Accessibility links

Saakaşvili yeni aclıq aksiyası elan edib


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də baş vermiş hadisələrlə bağlı məhkəmə prosesi zamanı müddətsiz aclıq aksiyası elan edib. Bu barədə “Exo Kafkaza” məlumat verib.

"Mənim məqsədyönlü şəkildə əlilliyim baş verir. Siz (Gürcüstan hakimiyyəti) mənim belə sakit ölməyimi istəyirsiniz. Bu, alınmayacaq. Lazım gəlsə, başımı dik tutaraq öləcəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyası elan edirəm" – deyə, o bildirib.

Saakaşvilinin sözlərinə görə, onun səhhəti ikinci dərəcəli məsələdir.

Məhkəmə iclasında siyasətçi təkrar aclıq aksiyasının düzəlməz nəticələrə və ölümə səbəb ola biləcəyini hesab edən Niderlanddan olan həkimin məktubunu oxuyub.

Saakaşvili ilk aclıq aksiyasına Gürcüstana qayıtdıqdan sonra saxlanılaraq Rustavi şəhərindəki koloniyaya göndərilərkən - 2021-ci il oktyabrın 1-də başlayıb. Noyabrın 8-də o, həbsxana xəstəxanasına köçürülüb.

“Exo Kafkaza”nın məlumatına görə, aclıq aksiyası zamanı hakimiyyət siyasətçinin “ekstremal etiraz formasına” əməl etmədiyini iddia edib. Penitensiar xidmət bunu sübut etmək üçün Mixeil Saakaşvilinin təcili tibbi yardım məntəqəsində yemək yediyini əks etdirən kadrlar dərc edib. Digər görüntülərdə onun zorla həbsxana xəstəxanasına aparıldığı, sonra otağa gətirildiyi əks olunub. 2021-ci ilin dekabr ayının əvvəlində bu videolara görə Gürcüstanda Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət 2,5 min lari (təxminən 810 dollar) məbləğində cərimələnib.

“7 noyabr işi”ndə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan eks-prezident Mixeil Saakaşvili və bir neçə digər keçmiş məmur da var. İş aksiyanın dağıdılması və “İmedi” televiziya şirkətinin ələ keçirilməsi ilə bağlıdır. Prokurorluq onu həmçinin hakimiyyətdə olduğu illərdə büdcə vəsaitlərini xüsusilə iri miqyasda xərcləməkdə etməkdə ittiham edir. Saakaşvili özünü günahkar hesap etmir və ittihamları siyasi təqib adlandırır.

XS
SM
MD
LG