Rusdilli əhalinin Nyu-Yorkda daha çox olmasına baxmayaraq, ruslar məhz San-Fransiskonu Amerikanın rus şəhəri adlandırırlar.
“Rus təpəliyi” San-Fransiskonun ən yüksək nöqtəsidir ki, şəhərin əsas burada qoyulub. Tarixçi Andrey Zabeqalin XIX əsrin ortalarında, “Qızıl axını” dövründə burada kiçik qəbristanlığın aşkar edildiyini deyir. Onun sözlərinə görə, dənizçilərin və Alyaskanın Rusiya-Amerika Şirkətinə çalışanların bu qəbiristanlıqda dəfn edildiyi guman edilir. İllər sonra bu qəbristanlıq başqa yerə köçürülüb.
San-Fransiskoda buna bənzər simvolik nöqtələr çoxdur. Burada Rus Pravoslav Kilsəsinin ABŞ-ın qərb sahilindəki ən iri kilsəsi olan Müqəddəs Ana Kafedralı yerləşir. Eləcə də burada Rusiya patriarxı Tixonun dua etdiyi “Müqəddəs Üçlük Kilsəsi”-ni görə bilərsiniz. Kilsəyə zəngi Rusiya imperatoru III Aleksandr bağışlayıb. “Bu, San-Fransiskoda 1857-ci ildə təməli qoyulan ilk kilsədir ki, rus mühacirlərinin ilk axını zamanı onların həyatında böyük rol oynayıb. İkinci axın isə 1917-ci ildən sonra başlayıb” deyə. Andrey Zabeqalin bildirir.
San-Fransisko Boğazına gələn ilk rus mühacirləri özləri ilə yeni yaradıcı enerji gətirdi. Bu mühacirlər haqda hekayələri şəhərdəki “Rus Mərkəzi”ndə eşitmək olar.
Qərb sahilinin ən böyük “Rusiya Mədəniyyəti” müzeyinin yerli direktoru İv Frankienin dediyinə görə, bu muzey özündə rusların bir neçə nəslinin tarixini əks etdirir. “Bu milli muzeyə dünyanın hər yerindən ruslar özlərinə və ailələrinə məxsus əşyalar ianə edib. Burada rusların Bolşevik inqilabından əvvəlki və sonrakı həyatları, eləcə də onların 1920-ci illərdə San-Fransiskodakı həyatları əks etdirilir.”
Hazırda San-Fransiskoda on minlərlə rusdilli insan yaşayır. Rus mərkəzində uşaq bağçası, idman, rəqs, balet sinifləri fəaliyyət göstərir ki. rusdilli əhali bura uşaqlarını və rus dilində danışmayan qonşularını, tanışlarını gətirə bilir.
Bütün mədəniyyətlərı açıq qucaqla qarşılayan okean mehli bu şəhər Amerikanın etnik baxımdan rəngarəng mahiyyətini əks etdirir.