"Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir.''
Bu sözləri Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva “İnstagram” hesabında "Salaam Cinema" ətrafında baş verən məsələlərə münasibətdə bildirib.
"Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır."
Mehriban Əliyeva qeyd edib ki, ölkənin mədəni irsinə xələl gətirilməməsindən ötrü bütün lazımi tədbirlər görülür.
Öz növbəsində "Salaam Cinema"nın həmtəsisçisi İlkin Hüseynov bunları deyib: "Yəqin ki, təxirə salınıb. Bura qorunacaq. Buranın sökülmə təhlükəsi yoxdur, mənə elə gəlir. Bundan sonra, bizdə, hələ çox məlumat yoxdur. Rəsmi məlumat çıxmayıb. Biz onu gözləyirik. Bu gün bizi məlumatlandıracaqlar. Bundan əlavə, bizi maraqlandıran buranın gələcək taleyidir. İctimaiyyətin hüququ var ki, buranın taleyi barədə açıq məlumat alsın," o qeyd edib.
Bir neçə gün idi ki, Bakıda Süleyman Rüstəm küçəsi, 10 ünvanındakı qədim binada yerləşən "Salaam Cinema" həvəskar kino klubun binadan çıxarılma təhlükəsi yaranıb. Gənclər bunun ardınca binanın söküləcyindən ehtiyat edir.
Belə ki bir qrup gəncin təsis etdiyi “Salaam Cinema Baku” kino klubuna mayın 6-da polis və icra hakimiyyəti işçiləri daxil olub. Mülkün sahibi əvvəl razılıq versə də, sonra gənclərin binanı tərk etməsini tələb edib.
Bu zaman onlara qarşı güc tətbiq edilib. Bir neçə nəfər xəsarət alıb.
Fəallar binanın qəzalı vəziyyətdə olması barədə rəy verilməsini tələb edir. Onlar bildirirlər ki, nə qədər ki dövlət orqanları məsələyə aydınlıq gətirməyib və binanın saxlanmasını təmin etməyiblər binanı tərk etməyəcəklər.
Bina ətrafında münaqişəli vəziyyətin yaranması ilə əlaqədar Avropa İttifaqının nümayəndəliyinin rəhbəri, səfir Kəstutis Yankauskas və onun müavini Denis Daniilidis hadisə yerinə gəlib. Onlar "Salaam Cinema Baku"nun nümayəndələrini dinləyib.
“Salaam Cinema Baku” kino klubunun yerləşdiyi tarixi binanın söküləcəyindən narahat olan gənclər ərazini tərk etmir. Onlar gecə-gündüz burada keşik çəkir. Axşamlar gənclər müxtəlif müsiqi proqramları təşkil edir, teatr tamaşaları göstərir.
"Salaam Cinema Baku" adlı kino klubun binada fəaliyyət göstərməsi ilə bağlı müqaviləsi yoxdur. Varsa, göstərsinlər. Biz onların nümayəndəsi ilə heç bir müqavilə bağlamamışıq, binaya özbaşına giriblər."
Bu barədə Report agentliyinə bina sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.
O bildirib ki, həmin şəxslər mühafizə xidmətinin məsuliyyətsizliyi ucbatından orada fəaliyyət göstərib: "Heç bir müqavilədən söhbət gedə bilməz. Bina şəxsi mülkiyyətimizdədir, ən qısa zamanda məhkəmə yolu ilə oradan çıxarılacaqlar. Teatrın orada fəaliyyət göstərməsi qanunsuzdur. Bina sökülməyəcək, restavrasiya ediləcək və istifadəyə veriləcək. Ona görə də binanın sökülməsindən söhbət gedə bilməz."
Əhmədov qeyd edib ki, binanın birinci mərtəbəsi ofis, ikinci və üçüncü mərtəbəsi isə rəsm qalereyası ola bilər: "Bununla bağlı tam qərar verilməyib."
Bina 1913-cü ildə molokanların ibadət evi kimi inşa edilib. Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib. Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub. Son vaxtlar "Salaam Cinema"nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirdi.