Accessibility links

Rüstəm İbrahimbəyov: Ölkəni bir qrup nazir-oliqarx idarə edir


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

“Nə qədər sərt olsa o qədər yaxşıdır” taktikası davam etdirilsə, rejim diktaturaya çevriləcək, gec-tez inqilab gələcək”, kinodramaturq deyib

Tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyov Turan agentliyinə müsahibə verib. Müsahibədə günün aktual problemlərinə, iqtidarın baxışlarına, müxalifətin durumuna, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə münasibət bildirilir. Maraqlı müsahibəni təqdim edirik.


Sual: Azərbaycandakı hazırki rejimi necə xarakterizə edərdiniz?

Cavab: Zənnimcə, bu, çox qarışıq avtoritarizmdir. Biz özümüzü demokratik ictimai quruluşa malik ölkə hesab edirik, ancaq bu, belə deyil. Praktiki olaraq, müstəqil məhkəmə icraatı yoxdur, tamamilə cib parlamentidir, ölkəni faktiki olaraq bir qrup nazir-oliqarx idarə edir, vətəndaşların hüquqları kobud şəkildə pozulur.

Məsələn, Dövlət Neft Şirkəti dövlət maraqları adı altında vətəndaşların qanuni yolla dövlətdən aldıqları evləri və torpaqları əllərindən alır. İstisna deyil ki, tez və ya gec Dövlət Neft Şirkəti özəlləşdiriləcək və bu torpaqlar bu gün faktiki olaraq ölkə iqtisadiyyatının bütün sahələrinə nəzarət edən adamlara qalacaq. Beləliklə də, ölkənin müstəqilliyinin bərpası zamanı bəyan etdiyimiz prioritetlər kobud şəkildə pozulur. Həmin prioritetlərdən biri özəl mülkiyyətin qorunması idi. Ancaq indi elə biabırçı qanunlar qəbul olunur ki, ARDNŞ, Nəqliyyat Nazirliyi kimi qurumlara imkan verir ki, bu və ya digər ərazilərdə nə dərəcədə maraqlı olduğunu özü müəyyən etsin, heç kimlə razılaşmadan onları vətəndaşlardan alsın.

Söz azadlığının vəziyyəti ağır olaraq qalır. Heç sovet dövründə olduğu səviyyədə söz azadlığına malik deyilik. Bir neçə qəzet var ki, orada öz sözünü sərbəst deyə bilərsən, qalanları və telekanalların hamısı hakimiyyətin nəzarətindədir. Hakimiyyəti tənqid etmək qərarına gələnləri isə ən iyrənc yolla təqib edirlər. “Azadlıq” radiosunun reportyoru Xədicə İsmayılovanın işi buna parlaq nümunədir.

Ölkədəki vəziyyətlə bağlı fikirlərimi açıq söylədiyimə, rəsmi fikirlərlə üst-üstə düşməyən şəxsi fikirlərimi dediyimə görə mən də hakimiyyətin gözündən düşmüşəm. Qəzet səhifələrində, televiziya ekranlarında mənim barəmdə nə qədər yalan, iftira yayıldı.

Ölkənin zəruri problemlərinə dair ictimai fikrin formalaşmasına yardım cəhdlərinə görə mənim iştirakımla yaradılmış Ziyalılar Forumu da təqib olunur.

Bu problemlərdən biri milli kinematoqrafiyanın durumudur. Kinematoqrafiya İttifaqı illərdir ki, bu barədə danışır. Lakin heç kimi maraqlandırmır. Yalnız nazirlərə - oliqarxlara şəxsi mənfəət gətirən sahələrə diqqət ayrılır. Məsələn, yolların çəkilməsi xaricdə olduğundan 10 dəfə baha başa gəlir, lakin 2 ildən sonra nədənsə yenidən təmir olunur.

Respublikada 150 kitab mağazasından bir neçəsi qalıb və onlar da Bakıdadır. Əyalətdə bir dənə belə kitab mağazası yoxdur.

Bizim Ziyalılar Forumu da bu məsələləri qaldırmaq, ictimaiyyətin diqqətini onlara cəlb etmək istəyir. Buna cavab olaraq hakimiyyət bütün təşəbbüslərimizi sabotaj edir. Məsələn, beynəlxalq kino məktəbinin yaradılması barədə dövlət başçısının müvafiq fərmanının olmasına baxmayaraq, Kinematoqrafiya İttifaqına bir manat belə ayrılmayıb. Bütün hallarda öz vəsaitimiz hesabına 15 rejissor, ssenarist və prodüserdən ibarət ilk buraxılışımızı həyata keçirdik.

Bayılda beynəlxalq kinofestival mərkəzinin yaradılması üzrə böyük layihə də baş tutmayıb. Orada kino məktəbi, Kino Evi və digər obyektlər yerləşməli idi. Lakin Dövlət Neft Şirkəti heç bir sənədə malik olmadan bildirir ki, bu torpaqlar dövlətə, daha dəqiqi ARDNŞ-ə məxsusdur. Bizim əlimizdə bütün lazımi sənədlər var, onların əlində isə “bunların qədim neft torpaqları” olması barədə şifahi bəyanatlardan başqa heç nə yoxdur.

Məhkəmələr itaətkarcasına ARDNŞ-nin xeyrinə qərar çıxarır və bizim ümidimiz Avropa İnsan Hüquqları Məhkəməsinədir.

Üstəlik, ARDNŞ ictimaiyyəti çaşdırmaq üçün açıq yalanlar yaymaqdan çəkinmir. Tikintiyə başladığımız torpaqlar bizim tərəfimizdən (layihəyə cəlb olunmuş adamlar qrupu) vətəndaşlardan alınıb ki, onlara da öz növbəsində həmin sahələr Səbayel bələdiyyəsi tərəfindən satılıb. Tikinti üçün torpaq almağın başqa yolu yoxdur. Bütün sahələr müqaviləyə əsasən Kinematoqrafiya İttifaqının sahiblərinə verilib. Kinematoqrafiya İttifaqı Festival mərkəzinin layihəsini təsdiqləyib və onun inşasına başlayıb. Lakin birdən Neft Şirkəti tərəfindən reyder zəbti baş verdi, buna görə istənilən sivil ölkədə şirkət rəhbərliyi həbsə alınardı.

Sual: Sizinlə razılığa gəlmək, öz yanına dəvət etmək, məsələni müzakirə etmək cəhdləri olubmu?

Cavab: Yox, Heydər Əliyevin idarə etdiyi vaxtlardan fərqli olaraq yox. O, yaradıcı ziyalılar ilə münasibətlərinə önəm verirdi. Son illər hakimiyyətin ədəbiyyat və incəsənət xadimlərinin rolunu kiçiltmək, onların ictimai rəyə təsirini azaltmaq cəhdləri göz qabağındadır.

Mənim fikirlərimin çoxu hakimiyyəti qıcıqlandırır. Məsələn, mən hesab edirəm ki, ermənilərin Azərbaycandan getməsi bizim üçün itkidir, eləcə də azərbaycanlıların Ermənistandan çıxması ermənilər üçün itkidir. Mən erməni xalqını bizim düşmənimiz hesab etmirəm, Ermənistanın mürtəce rəhbərliyini düşmən hesab edirəm və əminəm ki, Azərbaycanda yaşayan və bizim kimi təcavüz qurbanları olan ermənilərə qarşı normal, qeyri-düşmən münasibət Qarabağ probleminin həllinə yardım göstərə bilər. Əgər biz istəyiriksə, Qarabağ əhalisi özünü Azərbaycan vətəndaşı hesab etsin, o zaman onların da azərbaycanlılar kimi hüquq və azadlıqlarına zəmanət verməliyik.

Mənə mahiyyətcə etiraz edə bilməyən dövlət maşını eyni yalanı söyləyir. Məsələn, məni ittiham edirlər ki, Qarabağ ermənisi, daşnak Roman Balayanı və bakılı Rudik Avanesovu Bakıya gətirmişəm. Kiyevdə yaşayan tanınmış rejissor Balayanın Daşnaksütyun Partiyası ilə heç bir əlaqəsi yoxdur və sonuncu dəfə Bakıda 1985-ci ildə olub.

Azərbaycanın böyük vətənpərvəri, bakılı Rudik Avanesov vaxtilə “İzvestisiya” qəzetində dərc olunan və Qarabağda erməni siyasətini pisləyən bəyanatı imzalamışdı. O, Bakıya öz vəsaiti hesabına gəlmişdi və onun gəlişindən Milli Təhlükəsizlik Nazirliyinin xəbəri var idi. Dörd gün Bakıda qaldı, onu mühafizə xidməti müşayiət edirdi. Uzun illərdir ki, mən bu adamlarla dostluq edirəm, onların bizim xalqa yaxşı münasibət bəslədiyinə inanıram.

Sual: Şərq mentaliteti şəraitində korrupsiyaya qalib gəlmək, insan hüquqlarına və digər azadlıqlara nail olmaq olarmı?

Cavab: Sual sadə deyil. Mənə belə gəlir ki, şərq ölkələrinə maarifləndirilmiş avtoritarizm yaxındır və aydındır. Lakin bu zaman güclü ictimai mexanizmlər də olmalıdır ki, hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı münasibətləri tənzimləsin.

Qərb nümunəli demokratiyaya gəlincə, Şərqdə belə model qurmaq asan deyil. Qərb demokratiyası uzun inkişafın məhsuludur. Odur ki, Azərbaycanda cəmiyyətin indiki vəziyyətində seçkilərin effektivliyinə inanmıram. Gələn il seçkilərin saxtakarlıqdan qorunmaq üçün ümumqəbulolunmuş bütün tədbirləri tətbiq etməklə keçirilməsinə nail olmaq üçün bütün səylər göstərilməlidir.

Sual: Azərbaycanda ərəb baharı kimi proseslər, yəni inqilab olması ehtimalı varmı?

Cavab: Bu ölkələrin diktatorları bir qədər daha ağıllı, ictimaiyyət isə daha mütəşəkkil və daha fəal olsaydı, bu ölkələr inqilaba yuvarlanmazdı. Azərbaycanda da eyni səhvlər təkrar olunur. Hakimiyyət “nə qədər sərt olsa o qədər yaxşıdır” taktikasına riayət edir. Onlar eyni şəkildə davam etsələr, artıq dediyim kimi, rejim diktaturaya çevriləcək, bunun arxasınca isə gec-tez inqilab gələcək.

Bir dəfə demişdim ki, Azərbaycanda milli elita formalaşdırılması mexanizmi pozulub və onun keyfiyyətsiz işi nəticəsində hakimiyyətə buna hazır olmayan insanlar gəldilər. Səmərəli dövlət siyasəti formalaşdırmağa qadir olanlar isə kənara atılıblar. Bu səbəbdən Rusiya alimlərinin maraqlı bir araşdırmasını xatırlatmaq istəyirəm ki, bu araşdırma nəticəsində eyni millətin nümayəndələrii səviyyəsində ciddi səpələnmə olduğunu üzə çıxarıb; intellektual cırtdanlarla yanaşı, xalq intellektual nəhənglər də yarada bilər. Azərbaycanda cırtdanlar nəhənglər üzərində üstünlük təşkil edir.

Sual: Və nəticədə Siz – Rüstəm İbrahimbəyov, xalq siması – təqiblərə məruz qalırsınız. Azərbaycanda kitablarınıza, filmlərinizə və bütünlükdə yaradıcılığınıza ehtiyac yoxdur?

Cavab: Sizinlə razılaşmaq məcburiyyətindəyəm. Və yaranmış vəziyyətdə yalnız hakimiyyətdə olanları az oğurluq etməyə çağırmaq qalır. Ölkəmizdə yollar boyunca mərmər çəpərlərə xərclənən vəsaitə dünyanın ən güclü kinostudiyasını qurmaq olardı.

Sual: “Şərq-Qərb” kinofestivalınıza nə oldu?

Cavab: Biz bu festivalı 12 il keçirdik. 1998-ci ildən etibarən Heydər Əliyevin fərmanı ilə festival illik elan olundu. Bizə bir neçə il dövlət dəstəyi oldu. Lakin 2010-cu ildə festivalı bağladılar, baxmayaraq ki, o, ölkəmizi bütün dünyada məşhurlaşdırdı, həm də Azərbaycanın informasiya blokadasında olduğu zamandan etibarən.

Sual: Azərbaycanda müxalifəti necə qiymətləndirirsiniz?

Cavab: Bizdə müxalifət kifayət qədər qarışıqdır: müxtəlif siyasi partiyalardan dini qruplara və cərəyanlara qədər. Demokratik platformaya məxsus ən güclü partiyalar Xalq Cəbhəsi və Müsavat-dır. Onlar uzun illərdir hakimiyyətlə mübarizə aparır. Təəssüf ki, bir müddət hakimiyyətdə olduqları zaman onlar öz proqramlarını həyata keçirə bilmədilər. Lakin onların mübahisəolunmaz tarixi xidməti var – məhz bu insanlar ilk dəfə etirazçı kütləni Bakı küçələrinə çıxardılar. Mən ölkənin gələcəyini yeni nəsil siyasətçilərlə bağlayıram.

Sual: Heydər Əliyevin yanına gedib, onunla danışa bilirdiniz. İndi necə, İlham Əliyevin qəbuluna düşə bilirsiniz?

Cavab: O, demək olar ki, əlçatmazdır. Mən onunla beş il əvvəl görüşmüşdüm və o zaman görüşün baş tutması üçün 2 ay lazım oldu.

Sual: Siz kimin yanındasınız: hakimiyyətin, yoxsa müxalifətin?

Cavab: Mən öz-özümləyəm, amma, Ziyalılar Forumuna daxil olan dostlarım kimi, ölkədə demokratiya və qanunçuluq prinsiplərinin yerini almasının tərəfdarı olan hər kəslə əməkdaşlığa hazıram.

Sual: Qorxursunuzmu, Sizdə qorxu hissi varmı?

Cavab: Hər normal insanda qorxu hissi var. Lakin mən Bakının ucqar yerində, kişinin ənənəvi davranış normaları olan bir yerdə yetişmişəm. Bu normalardan biri – kişi cavab verməyi bacarmalıdır. Özünü müdafiə etməyi bacarmırsansa, hörmətə layiq deyilsən. Mənim hakimiyyətlə münaqişəm bundan irəli gəlir. Təəssüf ki, rəqiblərim mənim toxunduğum məsələlərə cavab vermək yerinə, kütləvi informasiya vasitələrindən istifadə edərək, açıq-aşkar yalan və böhtanla cavab verir.

Amma dahilərdən biri deyib ki, bir nəfəri uzun müddət aldatmaq olar, çoxlarını qısa müddət aldatmaq olar, amma hamını uzun müddət aldatmaq olmaz. O ki qaldı bizim kimi dözümlü xalqı.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG