Accessibility links

Sabir Vəliyev: Əkin altındakı 1,6 milyon hektar torpaqdan 1 milyon hektarı şoranlaşıb


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev Amerikanın Səsi radiosuna müsahibəsi

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev Amerikanın Səsi radiosuna müsahibəsində əkin altında olan torpaqların böyük hissəsinin şoranlaşdığını, kollektor-drenaj sistemlərinin işləmədiyini, gübrə istehsalının olmadığını bildirib.

Sual: Kənd Təsərrüfatı Nazirliyi bu günlərdə Əkinçilik İnstitutunda toxumçuluqla bağlı geniş müşavirə keçirib. Müşavirənin əsas məqsədləri nə idi?

Cavab: Əsas məqsəd toxumçuluq və seleksiya işləri ilə bağlı alimlərin fikrini öyrənmək və mövcud durumu təhlil etmək idi. Burada son dövrlər seleksiya sahəsində aparılan işlərin nəticələri müəyyənləşdirildi, sortların, xüsusən buğda sortlarının Azərbaycanın müxtəlif torpaq və iqlim şəraitinə uyğunlaşdırılması müzakirə edilib. Azərbaycanın ən önəmli işi əhalinin buğdaya olan tələbatının ödənilməsidir.
Hazırda respublika üzrə bir hektar torpaqdan buğdanın orta məhsuldarlığı 25,4 sentnerdir. Bununla yanaşı, ayrı-ayrı fermerlər, təcrübə təsərrüfatları və elmi-tədqiqat sahələrində hər hektarın məhsuldarlığını 60-70, hətta 80 sentnerə çatdırılır. Bu fərqin səbəblərini araşdırmaq üçün alimlərə çoxsaylı suallar verildi. Fikrimcə, alimlər də birtərəfli yanaşaraq deyiblər ki, 50 aqrotexniki tədbirlərdən yalnız bir neçəsi yerinə yetirilir. Bu bir səbəbdir. Amma çoxlu obyektiv və subyektiv səbəblər var. Məsələnin əsas məğzi ondan ibarətdir ki, Azərbaycanda əkin altında olan 1,6 milyon hektar torpaqdan 1 milyon hektarı müxtəlif dərəcədə şoranlaşıb, 400 min hektara yaxın torpaq isə şorakətləşib. Əlbəttə, müxtəlif duzların təsirinə məruz qalmış torpağa hansı yüksək keyfiyyətli toxum səpsən də belə məhsuldarlıq aşağı düşür. Elə rayonlar var ki, məhsuldarlıq hər hektardan 30-35 sentnerdir, bəzi fermerlər isə 60-70 sentner buğda götürsə də şoranlaşmış torpaqlarda məhsuldarlıq 10-15 sentner təşkil edir. Eyni zamanda bəzi rayonlarda, o cümlədən, Lənkəran, Astara, Lerik, Yardımlıda hər istehsalçının 0,7-0,8 ha torpağı var ki, həmin sahəyə hər il taxıl əkir, bu da məhsuldarlığın azalmasına səbəb olur.

Sual: Vəziyyətdən çıxış yolları nədir?

Cavab: Əlbəttə, vəziyyətdən çıxış üçün müxtəlif fikirlər var. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik İdarəsi tədqiqatlar aparıb. Müəyyən edilib ki, ilk öncə torpaqların münbitliyi qorunmalıdır. Şoran və şorakət torpaqlar münbit hala gətirilməlidir. Aqrokimyəvi laboratoriyaların maddi-texniki bazası möhkəmləndirilməlidir ki, torpağın qida maddələri ilə təmin olunma dərəcəsini müəyyən etsin ki, torpağa veriləcək gübrənin normasını müəyyən etsin. Azot, fosfor, kaliumun miqdarı müəyyən edildikdən sonra meliorativ tədbirlərlə yanaşı, torpaqlara lazım olan mineral kübrələr verilməlidir. Azərbaycanın əkin sahələrinin 950 min ton mineral kübrəyə ehtiyacı var. Bunun 450 min tonunu fosfor, 340 min tonunu azot, 160 min tonunu isə kalium kübrəsi təşkil edir.

Sual: Torpaqlarda şoranlaşmanın qarşısı alınıb, yoxsa əksinə şoranlaşma davam edir?

Cavab: Azərbaycan hökuməti hər il meliorativ tədbirlərə vəsait ayırır. Xüsusilə, dövlət büdcəsindən “Azərsutikinti” Səhmdar Cəmiyyətinə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə hər il müəyyən miqdarda vəsait ayrılır.
Bilirsiniz ki, ötən əsrin 60-70-ci illərində çox böyük meliorativ tədbirlər həyata keçirilirdi. Hər il 70 min hektardan çox qeyri-sabit sahələr meliorativ tədbirlər nəticəsində yenidən dövrəyə qaytarılırdı.
Amma, 1988-ci ildən başlayaraq torpaqların şoranlaşması artmağa başlayıb və müxtəlif tədbirlər görülməsinə baxmayaraq bu proses bu gün də dayanmayıb.
Sovet dövründə həm kollektor-drenaj sistemləri ilə torpaqlardakı duzlar yuyulurdu, həm də paralel olaraq şorakət torpaqlar gipsləşdirilirdi. Son illər demək olar ki, gipsləşdirmə prosesi getmir, yalnız şoranlığa qarşı mübarizə aparılır. İkincisi, kollektor-drenaj sistemi başlı-başına buraxılıb. Əvvəllər bu sistemə kolxoz, sovxoz təsərrüfatları və dövlət tərəfindən nəzarət olunurdu, amma torpaqların özəlləşdirilməsi işləri ləngitdi. Sistemin bərpası üçün külli miqdarda vəsait və bir neçə il vaxt lazımdır.

Sual: Azərbaycan prezidentinin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərarı var. Maraqlıdır ki, qonşu İranda hər hektardan 80 sentnerədək, şimal torpağı olan Kanadada hər hektardan 100 sentnerədək taxıl istehsal edildiyi halda Azərbaycanda hektarın məhsuldarlığı cəmi 25,4 sentner təşkil edir.
Məhsuldarlığın artırılması üçün hansı tədbirlər görülməlidir?

Cavab: Məhsuldarlığın az olmasının bir çox obyektiv və subyektiv səbəbləri var. Sovetlər dövründə Azərbaycan cəmi 300-400 min ton taxıl istehsal edirdi. Son illər qəbul edilmiş “Yoxsulluğun aradan qaldırılması tədbirləri haqqında”, “Regionların sosial-iqtisadi inkişafı haqqında”, “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı haqqında” və digər Dövlət proqramlarının hamısında maliyyə-kredit dəstəyinin, meliorativ tədbirlərin aparılması, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı bəndlər var. Amma, əksər hallarda bu tələblər yerinə yetirilmir. Doğrudur son dövrlər dövlət orijinal və məhsuldar toxumların alınmasına vəsait və toxumçuluğun inkişafı üçün subsidiyalar ayırıb. Bu toxumçuluğun inkişafına müəyyən təkan verib.
Kənd Təsərrüfatı Nazirliyi toxumçuluq və tingçiliklə məşğul olan beynəlxalq elmi nailiyyətləri olan təşkilatlarla əməkdaşlıq edir. Toxumçuluq və tingçilik təsərrüfatları yaradılıb. Amma, torpağın münbitliyindən başlayaraq yaxşılaşdırılması prosesi uzun müddət tələb etdiyinə görə, hələ ki bu sahədə böyük nailiyyət əldə edə bilmirik. İkinci tərəfdən, ölkədə kübrə istehsal edilmədiyindən onu çox yüksək qiymətə xaricdən alırıq. Elə gübrə növləri var ki, tonu 700-750 manatdır. Doğrudur vəsaitin yarısını dövlət ödəyir. Buna baxmayaraq, yenə də fermerlər kübrə almağa vəsait artıra bilmir. Kənd Təsərrüfatı Nazirliyi 46 faiz azot tərkibli karbomid istehsal edən zavod tikilməsini təklif edib. Bu həm Azərbaycanın azota olan tələbatını ödəyəcək, həm heyvandarlıqda yem qarışığına sərf olunacaq, eyni zamanda ixrac da ediləcək.
Hesab edirəm ki, yuxarıdakı tədbirlər həyata keçirilərsə yaxın bir neçə ildə buğdanın hər hektardan orta məhsuldarlığını 32 sentnerə çatdırmaq, hətta daha çox məhsul almaq olar. Bununla bağlı ən vacib məsələ istehsalçının istənilən zəruri halda kredit ala bilməməsidir.
Azərbaycanda fəaliyyət göstərən banklar kənd təsərrüfatına lazımi köməklik etmirlər. Onlar öz şərtlərini, Bakı şəhərində daşınmaz əmlakın olmasını və s. tələb edirlər ki, istehsalçılar isə bu şərtləri ödəyə bilmir. Çıxış yolu Avropada olduğu kimi hər kənddə kredit ittifaqının təşkili və rayonlarda aqrar sənaye bankının yaradılmasıdır.

Sual: Məhsuldarlığın artırılması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı daha hansı dövlət təşkilatları iş görməlidir? Görülən işlərin koordinasiya edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi digər dövlət qurumlarına məsləhətlər, tapşırıqlar vermək səlahiyyətinə malikdirmi?

Cavab: Toxum istehsalını Kənd Təsərrüfatı Nazirliyi nəzarətə götürərək həm özəl, həm də dövlət təsərrüfatlarında sistemləşdirib. Biz xaricdən alınan elit və yerli toxumları rayonlaşdırmışıq. Bu toxumları fermerlərə veririk və məhsuldarlıq hər hektardan 60-70 sentnerə çatır. Bu tədbiri yerlərdə geniş yayırıq, amma əfsuslar olsun ki, istehsalçıların hamısı kənd təsərrüfatını lazımi səviyyədə bilmir. Peşəkar kadrlar azdır. Ali məktəblərə tələbə qəbulu sisteminin dəyişdirilməsinə ehtiyac var. Dövlət Aqrar Universiteti yalnız aqronom, zootexnik, mühəndis hazırlamalıdır, başqa ixtisaslara da üstünlük verilməlidir.

Özəl apteklər bütün pestisitləri satışa çıxarır. Bəzi, hallarda keyfiyyətsiz pestisitlər satılır. Bəzən isə xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmır. Çünki bu sahənin kadrları çatışmır.

Sual: Ölkədə məhsuldar torpaqların, xüsusilə də taxılçılıq altında olan torpaqların humus qatı artır və ya azalır?

Cavab: Doğrudur, bunu yalnız taxılçılıqla müəyyən etmək bir qədər çətindir. Azərbaycanın əsas taxılçılıq rayonlarında, məsələn Şəki, Sabirabad, Saatlı rayonlarında humusun miqdarı təxminən 1,5-2,5% təşkil edir. Amma, Salyan, Ağdaş, Kürdəmir, Siyəzən, Şabran, Qobustan rayonlarının bəzi yerlərində daha azdır, torpağın tərkibində çoxlu miqdarda azot çatışmamazlığı müəyyən edirik. Torpaqda çoxlu miqdarda azot çatışmamazlığı bir başa klekiavinin (yapışqanlıq), zülallı maddələrin əmələ gəlməsinə təsir etdiyinə görə mütləq vegetasiya dövründə və şum altına müəyyən miqdarda mineral kübrələr verilməlidir. Xüsusilə də fosfor kübrəsinin verilməsi vacibdir. Çünki fosfor kübrəsi torpaqda 6 il qalır və bitki o qidadan yavaş-yavaş istifadə edərək inkişafa gedir. Əvvəllər Sumqayıtda ildə bir milyon ton superfosfat istehsal edən böyük zavod var idi. İndi onun fəaliyyəti xammal çatışmamazlığından dayanıb.
İndi Azərbaycan bu kübrələri xaricdən alır və onların 50 faizini dövlət ödəyəndə belə fermerlər kübrə almaq iqtidarında olmur. Bu isə torpağın qidadan düşməsinə səbəb olur. Biz hesab edirik ki, mineral gübrələrin satışı sadələşməli və hətta dövlət tərəfindən ödənilməsi məsələsi baxılmalıdır.

Sual: Kollektor-drenaj sistemlərinin vəziyyəti necədir? Bu amillər də məhsuldarlığın aşağı olmasına təsir edirmi?

Cavab: Sovet dövründə kollektor-drenaj sistemləri, xüsusilə torpaqların yuyulması sahəsində böyük işlər görülürdü. Xaos dövründə sistem bütövlükdə dağılıb.
Son dövrlər bu sahədə əməli işlər aparılır. Bütün rayonlarda bu tədbirlər aparılsa da hələlik tam başa çatmayıb. Torpaqlar şoranlıqdan təmizlənərsə nəinki taxılçılıq və digər sahələrin də inkişafına təkan verə bilər.

XS
SM
MD
LG