Azərbaycanda vaksinasiya prosesində qanunsuz əməllərlə bağlı cinayət işinin açıldığı deyilir.
Bu barədə aprelin 26-da Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır".
Məlumata görə həmin xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub pul əvəzində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə peyvənd olunmaları barədə saxta sənədlər tərtib etmələrinə əsaslı şübhələr yaranıb: "...cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir".
Rəsmi məlumatda konkret ad çəkilmir. Bu açıqlamaya 18 saylı Birləşmiş şəhər Xəstəxanasının rəhbərliyi və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 313 min 6 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 371 nəfərin vəfat etdiyi bildirilir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyə kimi 1.4 milyon şəxsin peyvənd olunduğu açıqlanıb.Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.