Accessibility links

Saxta spirtli içki istehsal edənlərdən 60000 ədəd müxtəlif əmtəə nişanlı butulka götürülüb


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəni tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirib.

Müəyyən olunub ki, Bakı şəhər sakini Nazim Duşdurovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.

​“Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60 000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb,” məlumatda qeyd edilir.

Ekspertiza zamanı müəyyən edilib ki, sexlərdə hazırlanan spirtli içkilər istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.

Nazirlik bildirir ki, faktla bağlı mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, son aylrada qanunsuz yolla hazırlanan spirtli içkilərin qəbulu nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanalara çoxsaylı insanlar müraciət edib, bir neçə nəfər isə ölüb.

Bir neçə gün öncə polis saxta spirtli içki hazırlayan bir dəstəni də həbs edib.

Yanvarın 9-da baş prokuror Zakir Qaralov bildirib ki, saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG