Accessibility links

Saleh Rüstəmli quru aclığı davam etdirir


Həbsxanada 40 gündür aclıq edən, dekabrın 13-dən quru aclığa keçən Saleh Rüstəmlinin səhhəti ağır olaraq qalır.

Müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bu gün, dekabrın 15-də dörd saatdan çox onun müalicəsi ilə məşğul olub.

Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Rüstəmli quru aclığı davam etdirir.

“Biz, həkimlər ondan aclığı dayandırmasını xahiş edirik. Ancaq aclığı dayandırıb-dayandırmamaq onun iradəsinə aiddir. Saleh Rüstəmlinin iradəsinin əleyhinə hər hansı addım atılmır.”

Həkimin dediyinə görə, Saleh Rüstəmliyə dəstək müalicəsi davam etdirilir.

“Onun qan təzyiqinin normada qalması, bədənindəın mayenin azalmamasına çalışırıq. Kifatyət qədər çəki itirməsinə baxmayaraq, anlaqlıdır, huşu və danışığı yerindədir,” o qeyd edib.

Tibb elmləri doktoru Rüstəmlinin mülki xəstəxanaya köçürülməsi təklifi ilə çıxış edib.

“Bu barədə qərarı müvafiq orqanlar verməlidir. Amma hələ cavab yoxdur,” o deyib.

Adil Qeybulla sabah, dekabrın 16-da da Rüstəmliyə dəstək müalicəsinin davam etdiriləcəyini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb, dekbarın 13-də quru aclığa keçib, maye qəbulundan imtina edib. Rüstəmli quru aclığa keçən zaman onun ailə üzvləri və fəallar dəstək üçün aclığa başladıqlarını elan edib. Fəallar aclığı 3-cü gündür davam etdirir.

XS
SM
MD
LG