Accessibility links

Məhkəmə Saleh Rüstəmovu vaxtından əvvəl azadlığa buraxmayıb


Saleh Rüstəmov
Saleh Rüstəmov

Martın 3-də Bakının Nizami Rayon Məhkəməsi siyasi məhbus kimi tanınan Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatəti təmin etməyib.

2021-ci il dekabrın 6-da Rüstəmovun vəkilləri uzun sürən aclıq nəticəsində onun səhhətinin kəskin pisləşməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatət qaldırıblar. İş hakim Nəriman Mehdiyevin icraatına verilib. O vaxtdan bəri cəmi bir dəfə - dekabrın 30-da iclas keçirilib və ekspertiza təyin edilib.

Növbəti iclas martın 3-də keçirilib və bu barədə vəkil Bəhruz Bayramova son anda məlumat verilib. Vəkil Bakıdan 360 kilometr uzaqda, Gəncə şəhərində başqa prosesdə olması ilə əlaqədar iclasın vaxtının dəyişdirilməsini xahiş edib. Hakimin köməkçisi bildirib ki, iclas martın 10-na keçiriləcək. Ancaq, işə vəkilin iştirakı olmadan martın 3-də baxıblar.

Martın 4-də Rüstəmov yaxınlarına zəng edərək deyib ki, məhkəmə keçirilib və onu azad etməkdən imtina ediblər.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

O həmçinin deyib ki, Ali Məhkəmənin Plenumu da doğmalarının və ictimaiyyətin çoxsaylı müraciətlərinə baxmayaraq Rüstəmovun vaxtından əvvəl azad edilməsi barədə müraciəti təmin etməyib.

Öz növbəsində, Nizami rayon Məhkəməsi məhkəmənin qərarı ilə bağlı şərh verməyib.

"Hakimin qərarı şərh edilmir. Razı olmayan tərəf yuxarı məhkəmə instansiyasına şikayət verə bilər," məhkəmənin dəftərxanasından Amerikanın Səsinə deyiblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlı iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. 2021-ci il noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edib, 44-cü gündən sonra aclığı dayandırıb. Saleh Rüstəmov Əbülfəz Elçibəyin prezidentliyi dövründə, 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. Sonradan o Rusiyaya köçüb.

XS
SM
MD
LG