Azərbaycanda hava limanında sərnişinlərə saxta COVID-19 arayışı satan şəxslərə qarşı cinayət işi başlanılıb.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına görə, ölkədəki “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiyanın Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluq bildirir ki, fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanılıb.
Xatıraldaq ki, bir neçə gün öncə yerli mediada Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.