Vaşinqtonda qərargahlanan Corctaun Universitetinin beynəlxalq miqrasiya üzrə professoru Süzan F. Martin dekabrın 18-də qeyd olunan Beynəlxalq Miqrasiya Günü münasibətilə Amerikanın Səsinə verdiyi müsahibədə miqrantları başqa ölkəyə köçməyə cəlb edən amillərdən, yerli əhali arasında miqrantlara qarşı mənfi münasibətinin səbəblərindən bəhs edib.
Amerikanın Səsi: Dr. Martin mənim ilk sualım odur ki, miqrantları başqa ölkələrə cəlb edən nədir, nə üçün onlar hər hansı müəyyən bir ölkəyə köçməyə qərar verirlər?
Burada bir neçə amil var. Dünya boyu immiqrantların böyük əksəriyyəti yeni imkanlar axtarırlar, onlar ya iş və daha çox pul qazanmaq, ya da daha maraqlı tapşırıqları yerinə yetirmək istəyirlar. Bundan başqa bir digər böyük hissə ailə əlaqələri səbəbilə köçmək istəyən miqrantlardır.
Onlar ya başqa bir ölkədə yaşayan insanla ailə qururlar, ya da onların ailələrindən bir nəfər köçür orada yeni həyat qurur, daha sonra isə ailə üzvləri ona qoşulur. Bəzən isə miqrasiya təhsil səbəbilə olur. Bunların hamısı könüllü miqrasiyadır.
Bundan əlavə ölkələrini tərk etməyə məcbur olan insanlar da var. Buna səbəb münaqişə, insan haqları pozuntuları ola bilər. Yaxud onlar təqiblərə məruz qala bilərlər ya da zəlzələ, qasırğa, siklon kimi təbii fəlakətlərə məruz qalmamaq üçün başqa yerdə köçmək istəyə bilərlər. Bunlar da qeyri-ixtiyari miqrasiya edən insanlardır. Onlar gedəcəkləri yeri seçə bilərlər, amma evlərini tərk etmələrinə səbəb onlardan asılı deyil.
Amerikanın Səsi: İmmiqrantların gəldikləri ölkəyə geri dönmələri çox rast gəlinən bir haldırmı? Və bu baş verirsə, bunun səbəbləri nə olur? Onlar miqrasiya etdikləri ölkədə çətinliklərləmi üzləşirlər yaxud məmləkətlərində şərait yaxşılaşdığı üçünmü geri dönürlər?
Süzan F. Martin: Geri miqrasiya səbəblər baxımından ilkin miqrasiya qədər mürəkkəbdir və geniş yayılmış bir haldır. Mən düşünürəm ki, miqrasiya edən insanlar bir nöqtədə müvəqqəti və ya uzun müddətə geri dönürlər. Bəzən isə daimi repatriasiya baş verir. Bunun bir neçə müxtəlif səbəbləri var. Bəzi insanlar istədikləri hər şeyi əldə etdikləri, müəyyən qədər pul yığdıqları üçün geri dönürlər. Onlar məmləkətlərində bizneslərə sərmaye qoymaq istəyirlər, ona görə də köçürlər.
Spektrin digər ucundakı insanlar isə geri dönməyə məcbur olurlar. Onlar ya rəsmi ya da qeyri-rəsmi deportasiya edilirlər və başqa seçimləri olmur. Bunların arasında isə bir çox səbəbdən geri dönən insanlar var. Məsələn onların valideynlərinin onlara ehtiyacı olur və bu səbəblə ailənin bir və ya bir neçə üzvü geri dönür. Buna tam olaraq nə könüllü nə də qeyri-ixtiyari demək olmaz.
Qaçqınlar isə təqib və ya münaqişə səbəbilə qaçırlar. Adətən onlar qaçmalarına səbəb olan vəziyyət dəyişdiyi zaman, məsələn sülh təmin olunandan, vəziyyət sabitləşəndən sonra geri dönürlər. Onlar bunu könüllü olaraq edirlər, çünki məmləkətdə vəziyyət yaxşılaşıb. Yaxud da sığınacaq aldıqları ölkənin rəsmiləri onlara geri dönmək vaxtının gəlib çatdığını deyir, və ya qaldıqları düşərgə bağlanır. Bu zaman da onların başqa seçmiləri qalmır.
Amerikanın Səsi: Növbəti sualım daha çox könüllü miqrantlara aiddir. Biz məsələn ABŞ şəhərlərində Çaynataun, Kiçik İtaliya kimi və ya Nyu-Yorkda post-sovet ölkələrindən gələn insanların yaşadığı məhəllələrə rast gəlirik. Nə üçün insanlar belə yerlərdə yaşamağı seçirlər. Sualım ikinci hissəsi də budur ki, bu cür məhəllələrdə yaşamağa qərar verən insanların yaş kateqoriyası nədir? Ümumiyyətlə belə bir yaş kateqoriyası varmı?
Süzan F. Martin: İnsanlar adətən etnik anklavlarda yaşayırlar, çünki onlar ölkəyə ilk dəfə gələndə orada insanlar onların dillərində danışdıqları üçün, və ya ailələri orada yaşadığı, və ya məhdud ingilis dili ilə onların dilində danışan insanların idarə etdiyi restoran və ya fabriklər kimi iş yerlərində işləyə biləcəkləri üçün oraya gedirlər.
Onlar çox vaxt orada qalırlar çünki özləri ilk gəldikəri yerdə biznes qururlar və kök salırlar. Məsələn orada kilsələri olur və ya öz dillərində və mədəniyyətlərini əks etdirən xidmətlər göstərilir.
Orada onlar qucaq açan mühitlə qarşılarşırlar. Daha sonra isə insanlar oradan köçməyə başlayırlar, bu daha sonra ikinci və ya üçüncü nəsil immiqrantlar arasında baş verir, çünki ya başqa yerlərdə iqtisadi imkanlar yaranır, ya da onlar universitetə gedirlər, başqa yerdə yaşayan bir insanla evlənirlər, və ya onunla birlikdə başqa üçüncü bir yerə köçürlər, öz övladları olur və orada yeni icmalar qururlar.
Amma bundan əlavə bu yerlərdə insanlara yardım edən rəsmi qurumlar olur. Onlar adətən “məmləkət assosiasiyaları” adlanır. Yəni məsələn ABŞ-da bir qrup miqrant bir araya gəlib yeni gələnlərə mebel almağa yardım edir. Və ya məsələn biri öz ölkəsində dəfn olunmaq istəyirsə, həmin insanın ailəsinə yardım etmək üçün pul toplanır.
Onlar həmçinin məmləkətlərindəki ailələri, dostları və icmalarına yardım etmək üçün pul da göndərirlər. Məsələn Salvador, Honduras və ya Qvatemalada qasırğa baş veribsə, insanlar bu cür “məmləkət assosiasiyaları” vasitələri ilə ölkələrinə pul göndərə bilirlər.
Bu isə onları transmilli həyat sürmələrinə imkan yaradan rəsmi mexanizmlə təmin edir. Belə ki, onlara Birləşmiş Ştatlar, Fransa, Birləşmiş Krallıq və ya köçdükləri hər hansı ölkəyə inteqrasiya etməyə yardım edirlər, onlar isə təkcə öz ailələri deyil, məmləkətlərindəki icmalarına kömək edilər.
Amerikanın Səsi: Nə üçün bəzi insanlar immiqrantları xoş qarşılamırlar, Bunun arxasındakı səbəb nədir?
Süzan F. Martin: Yenə də bunun da çox səbəbi var. Onların bəziləri legitim narahatlıqlar və qorxulardır. İnsanların haqlı olaraq iqtisadi böhran zamanı immiqrasiya ilə bağlı narahatlıqları olur. Amma bəzi səbəblər də məntiqsiz olur.
İnsanların beyinlərində immiqraiysı ilə bağlı çox sayda qərəzli fikirlər olur və onların düşüncələrinə təsir göstərir. Onlar immiqrantların yerlilərdən daha çox cinayət törədə və ictimai təhlükəsizliyə hədə ola biləcəyini düşünürlər. Onlara nə qədər immiqrantların yerlilərdən daha az cinayət törətdiklərinə dair araşdırmaların olduğunu söyləsən də, onlarda bu qorxu qalır. Onlar özlərini təhlükəsiz hiss etmək üçün immiqrasiyanı azaltmaq istəyirlər.
Bundan əlavə hər zaman irqçilik və din və mədəniyyətlə bağlı narahatlıqlar da mövcuddur.
Elə insanlar var ki, icmalarına başqa irq və ya dindən çox sayda insan köçdüyündə özlərini təhlükədə hiss edilər. Onlar hər şeyin əvvəlki qaydada olmasını istəyir.
Hətta onlara ailələrinin də keçmişdə nə zamansa immiqrant olduğunu söyləsən belə, onlar “o fərqlidir.” deyə cavab verirlər. İnsanlar ailələri buraya gəldiyi zaman da burada özlərini təhlükədə hiss edən insanların olduğunu dərk etmədən icmaya inteqrasiya ediblər.
Bu, Amerika tarixində müstəmləkə dövrünə qədər gedib çıxan bir vəziyyətdir, yeni deyil. Biz hər zamanın bunun öhdəsindən gəlməyi bacarmışıq. Ölkəyə gələn hər immiqrant axını yaxşı inteqrasiya edə bilib, amma insanlar hələ də qorxurlar və bu gün də bunun baş verə biləcəyinə inanmırlar. Ona görə də onlar immiqraisya islahatına qarşı çıxırlar.
Amerikanın Səsi: Bəs hökumətlər necə? Hökumətlərin ölkəyə immiqrant cəlb etməyə nə isə sövq edirmi? Yoxsa onların beynəlxalq qanunlar və konvensiyalar qarşısında öhdəlikləri olduğu üçünmü immiqrantları qəbul etməyə məcburdurlar?
Süzan F. Martin: İmmiqrasiya bizim sahib olduğumuz suverenliyin ən görünən əlamətidir. Hökumətlər istəməsələr bu konvensiyalara imza atmırlar, və ya onları heç hazırlamırlar belə. Yəni onlar bunu konvensiyalara imza atdıqları üçün etmirlər. Onlar onları bağlayan konvensiyaları qəbul edilər, çünki bunun yaxşı ideya olduğunu düşünürlər. Və hökümətlərin başqa ölkələrdən insan qəbul etmələri üçün bir çox səbəbləri var. İmmiqrasiya adətən həm mənşə ölkəsi həm də təyinat ölkəsində iqtisadi inkişafın mühərriyi olur. Ona görə də bunun qarşılıqlı faydası olur. Mənşə ölkəsi immiqrantların oraya pul köçürməsindən və vətənaşlarının xaricdə yeni bacarıqlar öyrənməsindən faydalanır.
Bəzən onlar miqrantların getdikləri ölkədə şirkətlərlə əlaqələr yaradırlar və öz ölkələrinə iş yerləri gətirirlər. Burada dünya boyu çağrı mərkəzlərini misal gətirmək olar. Miqrantlar getdikləri ölkələrə də böyük faydalar gətirirlər. İmmiqrantlar yerlilərdən daha çox sahibkarlıqla məşğul olurlar. Onlar yeni ideyalarla gəlirlər, yeni bizneslər qururlar.
Bəzən bu bizneslər iflasa uğrayır, sonra yenidən işə başlayır. Və onlar nəticədə yerləşdikləri icmada həyat qura bilirlər.
Onlar həmçinin yerlilərin istəmədiyi, adətən də az maaşlı olan işlərdə işləyirlər. Bu işlər çox vaxt təhlükəli və ağır olur, amma onlara da ehtiyac var. Ona görə də immiqrantlar gəlib bir müddət həmin işlərdə işləyirlər, amma daha sonra onlar da başqa işlərə keçmək istəyirlər. Onların yerinə yeni immiqrantlar gəlirlər. Bəzən isə bəzi işlər üçün xüsusi ixtisas üzrə təhsil tələb olunur. İmmiqrantların getdikləri ölkələrdə isə bu cür işlərdə işləyəcək kifayət qədər insan olmur. Bu səbəblə də həmin işlərdə işləmək üçün immiqrantlar gətirilir.
Hətta ölkəyə humanitar səbəblə qaçqın qəbul etməyin belə həmin ölkəyə faydaları olur, çünki qaçqınlar ölkənin bir işçisinə çevrilirlər. Ölkələr əmək miqrantlar kimi onların da əməyindən faydalanırlar.
Bunun həm də xarici siyasət baxımından faydaları ola bilər. Məsələn bir ölkə qaçqın qəbul etməklə başqa bir ölkədə baş verənlərlə maraqlandığını, münaqişənin və ya təbii fəlakətin təsirlərinə məruz qalan insanların qayğısına qaldığını göstərir.
Bəzən də ölkələr həmçinin bunu hərbi əməliyyatlarına yardım etmək üçün edirlər. Məsələn Birləşmiş Ştatlar hər zaman münaqişə zamanı ölkələrində qaldıqları təqdirdə təhlükə ilə üzləşə biləcək insanlarla işləyib. Ona görə də ABŞ ordusu bir iraqlı və ya əfqan tərcüməçiyə deyə bilər ki, “əgər sən və sənin ailən təhlükə ilə qarşılaşsa, biz qaçqın proqramı ilə sizin təhlükəsizliyini təmin edə bilərik.”
Bunu etmək isə Birləşmiş Ştatlar üçün təhlükəsizlik baxımından fayda gətirir, çünki bu yolla ABŞ özünə müttəfiq qazanır.