə bağlı sual verildi. Bundan başqa N!DA Hərəkatı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ötən il Amerika səfəri haqqında suallar verdilər.
Amerikanın Səsi: Bu sualları nə ilə əlaqələndirib sizə verirdilər?
Səid Nuri: Mənim özümə də çox maraqlı gəldi. Sözün açığı dəqiq başa düşmədin onların istəyi nədir. Amma digər suallardan da o istiqamət götürülmüşdü ki, sanki Amerika Azərbaycanda dövlət əleyhinə nə isə hazırlayır. Sual verirdilər ki, Amerika rəsmilərindən kimi tanıyıram. 4 ulduzlu Amerika generalı Stenli MakKristalla nə kimi əlaqələrim var. Deyvid Petreas haqqında soruşurdular. Mənim Ukraynaya tez-tez səfərlərimin səbəbləri ilə maraqlanırdılar. İraq və Əfqanıstanda nə zaman olduğum haqqında suallar verirdilər.
Amerikanın Səsi: Cavabınız nə olurdu?
Səid Nuri: Suallar həqiqətən çox gözlənilməz idi. Mən də bildirdim ki, mən sadəcə həmin adamları kənardan tanıyır. Sadəcə onlara böyük bir simpatiyam var. Səfərlərin də hamısı şəxsi səfərlər olub. Yəni onun Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə heç bir aidiyyəti yoxdur.
Amerikanın Səsi: Sizin şəxsi həyatınızla bağlı yayılan videonu kimin etdiyini düşünürsünüz?
RATİ ilə bağlı bir neçə sual verildi, Rəsul Cəfərovla, İntiqam Əliyevlə, Amerikanın NED təşkilatı və onların Azərbaycandakı layihələri, qrantları ilə bağlı sual verildi. Bundan başqa N!DA Hərəkatı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ötən il Amerika səfəri haqqında suallar verdilər.Səid Nuri
Səid Nuri: Bu video birbaşa Azərbaycan xüsusi xidmət orqanlarının əli ilə çəkilmiş videodur. Mənim son səfərim Bakıya dördüncü səfərim idi, hər səfərimdə mən izlənildiyimi çox gözəl bilirdim. Bu video ötən ilin may ayında çəkilib. Mən qız yoldaşımla Azərbaycana gedəndə şəhərin mərkəzində hotellərdən birində qalırdıq. Video orada çəkilib. Sadəcə son gün bu videonu buraxdılar. Elə həmin gün mənim ölkədən çıxarılmağımla bağlı qərar qəbul olunmuşdu. Sonradan mən bildim ki, Azərbaycan hakimiyyətinin ən yuxarı rəsmiləri səviyyəsində Amerika dövlətinə söz verilmişdi ki, mən bu gün ölkədən buraxılacam. Və həmən gün səhər bu video internetdə buraxıldı. Mən tam əminliklə deyə bilərəm ki, bu, psixoloji təzyiq və məni provokasiyaya çəkmək niyyəti ilə olmuşdu.
Amerikanın Səsi: Bu video ilə bağlı hər hansı hüquqi addım atmaq fikriniz varmı?
Səid Nuri: Bəli, vəkillərlə məsləhətləşmişik, biz həmin hoteli məhkəməyə verməyi planlaşdırırıq. Çünki hotelin adı və tarix məlumdu. Həmin hoteli məhkəməyə verəcəyik.
Amerikanın Səsi: Bu, Amerikada, yoxsa Azərbaycanda baş verəcək?
Səid Nuri: Azərbaycanda baş verəcək.
Amerikanın Səsi: Bir Amerika vətəndaşı kimi Azərbaycana səfər etmək istəyən və ya səfər etməyi planlaşdıran amerikalılara nə məsləhət görərdiniz? Onlara sözünüz nədir?
Səid Nuri: Mən istəmirəm insanları Azərbaycana səfər etmək barəsində qorxudum. Bu, sırf siyasi məsələdir. Yəni burada tək mənim Amerika vətəndaşlığım yox, keçmişdəki siyasi fəaliyyətim də rol oynayır. Sadəcə mən Azərbaycan hakimiyyəti üçün uyğun vaxtı orada oldum. Lakin demək istəyirəm ki, ehtiyatlı olsunlar və bilsinlər ki, onların olduqları hotellərdə kameralar var.