Accessibility links

Təbrizli uşaq haqları fəalı 5 il həbsə məhkum edilib


Səid Şirzad
Səid Şirzad

Səid Şirzadı Tehran İnqilab Məhkəməsi mühakimə edib

Keçən ilin iyun ayında nəzarət altına alınmış və hazırda Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan təbrizli uşaq haqları fəalı Səid Şirzadın Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edildiyi bildirilir.

İranın insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən, Səid Şirzad “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də təqsirli bilinib.

Amnesty International-ın “vicdan məhbusu” adlandırdığı fəal ötən ilin iyun ayının 2-də Təbrizdəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb və daha sonra Tehranın Evin həbsxanasına, oradan isə Kərəcdəki Rəcayi-şəhr zindanına göndərilib.

HRA Səid Şirzadın 15 ay həbsdən sonra ilk dəfə təqribən iki həftə öncə mühakimə edildiyini qeyd edib.

Amnesty International keçən ilin oktyabr ayında yaydığı bəyanatda fəal haqqında belə yazıb:

“Hüquq müdafiəçisi Səid Şirzad siyasi məhbuslar və onların ailələri ilə təmas qurmaq, habelə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsinin ofisi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. O, bir vicdan məhbusudur və sadəcə insan haqları üzrə apardığı dinc fəaliyyətlər səbəbilə nəzarət altına alınıb”.

Şirzad keçmişdə də həbs və mühakiməyə məruz qalıb. O, 2012-ci ilin avqustunda İran Azərbaycanının Qaradağ bölgəsində baş verən zəlzələdən sonra əhaliyə yardım məqsədi ilə bölgəyə getdiyi zaman bir neçə digər fəalla bərabər həbs edilərək 19 gün nəzarətdə saxlanmışdı.

XS
SM
MD
LG