Suriyada radikal döyüşçülərin ailə üzvləri xüsusi düşərgələrdə saxlanılır. Bu düşərgələrdən biri Suriya-İraq sərhədi yaxınlığında yerləşən Əl-Hol düşərgəsidir. Bu yaxınlarda azərbaycanlı foto jurnalist Rəna Əfəndi Davosda Dünya İqtisadi Forumunda yeddi nəvəsini düşərgədən İsveçə gətirən isveçli musiqiçinin hekayəsini bölüşüb. Prezentasiya zamanı Rəna Əfəndi düşərgədə saxlanılan uşaqların ağır vəziyyəti və onların repatriasiyası qarşısında maneələri qeyd edib. O, Əl-Hol düşərgəsində olduğu zaman orada saxlanılan azərbaycanlı qadınlarla da görüşüb. Rəna Əfəndi Amerikanın Səsinə müsahibəsində düşərgədə olan azərbaycanlı qadınlar və uşaqların durumu və onların ölkələrinə repatriasiya olunmasının vacibliyindən danışıb.
Amerikanın Səsi: Siz bu yaxınlarda Dünya İqtisadi Forumunda öz yeddi nəvəsini Suriyadan İsveçə gətirmək istəyən çilili-isveç musiqiçinin hekayəsini paylaşmısınız. Siz bu layihəyə necə qatılmışdınız?
Rəna Əfəndi: Mənə bu layihə Wall Street Journal tərəfindən tapşırılmışdı və onlar mənə hekayəni işıqlandırmağı təklif etdilər. Və mən hekayənin mövzusu ilə tanış olduqda, dərhal bunun üzərində işləmək istədim və dedim ki, `bəli, mən bunu edəcəm`. Dediyiniz kimi, bu, öz nəvələrini Suriyada döyüş bölgəsindən, əsasən də İŞİD döyüççülərinin ailə üzvlərinin saxlanıldığı qaçqın düşərgəsindən xilas etmək üçün bir səfərə çıxan adamın hekayəsi idi.
Amerikanın Səsi: Siz prezentasiyanızda keçmiş İŞİD döyüşçülərinin minlərlə ailə üzvünün saxlanıldığı Əl-Hol düşərgəsində vəziyyət və onların vətənlərinə repatriasiyası kimi ciddi məsələlərə diqqət çəkmisiniz. Düşərgədə həm də cihadçıların arvadı və kölələri olan qadınlarla da görüşmüsünüz. Onların arasında Rusiya və Azərbaycandan da qadınlar olub. Onlar sizə nə söyləyiblər? Onlar nə istəyirlər?
Mən onunla danışmağa başladım və o mənə dedi ki, `bilirsən burada biz 200 nəfərik, burada Əl-Holda 200 azərbaycanlı qadın və uşaq var`.
Rəna Əfəndi: Hamının məndən soruşduğu ilk şey o idi ki, `biz buradan nə vaxt çıxacağıq? Nə vaxt bizi geri qaytaracaqlar?` Oradakı bir çox rus qadın mənə dedi ki, valideynləri olmayan uşaqlar, müşayiət olunmayan uşaqlar Rusiyaya qaytarılır, ancaq anaları ilə birlikdə deyil. Onlardan biri isə mənə yaxınlaşıb dedi ki, `əgər məni götürmək istəmirlərsə, o zaman qoy mənim uşaqlarımı götürsünlər`. Bu, mənim üçün bir ümidsizlik dərəcəsi idi. Bilirsinizmi, bu, İkinci Dünya Müharibəsi dövründə qadınların onların təhlükəsizliklərinin təmin olunması üçün öz uşaqlarından imtina etdikləri ümidsizliyə bənzəyirdi. Beləliklə, bir ümidsizlik var. Bu, hazırda bütün düşərgədə bir ümidsizliyi əks etdirir. Bu da buradakı şərait, qeyri-müəyyənlik, ləngimə və əksər dövlətlərin öz vətəndaşlarını vətənə repatriasiya etməsi üçün tədbir görməməsi ilə bağlıdır.
Amerikanın Səsi: Siz Azərbaycanlı qadınları qeyd etdiniz. Orada Azərbaycandan nə qədər adam var, say göstəyə bilərsinizmi? Onlar sizə deyiblər?
Rəna Əfəndi: Mən düşərgəyə gəldim və mənim dərhal müşahidə etdiyim şey oradakı lövhələr oldu. Onların üzərində rus dilində `bərbərxana`, ya da `qızardılmış toyuq` kimi buna bənzər yazılar var idi. Və mən başa düşdüm ki, burada düşərgədə yəqin ki başqalarının ehtiyaclarını təmin etmək üçün rus qadınları tərəfindən kiçik biznes tipli yerlər var. Buna görə də məndə belə təsəvvür yarandı ki, yəqin ki, burada keçmiş Sovet İttifaqından olan rusdilli qadınların icması kifayət qədər böyükdür. Mən beləcə düşərgədə ətrafda olan qadınlarla danışmağa başladım və təsadüfən əvvəlcə iki azərbaycanlı qadınla tanış oldum.
Onlardan biri Xaçmazdan olan gənc bir qadın idi. O, ləzgi azlığını təmsil edirdi və bir İŞİD döyüşçüsü ilə evlənmişdi, buna görə də Suriyada idi. Onun əri koalisiyanın hava hücumlarında öldürülmüşdü və o, uşaqları ilə birlikdə Əl-Hol düşərgəsinə gətirilmişdi. Mən onunla danışmağa başladım və o mənə dedi ki, `bilirsən burada biz 200 nəfərik, burada Əl-Holda 200 azərbaycanlı qadın və uşaq var`.
Onun cəmi 18 yaşı var idi və o, qadının yeganə oğlu idi, anası onu tək böyütmüşdü. Onun başqa ailəsi yox idi. Qadın oğlunun ardınca Suriyaya gedir və oğlu öldürülənə qədər orada qalır.
Daha sonra mənə yaxınlaşan başqa bir daha yaşlı qadınla tanış oldum. İnsanlar mənim rus dilində danışdığımı eşidən kimi, mənim ətrafıma toplaşırdılar. Burada Rusiyadan, Orta Asiyadan gələn qadınlar var idi. Bir də sonda daha üç azərbaycanlı qadınla görüşdüm. Bu, ikinci qadın da Xaçmazdan idi, amma uzun müddət Bakıda yaşamışdı. O təxminən 40 yaşlarında bir qadın idi. Bu qadın bir ana idi. Onun oğlu 18 yaşına çatanda biri ilə görüşür, deyəsən, bir dostu tərəfindən radikallaşır. Sonra da İŞİD-ə qoşulub Suriyada döyüşməyə gedir. Daha sonra o, kömək üçün anasına zəng edir. Bilirsiniz, onun cəmi 18 yaşı var idi və o, qadının yeganə oğlu idi, anası onu tək böyütmüşdü. Onun başqa ailəsi yox idi. Qadın oğlunun ardınca Suriyaya gedir və oğlu öldürülənə qədər orada qalır. O sonra dedi ki, iki dəfə qaçmağa cəhd edib və insan qaçaqmalçısına oradan çıxmaq üçün pul da verib, lakin aldadılıb və qaça bilməyib. Beləliklə, o, Əl-Hol düşərgəsində qalıb. Və bilirsinizmi, həqiqətən də onunla danışanda görürsünüz ki, o, radikal terrorçu deyil. O onu oraya aparan şərtlərə görə oradadır. Orada ona bənzər bir çox qadın var. Təbii ki, düşərgədə ciddi İslam qaydaları tətbiq edən bəzi İŞİD ideoloqları var və onlar zorakıdırlar. Məsələn, düşərgədə bir türkmən qadının cəsədi tapılmışdı. Onun bədənində yaralar var idi. O bu və ya başqa səbəbdən digər qadınlar tərəfindən işgəncəyə məruz qalmış və döyülmüşdü. Əlbəttə, düşərgədə həqiqətən zorakı ünsürlər var. Amma orada bəzi şərtlərə görə olan bir çox qadın da var. Onlar ya evləniblər, ya aldadılıblar, ya da mənim gördüyüm o yeganə oğlunun arxasınca gedən ana kimi buna görə ordadırlar.
Amerikanın Səsi: Bu qadın və uşaqların öz ölkələrinə geri qaytarılması üçün əsas çətinliklər nədir? Azərbaycanlı qadınları qeyd etdiniz. Onlar geri qayıtmaq istəyirmi?
Rəna Əfəndi: Demək istəyirəm ki, mənim düşərgədə qalmağıma icazə verilən bu bir saat ərzində mənimlə danışan hər kəsin, hamının ağlında olan bir sual var idi ki, `biz nə vaxt geri qayıda bilərik?` Düzdür, məsələn orada İsveçdən olan bəzi kişilər və qadınlar var idi ki, onlar qayıtmaq istəmirdilər. Bir qadın dedi ki, `mən burada qalmaq istəyirəm, çünki İsveçi Suriyaya gəlmək və sonra geri qaytarılmaq üçün tərk etməmişəm`.
Orada dəhşətli qətllər törədilir, məhkəmələr keçirilir, bədənə xəsarət yetirilən cəzalar tətbiq olunur. Orada çox soyuqdur. Bu, dəhşətdir. Uşaqlar qida çatışmazlığı və xəstəliklərdən ölürlər.
Əlbəttə, dediyim kimi yenə də güclü ideoloqlar var, elcə də sərt qaydalara riayət edən və xilafət xəyalında olanlar da var. Amma mənə orada verilən qısa müddətdə tanış olduğum qadınların böyük əksəriyyəti geri qayıtmaq istədiklərini deyirdi və xüsusilə də uşaqların təhlükəsiz yerə aparılmasını istəyirdi, çünki düşərgədəki yaşayış şəraiti tamamilə acınacaqlıdır. Orada klinika yoxdur. Xaricilər üçün ayrıca yerdə məktəb yoxdur. Orada dəhşətli qətllər törədilir, məhkəmələr keçirilir, bədənə xəsarət yetirilən cəzalar tətbiq olunur. Orada çox soyuqdur. Bu, dəhşətdir. Uşaqlar qida çatışmazlığı və xəstəliklərdən ölürlər. Bu, həqiqətən də çox çıxılmaz bir vəziyyətdir. Həyatımda görüdüyüm ən pis səhnələrdən biridir. Orada yaşamaq mümkün deyil və bir çox insan geri qayıtmaq istəyir. Hökumətlər təhlükəsizlik riskləri və çətinlikləri, hüquqi çətinlikləri səbəb kimi gətirirlər. Çünki bu qadınlar, bu düşərgə Suriyanın şimal-şərqindədir və bir çox hökumətlərin yerli müvəqqəti hakimiyyət orqanları ilə əlaqələri yoxdur. Suriya kontekstində bu, olduqca mürəkkəb görünür. Ancaq eyni zamanda bu, mümkündür. Çünki bir neçə hökumət tərəfindən repatriasiya səyləri uğurla həyata keçirilib və insanlar geri qaytarılıb. Deməli, bu, mümkün olmayan bir şey deyil. Bilirsinizmi, bütün bu təhlükəsizlik riskləri, qanunvericilik bazasının olmaması və onların istinad etdiyi digər səbəblər bu insanların gələcəkdə yarada biləcəyi risklərlə müqayisədə daha ağırdır. Çünki siz təsəvvür edin ki, bu uşaqlar, xüsusən də yeniyetmələr hər gün zorakılığa və radikallaşmaya məruz qalırlar. Onların böyüdükdə nə olacağını təsəvvür edin. Və onların dünya üçün yaradacağı təhlükə riskini düşünün.
Amerikanın Səsi: Keçmiş döyüşçülərin ailə üzvlərinin repatriasiyası cəmiyyətlərdə debatlara gətirib çıxarıb. Bəziləri bu insanların öz ölkələrə gətirilməsinin təhlükəsiz olmadığını irəli sürür. Sizin işıqlandırdığınız bu insan hekayəsi məsələnin həllinə necə kömək edə bilər?
Rəna Əfəndi: Demək istəyirəm ki, mən jurnalistəm. Mən gördüklərim barədə məlumat vermək üçün oradayam. Mən orada qeyri-insani şəraitdə yaşayan insanları gördüm. Əlbəttə, hamı fərqli düşünür. Hər kəsin öz fikri var. Ancaq mənim fikrimcə, hər gün zorakılığa məruz qalan və qeyri-insani şəraitdə yaşayan, bu dəhşətli şəraitdə yaşayan bu insanların hekayəsi bir çox zorakı ideologiyaların əsaslandırdığı bu `qurban hekayəsini` əbədiləşdirir. Beləliklə də bu həssas insanlar üçün sonda müharibə və növbəti cihad çağırışı törətdilən ədalətsizliyə, onlara qarşı hər hansı bir ədalətsizliyə görə istifadə ediləcək yaxşı bir zəmindir. Ona görə də düşünürəm ki, onları orada saxlamaqla biz bu hekayəni əbədiləşdiririk.
Amerikanın Səsi: Siz jurnalistsiniz və prezentasiyanızda qeyd etdiniz ki, sizin işıqlandırdığınız bu hekayə kimi, nə qədər güclü olsa da, jurnalist kimi siz buna öz münasibətinizi göstərməməlisiniz. Bu hekayə vasitəsilə insanların burada nəyi görmələrni istəyərdiniz?
Bu uşaqların çoxunun yaşı beşdən aşağıdır, onlar heç bir cinayət törətməyiblər. Onlar müharibə qurbanı olan digər uşaqlar kimi sadəcə qurbanlardır. Onlar bu şəraitin qurbanıdırlar. Onlar valideynləri səhv seçim etdikləri üçün oradadır və onlar cəzalandırılır.
Rəna Əfəndi: Mən onu demək istəyirəm ki, mənim üçün bu hekayə bütün çətinliklərə baxmayaraq, uşaqlarını təhlükəsizliyə qaytarmaq ideyasını daşıyan bu adamdan başladı. Bu yolda onun köməyi yox idi. Hökumət əvvəlcə ona `xeyr` cavabı verdi. Onlar ona kömək etmək istəmirdilər. İctimai rəy onun tərəfində deyildi. İsveçdəki sorğuların nəticələri göstərirdi ki, əksər isveçlilər cihadçıların uşaqları, cihadçıların övladlarının geri gətirilib, onların uşaqları ilə birlikdə məktəbə getməsini istəmirdi və s. Buna baxmayaraq, bu adamın bu axtarışı ilə o istədiyinə nail oldu. O, uşaqlarını yenidən təhlükəsiz yerə gətirdi. Mən bir jurnalist kimi onu izləyirdim. Onun hekayəsinə, bu prosesə qarışmırdım. Bu hekayənin uğurlu olub-olmamasından asılı olmayaraq. Bu, mənim missiyam deyildi. Mən sadəcə izləyirdim və hər şeyi sənədləşdirirdim. Buna görə də bu, mənim üçün bir nəfərin qələbə hekayəsidir. O öz məqsədinə çatdı və bu, zəfərdir. Bu yaralı uşaqların onun səyləri nəticəsində nəvələrinin, yeddi uşağın indi normal həyat üçün bir şansı olacaq. Onların normal cəmiyyətə yenidən inteqrasiya olunma şansı olacaq. Müharibənin yaraları, travmalarını unutmaq üçün xüsusən də gənc uşaqların sağalmasından söhbət gedir. Uşaqlardan birinin bir yaşı vardı. O heç harada anadan olduğunu da xatırlamaz. Deməli, bu mənada orada şahidi olduğum çox müsbət bir nəticə var. Və bu, bir insanın səyləri sayəsində olub. Əgər o bunu bacardısa, deməli, başqalarının da bunu edə bilməsi və bu uşaqları evə gətirməsi üçün birlikdə səy göstərməsi lazımdır, anaları ilə birlikdə və əgər onlardan kimsə bəzi cinayət törədibsə, onlar məhkəməyə verilməlidir.
Bizim ölkələrimizdə qanunverici sistemlər var. Ölkələrimizdə ədalət məhkəmələri var. Cinayət törətmiş şəxslər niyə də digər ölkələrdə oldğu kimi başqa cinayətkarlar kimi məhkəmə qarşısına çıxarılmasın? Onlar mühakimə ediləndə onlara vəkillə təmin olunma şansı verilir. Yəni bir sistem, ədalət sistemi var. Amma nədənsə bu insanlara laqeyd münasibət var və bu insanlar hər hansı məhkəmə prosesindən tamamilə məhrum olublar. Və bu mənada onların insan hüquqları, əsas insan hüquqları pozulur. Bu uşaqların çoxunun yaşı beşdən aşağıdır, onlar heç bir cinayət törətməyiblər. Onlar müharibə qurbanı olan digər uşaqlar kimi sadəcə qurbanlardır. Onlar bu şəraitin qurbanıdırlar. Onlar valideynləri səhv seçim etdikləri üçün oradadır və onlar cəzalandırılır. Onlar İŞİD-la əlaqələri olduğuna görə cəzalandırılır. Buna görə də mən hesab edirəm ki, bu, çox böyük ədalətsizlikdir, bu uşaqlara qarşı çox böyük ədalətsizdir. Bu, mənim bir jurnalist kimi fikrimdir.