Rusiya keçən həftə ölkədə baş verən təyyarə qəzasında ölənlər arasında muzdlulardan ibarət "Vaqner" qruplaşmasının lideri Yevgeni Priqojinin da olduğunu təsdiq edib. Ölkənin İstintaq Komitəsi genetik testin onun şəxsiyyətini təsdiq etdiyini bildirib. Şəxsi təyyarə qəzaya Priqojinin Kremlə qarşı uğursuz qiyama rəhbərlik etməsindən iki ay sonra uğrayıb.
Rusiya hakimiyyət orqanları avqustun 23-də ölümlə nəticələnən təyyarə qəzasında "Vaqner" qrupunun lideri Yevgeni Priqojinin həlak olduğunu təsdiqləyib. Rusiya dövlət mediasının bildirdiyinə görə, Priqojin yeddi sərnişin və üç ekipaj üzvünün hamısının öldüyü təyyarədə olub. Müstəntiqlər bazar günü bildiriblər ki, cəsədin qəzada ölən Priqojinə aid olduğunu müəyyən edib.
Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko "molekulyar genetik müayinələr" nəticəsində qəzada öldüyü bildirilən 10 nəfərin hamısının siyahıda göstərilən "uçuş vərəqi"nə uyğun gəldiyini deyib.
Ölümlə nəticələnən qəza Priqojinin muzdlularının paytaxt Moskvadan 200 kilometr məsafədə həyata keçirdiyi uğursuz üsyana rəhbərlik etdiyi gündən iki ay sonra baş verib. Priqojinin "Vaqner" muzdluları Ukraynadakı müharibədə Rusiya qüvvələri ilə birlikdə döyüşüb.
O zaman Rusiya prezidenti Vladimir Putin təxminən 25 il əvvəl hakimiyyətə gəldiyi vaxtdan bəri hökumətinə qarşı ən cəsarətli təhlükə barədə bunları demişdi. "Hazırda üzləşdiyimiz şey xəyanətdir. Ağılsız ambisiyalar və şəxsi maraqlar dövlətə, öz xalqımıza və Vaqner döyüşçüləri və komandirlərin bizim birləşmələrimiz və briqadalarımızla birlikdə döyüşüb həlak olduğu ümumi işimizə xəyanətdir".
Priqojini daşıyan təyyarənin düşməsinin səbəbi sirr olaraq qalır. Lakin Pentaqon bu yaxınlarda qəzanın səbəbini izah edən bir nəzəriyyəni inkar edib. Pentaqon sözçüsü, briqada generalı Pat Rayder: "Hazırda mətbuatda təyyarənin "yer-hava" tipli raketlə vurulması barədə məlumatla bağlı heç bir bilgimiz yoxdur. Biz hesab edirik ki, bu məlumat doğru deyil".
Putin hələ də Priqojinin ölümündə əli olduğunu açıq şəkildə öz üzərinə götürməsə də, ABŞ prezidenti Co Bayden deyib ki, bunun çətin ki Putinin razılığı və ya xəbəri olmadan baş verməsi mümkün ola bilər.
Kreml Ukraynaya qarşı müharibəni onun əsas təməl daşlarından biri olan Priqojinin rəhbərlik etdiyi "Vaqner" qrupu olmadan davam etdirdiyi zaman rəsmi olaraq təyyarənin vurulması ilə hər hansı əlaqəsi olduğunu inkar edir.
Forum