Accessibility links

Sabit Bağırov: Dövlət müəssisələrinin subsidiyalaşdırılmasından əl çəkilməlidir


Noyabrın 5-də prezident İlham Əliyevin fərmanı ilə bir sıra dövlət qurumlarının idarəedilməsi bu ilin avqustunda yaradılmış Azərbaycan İnvestisiya Holdinqinə verilib.

Həmin qurumların sırasına Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azər-Türk Bank”AAS, “Azəristiliktəchizat” ASC, “Təmiz Şəhər” ASC daxildir.

Bura habelə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Aztelekom” MMC, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC və Dövlət Sığorta Kommersiya Şirkəti də aiddir.

İnkişafına yardım Fondunun rəhbəri, Dövlət Neft Şirkətinin(SOCAR) kermiş prezidenti Sabit Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib ki, iri büdcəli dövlət şirkətlərinin idaretməyə verilməsi səmərəliliyi artıracaq. Onun sözlərinə görə, 2016-cı ildən başlaraq iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması üçün prezident və Nazirlər Kabineti bir sıra sənədlər imzalayıb.

Nazirlər Kabinetinin 2019-cu il qərarında iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması üçün bir çox qeydlər əksini tapıb.

Ciddi islahatlar aparılmalıdır. Biz geri qalırıq. Hətta qonşulardan geri qalırıq.
Sabit Bağırov, SOCAR-ın keçmiş prezidenti

“Həmin qərara əsasən müəyyən qaydalar təsdiq edilib. Burada korporativ idarəetmənin tətbiqi, iqtisadi göstəricilərin siyahısı və həmin göstəricilərin qiymətləndirmə metodologiyası, iri dövlət müəssisələrində rəhbərlikdə fəaliyyət göstərən insanlar üçün müəyyən bonusların verilməsi qaydaları qeyd olunub.”

Ekspert hesab edir ki, indiki halda bir çox iri dövlət müəssisələri dövlət büdcəsainə gəlir gətimək əvəzinə dövlət büdcəsindən qidalanır.

“Müxtəlif subsidiyalardır, bundan başqa dövlət zəmanəti ilə kreditlər, o cümlədən xarici kreditlər əldə edirlər. Dövlət müəssisələrinin çox böyük həcmdə borcları var. Buradan da görünür ki, səmərəlilik mütləq artırılmalıdır.”

Bağırovun fikrincə, qabaqlar, yəni neft qiymətləri yüksək olanda dövlət müəssislərinin səmərəsizliyi sanki yükəsk neft gəlirlərinin çətiri altında kompensasiya edilirdi.

“2014-cü ildən neft qiymətləri endi, 2015-ci ildən iqtisadiyyatda müəyyən çətinliklər yarandı. Dövlət büdcəsinin gəlir hissəsində müəyyən çətinliklər yaranandan sonra islahatlar barədə qərarlar qəbul edildi, həmçinin iri dövlət müəssisələrinin səmərəliliyi problemi gündəmə çıxdı.”

Ekspert hesab edir ki, iri dövlət müəssisələrinin dövlətsizləşdirilməsi istiqamətində mütləq addımlar atılacaq.

“Çünki başqa yol yoxdur. Dünya praktikası da bunu göstərir. Dövlət müəssisəsi sovet dövrünə aid bir məfhumdur. Deyək ki, dövlət müəssisəsi, məsələn Dövlət Neft Şirkəti, o yaxın zamanda səhmdar cəmiyyətə çevirilməlidir. Əvvəlcə səhmlərin yüz faizi dövlətdə olacaq. Onun mühasibatlığı,maliyyə hesabatlılığı beynəlxalq standarta uyğun gələndən sonra həmin Dövlət Neft Şirkətinin kapitalizasiyasını qiymətləndirmək mümkün olacaq. Bu da imkan verəcək ki, səhmləri fond birjalarına, o cümlədən beynəlxalq birjalara çıxarılsın.Necə ki, Lukoil-in, KazMunayGaz-ın səhmləri birjalara çıxarılır. Biz bu sahədə çox geri qalmışıq. Qeyd edim ki, son illərin qərarları çox müsbətdir. Sadəcə onların icrası mütləq olmalıdır. Əgər rəhbərlik buna diqqət vermirsə, o rəhbərlikdən azad olunmalıdır.”

Ekspert AZAL-ın tərkibindəki hava limanlarının səmərəliliyinin artırılması yolları ilə bağlı sualın cavabında deyib ki, ilk növbədə aeroportlar AZAL-ın tabeçiliyindən çıxarılmalıdır.

“Aeroportlar ayrıca müəssisə olmalıdır. Ayrıca müəssisə kimi aeroportlar xarici şirkətlərin idarəçiliyinə verilə bilər,” o qeyd edib.

“Dəmir Yolları”na gəlincə Bağırobv hesab edir ki, dəmir yolları dövlət mülkiyyətində qalmalıdır.

“Amma daşınmalarda müxtəlif şirkətlər iştirak edə bilər ki, rəqabət mühiti yaransın, qiymətlər bazar prinsiplərinə uyğun olsun. Eyni zamanda, bu hallar üçün həm AZAL-da, həm də “Dəmitr Yolları”nda ciddi instisional islahatlara ehtiyac var.”

Ekspertin fikrincə, qərarlar yerinə yetirilərsə və ciddi nəzarət olarsa idarəetməyə verilən dövlət müəssisələri səmərəli işləyəcək.

“Hansı sahibkar gəlir gətirməyən müəssisəni saxlayar? O, gəlir gətirməyən müəssisəni satacaq. Amma bizim dövlət gəlir gətirməyən müəssisəni on illərlə subsidiyalaşdırır. Bu praktikadan əl çəkmək lazımdır,” o qeyd edib.

Bağırov həmçinin təbii inhisarçılıqdan da can qurtarmağın lazımlılığını bildirib.

“Bunlar bugünkü tələblərə cavab vermir. Bunlardan can qurtarmaq laızmdır. Ciddi islahatlar aparılmalıdır. Biz geri qalırıq. Hətta qonşulardan geri qalırıq. O cümlədən “Azəreneji”-də ciddi islahatlara ehtiyac var. Altı mühüm qanun layihələri var ki, iki-üç ildir masa üzərindədir, amma qəbul edilmir. Enerji bazarı yaradılmalıdır,” İnkişafa yardım Fondunun prezidenti qeyd edib.

XS
SM
MD
LG