İran İslam Respublikasının məhkəmə sistemi başqanı Ayətullah Sadıq Laricani medianın məhkəmə prosesi və aclıq aksiyası kimi mövzulara dair gündəm yaradaraq basqı atmosferi təşkil etməsinin qanun pozuntusu olduğunu bildirib.
Son vaxtlar İranda aclıq aksiyası başladaraq üzləşdikləri basqılara etiraz edib və ya müəyyən tələblər irəli sürən siyasi məhbusların sayı kəskin artıb.
Biz mediada gündəm yaradıb basqı atmosferi təşkil etməklə istədiklərini əldə eədəcəyini düşünənlərə imkan verməyəcəyik. ..Ayətullah Sadıq Laricani
Keçən ilin oktyabr ayının 25-də Təbriz Mərkəzi Zindanında azadlıq tələbi ilə aclığa başlayan türk fəal Murtaza Muradpur aksiyasını 65 gün davam etdirdi. O, aclıq aksiyasına son verdikdən bir gün sonra sərbəst buraxıldı.
Həmçinin son vaxtlar aclıq aksiyası keçirən Mehdi Kuxiyan, Əli Şəriəti və Səid Şirzad kimi siyasi məhbuslar haqqında xəbərlər mətbuatın gündəmində olub.
Ölkə daxilində fəaliyyət göstərən və ya rəsmi təmsilçiləri mövcud olan media qurumları qanuni məhdudiyyətlər üzündən adətən İranda insan haqları pozuntularına dair məlumat yaya bilmirlər.
Məhkəmə sistemi başqanı deyib ki, “biz mediada gündəm yaradıb basqı atmosferi təşkil etməklə istədiklərini əldə edəcəyini düşünənlərə imkan verməyəcəyik. Onlar belə düşünür ki, aclıq aksiyası, ya da bu kimi mövzulara dair gündəm yaratmaqla məhkəmə hökmünün icra prosesinə təsir göstərə bilərlər. Halbuki onların bu işləri qanun pozuntusu olmaqla bərabər bu proseslərdə hər hansı bir dəyişikliyə səbəb ola bilməz.”