“İslam Respublikası müxaliflərə göstərmək istəyir ki, biz burada olmasaq İran dağılacaq və xaos olacaq. Yəni bir şəkildə təhdid edir ki bizimlə anlaşacaqsınız,” deyə, Saleh İldırım İran hakimiyyətinin daxili böhranla qarşı-qarşıya olduğunu ifadə edir.
Qeyri-fars millətlərdə milli azadlıq hərəkatları və toplumda iqtisadi sıxıntılardan narazılığın səviyyəsi o qədər yüksəkdir ki, rejim əlavə olaraq xarici konfliktlə baş edə bilməz.
Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Amerikanın Səsi ilə söhbətdə İran toplumunun müxtəlif kəsimlərində hakimiyyətdən narazılığın ən yüksək həddə çatdığını bildirir.
Saleh İldırımın dediklərinə görə, prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarından sonra “sanksiyaların bərpa edilməsi İranı başqa bir anlaşmaya getməyə məcbur edəcək. İran hərbi vəziyyətə daxil olmamaq üçün boyun əyəcəkdir.”
“Bir tərəfdən qeyri-fars millətlərin milli azadlıq hərəkatları, digər tərəfdən də toplumda iqtisadi sıxıntılardan narazılığın səviyyəsi o qədər yüksəkdir ki, rejim əlavə olaraq xarici konfliktlə baş edə bilməz,” deyə o ifadə edir.
GAİP-ın sədri İran hakimiyyətinin qeyri-fars cəmiyyətlərin razılığını cəlb edə bilməyəcəyini və artıq bunun üçün çox gec olduğunu önə çəkir:
İslam Respublikası müxalif qruplara göstərmək istəyir ki, biz burada olmasaq, İran parçalanacaq.
“İranda hakimiyyət və qeyri-fars millətlər arasında artıq barış ola bilməz. Şovinizm o mərhələdən keçmiş... ümumiyyətlə hakimiyyətin daxildə legitimliyi qalmamış. Öz içində də birlik yoxdur. Bu düzəldilə biləcək durum deyil.”
O, deyir ki, “bu vəziyyətdə, İslam Respublikası müxalif qruplara göstərmək istəyir ki, biz burada olmasaq, bu millətlər İranı parçalayacaq. Burada xaos çıxacaq. Ya da, onların dediklərinə görə, Suriya şəraiti yaranacaq. Yəni müxalifləri bir şəkildə təhdid edirlər ki, bizimlə anlaşacaqsınız.”