Accessibility links

Saleh İldırım: Azərbaycan Milli Höküməti yerli bir problemin yerli çözümü idi [Audio-Müsahibə]


saleh ildırım
saleh ildırım

Saleh İldırım bu gün Yaxın Şərqdə baş verən olaylara işarə edərək yaşanan böhranın dərinləşməsi ilə 1945-ci ildə olduğu kimi İran Azərbaycanında yeni bir dövlətin qurulması üçün lazımi şəraitin yarana biləcəyini ifadə edir. Onun dediklərinə görə, hazırda Rusiya və İranın Qərbə qarşı ittifaq içində olması Rusiya və İranın mərkəzi hökümətinin zəifləməsi ilə nəticələnə bilər.

Saleh İldırım Milli Hökumətin irsi haqda danışır
please wait

No media source currently available

0:00 0:17:26 0:00

Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Amerikanın Səsi ilə söhbətdə 1945 dekabrın 12-də güneydə qurulmuş qısa ömürlü Azərbaycan Milli Hökümətinin 70-ci ildönümündə bu hökümətin mahiyyəti və onun qurulmasına yol verən şərait haqqında danışıb.

Saleh İldırım milli hökümətin İran mərkəzi hakimiyyətinin zülm, təhqir və basqılarına qarşı Azərbaycan əhalisinin üsyanı nəticəsində yarandığını deyir:

Pişəvəri demişdi ki, əgər Tehran irtica siyasətlərinə davam edərsə biz yolumuza Tehransız davam edəcəyik.
Saleh İldırım

“Milli Hökümət əslində Qacar türk dövlətinin çevrilişindən sonra Rza Şah Pəhləvi dönəmindən başlayan basqı, təhqir və ayrı-seçkiliyə qarşı təbii bir üsyan idi. Xalqın üsyanı idi ki, şəhid Pişəvərinin rəhbərliyi ilə formalaşdı və Azərbaycan Milli Höküməti quruldu. İran siyasətçilərinin təbliğatının əksinə, bunun xaricdən olduğunu göstərməyə çalışırlar, Azərbaycan Milli Höküməti yerəl bir sorunun yerəl bir çözümüydü.”

Qısa ömürlü olmasına baxmayaraq Milli Hökümətin önəmli müvəffəqiyyətlərə imza atdığını önə çəkən İldırımın sözlərinə görə, “milli hökümət qısa zamanda o qədər inkişaf etdi ki, bölgənin birinci demokratik dövləti oldu. İnsan haqları, türk dilində məktəblərin açılması, elmin inkişafı, təhlükəsizliyin təmin edilməsi [baxımından].”

Milli Məclis - Azərbaycan Milli Höküməti
Milli Məclis - Azərbaycan Milli Höküməti

Milli Hökümətin lider Seyyid Cəfər Pişəvərinin istiqlal məfkürəsinə sahib olduğunu irəli sürən Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü hökümət daxilinə nüfuz edən bəzi kommunist qruplar, o cümlədən Tudə Partiyasının üzvlərinin bu məfkürənin parlamasına yol vermədiklərini ifadə edir.

“Pişəvəri seçkilər üçün Azərbaycana gələndə Azərbaycanın dərdini anladı və o zamandan bəri Azərbaycan əhalisini bu işğaldan, bu zülmdən qurtarmaq üçün çalışdı... Pişəvərinin istiqlal məfkürəsinin parlamasına, o istiqamətə getməsinə icazə vermədilər... Pişəvəri demişdi ki, əgər Tehran irtica siyasətlərinə davam edərsə, biz yolumuza Tehransız davam edəcəyik,” deyə o qeyd edir.

İran siyasətçilərinin təbliğatının əksinə, ki bunun xaricdən olduğunu göstərməyə çalışırlar, Azərbaycan Milli Höküməti yerəl bir sorunun yerəl bir çözümüydü.
Saleh İldırım

Kanadada yaşayan diaspor fəalı bu gün bölgədəki siyasi atmosfer və hərbi ittifaqların 1945-46 illərindəki ilə fərqli olduğuna baxmayaraq İran Azərbaycanında yeni bir dövlət qurulması üçün təkrar lazımi şəraitin yarana biləcəyindən söz açır.

Saleh İldırım habelə hazırda bölgədə baş verən olaylar və siyasi böhranlar haqqında danışır. Onun söylədiklərinə görə, bu böhranların dərinləşməsi Rusiya və İran hakimiyyətlərinin zəifləməsi ilə nəticələnə bilər. “Belə durumda isə Azərbaycan Milli Hərəkatının dövlət qurmağa şansı olacaqdır.”

O, Yaxın Şərqdə yaşanmaqda olan böhran, İran-Rusiya ittifaqı və dünyanın böyük güclərindən əlavə bir bölgə gücü olaraq Türkiyənin də yeni mövqeyinə diqqət çəkir. Saleh İldırım həmçinin İranın daxilindəki siyasi durumu dəyərləndirərək “sadəcə Azərbaycan vilayətlərində deyil, qeyri-fars millətlərin yaşadığı bütün bölgələrdə milli təfəkkürün güclənməkdə olduğunu” vurğulayır.

XS
SM
MD
LG