Accessibility links

Rüstəm İbrahimbəyov Milli Şuraya Vaşinqtondan məktub göndərib


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Milli Şuranın sədri məktubunda ABŞ paytaxtında 50-ə yaxın şəxslə görüşdüyünü bildirib

Hazırda Vaşinqtonda səfərdə olan Milli Şuranın sədri, görkəmli ictimai və incəsənət xadimi Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrinin Milli Şurasına məktub göndərib.

Məktubda deyilir:

"Əziz dostlar! Sizə məlum edirəm ki, mən iyunun 10-dan 15-ə kimi Vaşinqtonda Dövlət departamenti, Konqresin Senat və Nümayəndələr palatası, həmçinin ABŞ-ın stareji siyasətini hazırlayan, eləcə də insan haqları və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən təşkilatlarda mühüm görüşlər keçirmişəm.

Danışaqlarda 2013-cü il prezident seçkiləri, Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq kimi konstitusiya hüququnun özünə qaytarılması yolları və ölkəmizdə demokratik proseslərin genişləndirilməsində ABŞ dövlətinin rolu məsələləri ətraflı müzakirə edilib. Bu mühüm mövzuda Dövlət Departamentinin sədrinin müavini Uzra Zeya, onun yardımçısı Tomas Meliya, Kətrin Key (Nazir Kerrinin xarici siyasətini formalaşdıran idarənin məsul işçisi), üç aparıcı departamentin direktorları və məsul işçiləri ilə iki dəfə geniş diskussiya aparmışam. Müzakirələrimiz yüksək səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçib.

Konqresdə ən böyük komisiya sayılan Helsinki Komisiyasının sədri tanınmış Senator Bencamin Garden, həmçinin Senator Roqer Viker, Xarici Əlaqələr Komisiyasından sədri Robert Menendesin ofisndə Ceyssen Bruder və başqaları ilə görüşlərimiz keçirildi .

Məşhur Kornegi fondunda vaxtilə Azərbaycanda və RF çalışmış səfirlərlə, fondun Qafqaz üzrə analitikləri və ekspertləri ilə də çox maraqlı müzakirələrimiz oldu. ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun vitse-prezidenti Nadiya Dyukla və qurumun müvafiq region üzrə departamentinin direktorunun iştirakı ilə geniş auditoriyada dövlət və qeyri-dövlət təşkilatlarının mütəxəssisləri ilə geniş müzakirələr apardıq.

Ümumiyyətlə, Vaşinqtona səfər çərçivəsində 50-dən çox məsul şəxslə və 20 müxtəlif təşkilatlarda görüşlər keçirdim.

Həm Konqres, həm də hökümət idarələrində keçirilən görüşlərdə ABŞ tərəfi Milli Şuranın yaranmasını demokratik qüvvələrin qələbəsi kimi qiymətləndirdilər. ABŞ-ın Azərbaycandakı enerji və beynəlxalq təhlükəsizlik maraqlarının olduğunu qeyd edən məsul şəxslər, buna baxmayaraq ölkənin prioritet siyasətinin Azərbaycanda demokratiyanın bərpası olduğunu da dəfələrlə təsdiqlədilər.

ABŞ-ın məsul şəxsləri demokratik seçkilərə nail olmaq üçün onlardan asılı olan bütün tədbirləri görəcəklərinə məni əmin etdilər. Bununla yanaşı, hər şeyin Azərbaycan xalqından asılı olduğunu da vurğuladılar. Mən vacib görüşlərimdə ölkəmizdə uzun illər sürən korrupsiya –rüşvət, total repressiya siyasətinin xalqın iradəsini zəiflətsə də, onun demokratiyaya olan inamını və mübarizə əzmini qıra bilmədiyini qeyd etdim. ABŞ-ın real dəstəyinin xalqın ümidlərini tezliklə bərpa edəcəyinə inandığımı bildirdim.

Keçirdiyim görüşlərdə Milli Şuraya çox böyük marağın olduğunu hiss etdim. ABŞ məsulları Milli Şuranın vahid namizəd və vahid platforma ilə seçkilərə getməsinin vacibliyini də qeyd etdilər.

İyulun əvvəlində senator Vikerin başçılığı altında senat nümayəndələrinin Bakıya səfəri gözlənilir. Mən ondan xahiş etdim ki, prezident və digər rəsmilərlə yanaşı, hökmən Milli Şuranın nümayəndələri ilə də görüşsün.

Keçrilmiş 9 görüşdə (yuxarıda adları sadalanan təşkilatlarla) Milli Şura ilə bu təşkilatların atacağı addımları koordinasiya etməsinin vacibliyi qeyd olundu. Bu koordinasiya nəhayət xalqın hüquqlarının bərpa edilməsi və demokratik seçkilərin keçirilməsi ilə nəticələnməlidir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq Vaşinqton görüşlərinin əhəmiyyətli və səmərəli olması qənaətini Sizinlə bölüşmək istəyirəm.

Azərbaycanda demokratik seçkilərə dəstək almaq üçün Avropa ittifaqı və Avropa Şurasına, həmçinin Rusiya Federasiyası və Türkiyə Cümhuriyyətinə səfər etməyi də planlaşdırıram. Məqsəd bu ölkələrin və beynəlxalq təşkilatların Milli Şuranın demokratik seçkilər keçirmək məqsədini dəstəkləməsinə nail olmaqdır.


Hörmətlə, Rüstəm İbrahimbəyov. Vaşinqton, ABŞ, 15 iyun 2013 il.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG