Tehranın Evin zindanında həbsdə olan tanınmış jurnalist Səid Mətinpur güneyli fəalları 20 günə yaxındır həmin həbsxanada aclıq edən təbrizli musiqiçi İsmail Bərzigərini müdafiə etməyə çağırıb. Səid Mətinpurun müraciətində deyilir: “Gec olmamış səsimizi xalqın qulağına çatdırın. Bir sənətçimiz ölüm ayağında. Onun müdafiəsi hamımızın borcudur.”
İsmail Bərzigəri və digər təbrizli sənətçi Rəsul Heydərzadə 2011-ci ilin iyununda Ettelaat məmurları tərəfindən tutulana qədər Azərbaycan Respublikası və İranda musiqi fəaliyyətləri ilə məşğul idilər. İran İnqilab Məhkəməsi iki azərbaycanlı musiqiçini casusluqda günahlandıraraq 7 il həbsə məhkum edib.
Səid Mətinpurun Azərbaycan saytları və ictimai şəbəkələr tərəfindən noyabrın 11-də nəşr edilmiş açıq məktubunda deyilir: “Bərzigəri və Heydərzadə qanun çərçivəsindən eşik yollarla sorğulanıb, sonra mühakimə adlı oyunda cəzalanıblar. Onlar bu ədalətsizliyə [qarşı] təkcə bir silah tapmış; neçə yol aclığa başlayıblar. Özəlliklə İsmail Bərzigəri dəfələrlə aclıq edib. Keçən payızda onun dişləri necəsə sındırılıb... O vaxt, müalicəxanada aclığa son verib zindana qaytarılanda başqasının yardımı olmadan ayaq üstə dura bilmirdi. Bərzigər, öz vəziyyətini zindan məsullarına söyləyib onlardan dərman imkanları istədi... O, məktublar və diləkçələrini cavabsız görüncə, yenidən aclığa başlayıb. 17 gündür yox ətini əridir, gözümüzün önündə solur,” deyə jurnalist əlavə edir.
Səid Mətinpur məktubunda İsmail Bərzigərinin durumuna görə İran İslam Respublikasının məsul olduğunu qeyd edərək, güneyli mədəni fəalları musiqiçini müdafiə etməyə çağırır: “İslam Cumhuriyyəti Dövləti İsmail Bərzigəri və Rəsul Heydərzadəyə görə məsuldur. Bu sənətçilərin başına nə gəlirsə günahı bu dövlətin boynunadır... Biz dövləti tanıyırıq, toplumun gücü olmasa sorumluluğundan qaçacaq. Millətin səsini və gücünü gözləyirik. Azərbaycan sənətçiləri, musiqiçiləri, yazarları və bütün xalqımız balasının səsini eşitməlidir.”