Accessibility links

Rəsmi Bakı İranın Xarici İşlər nazirinə cavab verib


Rəsmi Bakı İran Xarici İşlər nazirinin Livanın "Əl-Manar" televiziya kanalına müsahibəsində ölkəsi ilə bağlı söylədiklərinə münasibət bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva verdiyi açıqlamada Azərbaycan ərazisində terrorçunun olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

"Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb", o bildirib.

Leyla Abdullayeva verdiyi açıqlamada bu ittihamları əsassız adlandırıb.

"Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar.

Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib", Leyla Abdullayeva bildirib.

Öz növbəsində Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı Əli Qüdərziyə cavab verib.

DSX qeyd edib ki, son günlərdə İranın kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində general-mayor Əli Qüdərzi həqiqətəuyğun olmayan açıqlamalar verib:

"Rəsmi olaraq bildirilir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq".

Rəsmi açıqlamaya görə, xaricdən gələn təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə etməsi barədə iddialar yalandır. "Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur", açıqlamada bildirilir.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub. Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

İki ölkə arasında gərginliklər ekspertlərin də diqqət mərkəzindədir. “Qarabağa hər hansı yük yalnız Azərbaycanın razılığı olduğu zaman verilə və ya göndərilə bilər. İranın isə bizə qarşı ciddi təzyiq imkanları yoxdur" - deyə, siyasi təhlilçi Azər Qasımlı bildirib. Onun sözlərinə görə, iqtisadi olaraq Azərbaycan İrana bağlı və asılı deyil. Azər Qasımlı diqqəri İranın hazırda beynəlxalq ictimiayyətdən təcrid edilmiş vəziyyətdə olduğuna və sanksiyalar altında olduğunu qeyd edib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan son zamanlar Azərbaycan ilə İran arasında yaranmış gərginliyin azalacağı və diplomatiyanın güclənəcəyinə inandığını bildirib.

"Bütün bunlar müxtəlif bəyanatlarla davam edəcək. Çünki İran özünə haqq qazandırmaq istəyir. Ermənistana yardım etməkdə özünü haqqlı hesab eləsin. Ona görə ki, Azərbaycan İsrail ilə əməkdaşlıq edir. İsrail ilə Ermənistan da əməkdaşlıq edir. İsrailin Ermənistanda, Ermənistanın da İsraildə səfirliyi fəaliyyət göstərir. Ermənistan da İranla sərhəddə yerləşir. Bu, bəhanədir. Bu bəyanatlar, gərginlik bir müddət sonra azalacaq və diplomatlar fəaliyyət göstərəcək. İran sadəcə regionda yaranmış yeni şəraitə uyğunlaşa bilmir”, təhlilçi qeyd edib.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər. Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonraya təsadüf edir. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

XS
SM
MD
LG