Accessibility links

Rüstəm İbrahimbəyov: Dəhşətli təzyiqlər göstərilir. Abbas Abbasovun ailəsini şantaj edirlər


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov
Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən Rüstəm İbrahimbəyov “Media forum” saytına müsahibə verib. Müsahibdə Azərbaycanda ictimai fikirdə həm də “Milyonerlər” təşkilatı kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının yaranma zərurəti və səbəblərindən danışılır. Rəsmi Bakı təşkilat yaranmasına ehtiyac olmadığını bildirib.


Maraqlı müsahibəni qısa ixtisarla diqqətinizə çatdırırıq.

- Rusiyada yaşayan bir qrup azərbaycanlı iş adamı ilə birlikdə Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaratmısınız. İttifaqın Koordinasiya Şurasında sizinlə yanaşı indiki hakimiyyəti dəstəkləyən iş adamları, hətta Azərbaycan prezidenti ilə qohumluq münasibətləri olan şəxs də var. Sizin orada təmsil olunmağınızı zəruri edən nə idi?

- Bəziləri mənim yeni ittifaqda təmsil olunmağımı təəccüblə qarşılayıb. Amma bu mənə çox qəribə gəlir. Çünki Rusiya Azərbaycan Təşkilatları İttifaqında təmsil olunan insanlarla on ildir Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK) birlikdə işləyirik. Mən konqresin vitse-prezidenti olmuşam. Eyni zamanda Vahid Ələkbərov, İsgəndər Xəlilov, Telman İsmayılov, Araz Ağalarov Ümumrusiya Azərbaycanlıları Konqresində vitse-prezident vəzifəsini tutublar. Biz on ildir bir yerdə işləyirik, ünsiyyətdə oluruq. İndi hamı təəccüblə deyir ki, necə olub biz bir təşkilatda birləşmişik. On ildir Moskvada bir yerə fəaliyyət göstərməyimizi nəzərdən qaçırırlar.
Biz indi də bu təşkilatda bir yerdəyik. Mən təşkilatçılardan və təsisçilərdən biriyəm. Ona görə ki, Rusiyada bir balaca nüfuzum var, məni tanıyırlar. Rusiyada təşkilatı kimin yaratması mühüm amildir. Eyni zamanda orada kimlərin təmsil olunması təşkilat üçün vacibdir. Ona görə də ittifaqda təmsil olunuram. Digər tərəfdən bizim Ziyalılar Forumuna, onun fəaliyyətinə Rusiyada da böyük hörmətlə yanaşırlar. Mənim ittifaqda təmsil olunmağımın bir səbəbi də budur.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaranmasını zəruri edən amillər nə idi? İdeya kimə məxsusdur?

- Rusiyadakı Ümumrusiya Azərbaycanlıları Konqresi son iki ildə çox zəif fəaliyyət göstərib. Konqres əvvəllər yaxşı işləyirdi. Sonra Azərbaycandan Rusiyaya adamlar getdilər, konqresin vitse-prezidentlərinə və orada təmsil olunan digər şəxslərə xəbər vermədən, fikrimizi soruşmadan təşkilatda kadr dəyişiklikləri etdilər. Eyni zamanda konqresin strukturunu da dəyişdilər.

Rusiyada yaşayan milyonlarla azərbaycanlının taleyi heç kimi maraqlandırmır. Başqa millətlərlə müqayisədə bizim soydaşlarımız çox ağır durumdadırlar, aciz vəziyyətə düşüblər. Çünki azərbaycanlıların strategiyası, onları birləşdirən qüvvə, təşkilat yoxdur. Biz də məcbur olduq ki, həmyerlilərimizi bu vəziyyətdən çıxarmaq üçün hansı addımları ata biləcəyimizi, bunu necə edəcəyimizi müzakirə etmək üçün bir yerə yığılaq. Ümumilikdə götürəndə Rusiyada yaşayan azərbaycanlılar iki qrupa bölünüblər. Onların bir hissəsi Rusiya vətəndaşıdır və çətin də olsa hansısa formada özlərinə yer tutublar. Rusiya vətəndaşı olmayanlar isə bir tikə çörək üçün bu ölkəyə üz tutublar və vəziyyətləri çox ağırdır. Amma azərbaycanlıların problemləri ilə heç kim məşğul olmur, taleləri ilə maraqlanan yoxdur. Ona görə müzakirə etdik və belə qərara gəldik ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqını yaradaq. Bunu lazımlı hesab etdik.

Mənim Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Məmməd Əliyevə böyük hörmətim var. Onun diaspor sahəsində böyük xidmətləri mövcuddur. Amma Məmməd Əliyev cərrahdır və vaxtı azdır. Konqresin aparatını isə Bakıdan gedən adamlar formalaşdırıblar, strukturu dəyişdirib özlərinə sərf edən bir neçə adamı Məmməd Əliyevə müavin qoyublar. Onlar çox zəif işləyirlər. Heç təşkilatı qeydiyyatdan da keçirə bilmirlər. Faktiki olaraq ÜAK fəaliyyət göstərmir. Deməli, Rusiyada yaşayan azərbaycanlıları müdafiə etmək, birləşdirmək üçün yeni bir təşkilat lazım idi. Bütün bu amillər ittifaqın yaranmasını zəruri edirdi.

- Necə oldu ki, baş nazirin sabiq birinci müavini Abbas Abbasovu ittifaqa sədr seçdiniz?

- Abbas Abbasovun böyük təşkilatçılıq qabiliyyəti var və bu işlərlə məşğul olmaq imkanları genişdir. Ona görə də qərara gəldik ki, onu sədr seçək və bu işlərlə məşğul olsun. İttifaqa görə Azərbaycanda təşvişə düşüblər. Bu mənə qəribə gəlir. Axı niyə təşvişə düşüblər? Çünki bu, başqa bir ölkədə yaradılan ictimai təşkilatdır. Əgər ittifaqı Azərbaycandan idarə etmək istəyirlərsə, bunu belə açıq, kobud formada etməzlər. Çünki Rusiyada buna gülürlər. Ümumrusiya Azərbaycanlıları Konqresini də çox pis vəziyyətə qoydular. İndi hamı deyir ki, konqres xarici təsir altında olan agent təşkilatdır. Rusiya Azərbaycan Təşkilatları İttifaqını da bu vəziyyətə salmaq istəyirlər. Belə getsə, istəklərinə nail olacaqlar.

- Rüstəm müəllim, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Azərbaycanda hakimiyyət iddiası varmı?

- İttifaqın rəhbərliyində təmsil olunanların və üzvlərinin böyük əksəriyyəti Azərbaycan hakimiyyəti ilə sıx bağlılığı olan, iqtidarı tam dəstəkləyən adamlardır. Bir neçəsi hakimiyyətdəkilərlə qohumdur, bir neçəsi vaxtilə birlikdə müəyyən işlər görüblər, digərlərinin işləri indi də iqtidardakılarla bağlıdır və sıx əlaqələri var. Mən başa düşə bilmirəm ki, bunlar nədən qorxurlar? Niyə belə təşviş yaranıb? Bütün bunlar mənə aydın deyil.

- Hakimiyyət Ümumrusiya Azərbaycanlıları Konqresində hansı dəyişikliklər etmişdi? Sizi qane etməyən nə idi?

- Biz indi də konqresdə təmsil olunuruq. Əvvəl vitse-prezident idik. Sonra dəyişdilər və Rəyasət Heyətinin üzvləri etdilər. 20-dək vitse-prezident vardı. Bu institutu ləğv etdilər və Rəyasət Heyətinə çevirdilər. Amma bizi iki ildə bir dəfə də iclaslara çağırmadılar.
Bundan başqa Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyəti adlı təşkilat var. Söyün Sadıqovun rəhbərlik etdiyi bu təşkilat böyük hörmətə malikdir və çox yaxşı işləyir. Amma Ümumrusiya Azərbaycanlıları Konqresi ilə Azərbaycan Milli-Mədəni Muxtariyyəti bir-biri ilə dil tapa, birlikdə işləyə bilmirlər, əlaqələri yoxdur. Bizim yaratdığımız ittifaq bunları birləşdirməli idi. Amma hər iki təşkilat qalacaqdı. Biz işləri koordinasiya edən təşkilat yaratmışdıq.

Açıq deməliyəm ki, konqresin maddi imkanı da yoxdur. Çünki milyarderlər adlandırılan həmin şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresindəki vəzifələrindən çıxarılandan sonra faktiki olaraq təşkilata köməklik etmirlər. Amma yeni ittifaqda fəal işləməyə söz veriblər.

Eyni zamanda Rusiyada azərbaycanlıların yaratdığı 15-dək diaspor təşkilatı var. Başsız qalıblar. Onları bir araya gətirən, fəaliyyətlərini koordinasiya edən yoxdur. Bunları birləşdirmək haqda düşünmək əvəzinə intriqalarla məşğul olmağa başlayıblar. Bir düşünsünlər ki, bu yazıq iki milyon azərbaycanlı orada necə yaşayır? Bunların həyatını bir qədər də olsa necə rahatlaşdıra bilərik? Onların hüquqlarını kim müdafiə edəcək? Bütün bu problemlər bir kənarda qalıb. Yalnız onu fikirləşirlər ki, Rüstəm İbrahimbəyov bu milyarderlərlə harada tanış olub, necə olub ki, onlar bir ittifaqda təmsil olunmaq qərarına gəliblər? Axı bunun nə əhəmiyyəti var? Mən də, onlar da Moskvada yaşayırıq.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı hazırda fəaliyyət göstərirmi? Neçə toplantınız olub?

- İttifaq heç fəaliyyət göstərməyib də. Cəmi bir dəfə toplaşıb qərara gəlmişik ki, bu təşkilatı yaradaq. Qərarımıza uyğun olaraq ittifaqı təsis etdik. Bundan sonra Azərbaycanda böyük hay-küy başlandı. Mən qəzetlərdən oxudum ki, Abbas Abbasov deyib ittifaqın fəaliyyəti hələlik dayandırılır. Amma nəyin dayandırıldığını başa düşmürəm. Çünki fəaliyyət yox idi.

Azərbaycandan ittifaqa çox böyük, dəhşətli təzyiqlər göstərilir. Bəlkə də ittifaq fəaliyyət göstərmədi. Çünki burada Abbas Abbasovun ailəsini şantaj edirlər, ona təzyiq göstərirlər. O, mənim köhnə tanışımdır. Amma bizim mövqelərimiz üst-üstə düşmür. Mən milyarderlərlə bir ittifaqda təmsil olunuram. Buna baxmayaraq bizim maddi imkanlarımız da, dünyagörüşümüz də fərqlidir, bir çox məsələdə mövqelərimiz üst-üstə düşmür, köklü şəkildə fərqlənir. Abbas Abbasov indiki hakimiyyətin çox yaxın adamıdır, onlara bağlıdır və iqtidarın dayağıdır. Mənim də mövqeyim hamıya məlumdur. Bütün bunlara baxmayaraq birləşmək qərarı vermişik. Bizim yalnız bir məqsədimiz var: Rusiyada yaşayan azərbaycanlılara kömək edək. Başqa məqsədimiz yoxdur.

Hakimiyyətin etdikləri, ittifaqa göstərilən təzyiqlər azərbaycanlılara, Rusiyada yaşayan soydaşlarımıza böyük zərbədir. Bu zərbəni indiki iqtidar vurub. Çünki biz təşkilat yaradıb oradakı soydaşlarımıza kömək etmək istəyirdik. Amma iqtidar buna mane olur. Orada yaşayan azərbaycanlıların taleyi heç kimi maraqlandırmır.

Bunlar nəyə istəyirlər fikir verirlər, hər şeyi izləyirlər, güdürlər, lakin azərbaycanlıların hüquqlarının pozulması, bir-birini qırması, öldürməsi, düşmənçilik etməsi kimi mühüm problemlərlə heç kim maraqlanmır.

Mən əlimdən gələni edəcəm ki, ittifaq fəaliyyət göstərsin. Ancaq bunun alınıb-alınmayacağını bilmirəm. Çox çətinliklə olsa da, Azərbaycan Kinematoqrafçılar İttifaqını saxlayıram. İmkanım çatdığı qədər vətəndaş cəmiyyətinin formalaşdırılmasına çalışıram. Moskvada da, vaxtım və imkanım olsa, Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət göstərməsinə çalışacam. Çünki Rusiyada yaşayan azərbaycanlıların taleyi məni çox narahat edir.

- Belə fikirlər var ki, Moskva bu ittifaqı Azərbaycana təzyiq etmək üçün ortaya atıb. İttifaqın yaradılmasında Rusiyanın hakimiyyət orqanlarının rolu olubmu?

- Heç bir rolu yoxdur. Biz ittifaqı təsis edib normal qaydada Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmişik. Rusiyada elə gərgin, böyük proseslər baş verir ki, bu təşkilat onlara nə lazımdır, nə də ona fikir və əhəmiyyət verirlər. Rusiyada yaradılmış təşkilat Azərbaycana necə təzyiq edə bilər? İttifaq Azərbaycanın daxili işlərinə necə müdaxilə edə bilər? Bunu başa düşmürəm. Axı bu, başqa ölkənin təşkilatıdır. Ən əsası isə bunu başqa ölkənin vətəndaşları yaradıb. Bəs burada niyə təşvişə düşüblər?

- Rüstəm müəllim, ittifaqın yaradılmasını Azərbaycan rəhbərliyi, ölkənin Rusiyadakı səfirliyi ilə müzakirə etmişdinizmi? Səfir Polad Bülbüloğlunu təsis toplantısına dəvət etmişdinizmi?

- Heç kimlə müzakirə etməmişdik. Polad Bülbüloğlunun bundan xəbəri yox idi. İttifaq Azərbaycanla bağlı olmadığına görə bunu kiminləsə müzakirə etməyə ehtiyac da yoxdur. Məgər Fransada yaşayan ingilislər hansısa təşkilat yaradırlarsa, durub Londona zəng edib deməlidirlər ki, belə bir iş görürük? Səfirin orada nə işi ola bilərdi? Səfir hökumətin verdiyi tapşırıqları yerinə yetirməklə məşğul olmalıdır. Orada səfirlə bağlı bir iş var?

- Niyə Azərbaycan hakimiyyəti ittifaqın yaradılmasını müsbət qarşılamadı?

- Mən bunu başa düşmürəm. Mənim kino ittifaqımın üstünə niyə düşüblər? Bizi niyə qırırlar, təşkilatı bağlayırlar? Kim törədir belə işləri? Ziyalılar Forumunu niyə qəbul etmirlər? Baxmayaraq ki, Ziyalılar Forumunda təmsil olunanlar siyasətlə məşğul olduqlarını, iqtidara qarşı çıxdıqlarını elan etməyiblər. Biz deyirik ki, Azərbaycanda vətəndaş cəmiyyəti yaradılmalıdır, demokratiya olmalıdır. Hakimiyyət də bunu deyir.

Bəs nəyə görə bizi məhv etməyə çalışırlar? Ona görə ki, səviyyələri çox aşağıdır, sovet düşüncəsinə malik olan məmurlardır, çox kobud və qeyri-peşəkarcasına işləyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG