Bakıda Süleyman Rüstəm küçəsindəki qədim binada yerləşən "Salaam Cinema" həvəskar kinoteatrın binadan çıxarılması təhlükəsi var.
Bir qrup ictimai fəal kinoteatrın binadan çıxarılmasından sonra binanın söküləcəyindən ehtiyat etdiyindən mayın 6-da qədim binanın qarşısına toplaşıb.
Bina 1913-cü ildə molokanların ibadət evi kimi inşa edilib. Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib. Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub. Son vaxtlar "Salaam Cinema"nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirdilər.
Bir ay öncə sosial şəbəkələrdə məlumat yayıldı ki, bina söküləcək. İstifadəçilər ictimaiyyəti binanın qorunmasına, memarlıq abidəsinin sökülməsinə yol verməməyə çağırmağa başladılar. Bu gün binaya polis əməkdaşları gəlib. Onlar binanın hansısa özəl mülkiyyətçisinin nümayəndələri müşayiət edib. Bu hadisənin baş verdiyi vaxt binada Avropa "İmagine" festivalı çərçivəsində seminar keçirilib. Bu zaman polis və mülkiyyətçinin nümayəndələri binanın boşaldılmasını tələb edib. Lakin "Salaam Cinema"nın nümayəndələri binanın sökülməsindən ehtiyat edərək bunu etməyib. Onlara qarşı güc tətbiq edilib. Bir neçə nəfər xəsarət alıb. Bundan sonra polis və digər dövlət orqanlarının nümayəndələri danışıqlara başlayıb və inandırmağa çalışıblar ki, bina sökülməyəcək, ancaq onu boşaltmaq lazımdır, çünki qəzalı vəziyyətdədir.
Fəallardan biri deyib ki, onlara rəsmi sənəd təqdim edilməlidir ki, tarixi əhəmiyyətli bina məsələsi araşdırılacaq. Həmçinin fəallar binanın qəzalı olması barədə rəy verilməsini tələb ediblər. Onlar bildiriblər ki, nə qədər ki, dövlət orqanları məsələyə aydınlıq gətirməyib və binanın saxlanmasını təmin etməyiblər, binanı tərk etməyəcəklər.
Bina ətrafında münaqişəli vəziyyətin yaranması ilə əlaqədar Aİ nümayəndəliyinin rəhbəri, səfir Kəstutis Yankauskas və onun müavini Denis Daniilidis hadisə yerinə gəliblər. Onlar "Salaam Cinema" nümayəndələrini dinləyiblər. Lakin diplomatlar KİV üçün şərh verməyiblər.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi bildirib ki, bina tarixi abidələr siyahısına daxil deyil.
“Lakin məsələ nəzarətə götürülüb və Dövlət Xidməti binanın tarixi dəyərini öyrənəcək. Əgər tarixi abidə kimi tanınarsa, heç bir halda sökülməyəcək və tarixi görünüşünə xələl gətirilməyəcək, hətta özəl mülkiyyət də olsa belə”, o qeyd edib.