Accessibility links

Rəsulzadənin fotosu ilə maska taxan ictimai fəalın şikayəti təmin edilməyib


Sumqayıt Apellyasiya Məhkəməsində ictimai fəal Cavid Məmmədzadənin həbs qərarından verilən şikayətə baxılıb.

İyunun 27-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ictimai fəal Cavid Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211.1 (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması) maddələri ilə təqsirli bilinib.

Üzərində Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin şəkli olan qoruyucu maska taxdıqdan bir gün sonra həbs olunan Cavid Məmmədzadə apellyasiya məhkəməsinə gətirilməyib.

Bu barədə onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, SMS-icazə ilə evdən çıxdıqdan sonra Sumqayıt Şəhər Polis İdarəsinin qarşısında olduğunu təsdiqləyən fotosu da var. C.Məmmədzadə vəkilinə deyib ki, icazə müddəti başa çatana qədər onu idarədə saxlayıb, daha sonra 2 saylı polis bölməsinə gətiriblər. Orada da haqqında protokol tərtib ediblər. Protokolda yazılıb ki, polis əməkdaşları C.Məmmədzadəni küçədə saxlayıb yoxlayıb. Bu zaman məlum olub ki, icazə verildiyi vaxtdan saat yarım keçib. Həmin vaxt o çıxıb getmək istəyəndə polislər onu saxlayıb.

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və ictimai fəal haqqında həbs qərarı qüvvədə saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin fotosunun olmasına görə saxlanılması ilə bağlı yayılan məlumatlar yalandır.

“Tarixi şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o, maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”

Onun sözlərinə görə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.

“O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib,” Zahidov qeyd edib.

XS
SM
MD
LG