“Fundamentalist və ya islahatçı, bizim üçün fərqi yoxdur. Amma, bizim öz namizədlərimiz qeydə alınmırlar. Çünki, bizim düşüncəyə yer vermək istəmirlər. Bizi o iki qrupun təbliğatçısı olaraq istəyirlər,” deyə Amerikanın Səsinə müsahibədə güneyli fəal Rza Türk İran Azərbaycanında türk fəalların siyasi bir güc olmaq istiqamətində fəaliyyət göstərməsinin zərurətini vurğulayır.
Urmiyədən Amerikanın Səsinə danışan fəal fevralın 26-da keçiriləcək seçkilərdən öncə Urmiyə və ümumiyyətlə Qərbi Azərbaycan vilayətindəki siyasi atmosferi dəyərləndirməklə yanaşı, seçkilərə dair milli fəalların izləməsi gərəkən siyasət haqqında öz düşüncələrini ifadə edib.
İranda siyasi düzənin iki qütbdən ibarət olduğunu və etnik qrupların siyasi bir cərəyan olaraq meydanda olmasının istənilmədiyini önə çəkən Rza Türkün fikrincə, İran Azərbaycanında milli düşüncəyə mənsub qruplar seçkilər zamanında özlərini siyasi bir güc kimi qəbul etdirməlidirlər:
Bunlar televiziyanın idman proqramlarında çalışırlar desinlər ki, İranın yarısı Piruzi yarısı da İstiqlal komandasının tərəfdarıdır. Halbuki, Azərbaycanda bunların heç birini istəmirlər, Traxtoru istəyirlər... Usulgera (fundamentalist) və islahatçı məsələsi də elədir...Rza Türk
“İranda İstiqlal və Piruzi (Perspolis) adlı futbol komandaları vardır. İndi Traxtor da meydana gəlib. Bunlar televiziyanın idman proqramlarında çalışırlar desinlər ki, İranın yarısı Piruzi, yarısı da İstiqlal komandasının tərəfdarıdır. Halbuki, Azərbaycanda bunların heç birini istəmirlər, Traxtoru istəyirlər... Usulgera (fundamentalist) və islahatçı məsələsi də elədir. Onların bizim üçün fərqi yoxdur. Amma, bizim öz adaylarımızı qeydə almırlar. Nədən? Çünki, bizim düşüncəyə yer vermək istəmirlər... Bizi o qrupların təbliğatçısı kimi istəyirlər.”
İran İslam Respublikasında keçirilən müxtəlif seçkilərin əhali tərəfindən necə qarşılandığını dəyərləndirən urmiyəli fəal İran Azərbaycanında ən yüksək iştirak səviyyəsinin yerli seçkilər, o cümlədən şəhər şuraları və məclis seçkilərində olduğunu bildirir.
Rza Türk Qərbi Azərbaycan vilayətində seçkilər dönəmində bəzi silahlı qruplar, o cümlədən PKK-nın İran qanadı olan PJAK-ın da fəal olduğuna işarə edərək bu bölgədəki seçki atmosferinin İran Azərbaycanının digər bölgələrindən müəyyən dərəcədə fərqləndiyini önə çəkir.
Onun dediklərinə əsasən, seçkilər zamanında digər vilayətlərlə müqayisədə Urmiyə başda olmaqla Qərbi Azərbaycanda milli fəallar arasında birgə fəaliyyətin səviyyəsi daha yüksək olur.