Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin keçən ilin aprel ayından bəri 5 min 300-dən çox insanın həyatını itirdiyi münaqişəyə son qoyulması məqsədilə zirvə görüşü keçirəcəyi gün Ukraynanın şərqində şiddətli döyüşlər davam edib.
Səhiyyə rəsmiləri və üsyançıların bildirdiyinə görə, separatçıların nəzarətində olan Donetsk şəhərində avtobus stansiyasına düşən qumbara azı 2 nəfərin ölümünə səbəb olub. Ordu rəsmiləri də üsyançıların Debaltsevo yaxınlığındakı döyüşlər zamanı azı 19 əsgərin öldüyünü, 78 nəfərin isə yaralandığını bildirib.
Belarusda keçiriləcək zirvə görüşündən əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Avropa İttifaqı ilə bir mövqedən çıxış edəcəyini deyib. Bundan əvvəl o bildirib ki, dörd ölkə arasında keçiriləcək danışıqlar ölkəsi ilə Rusiya tərəfdarı separatçılar arasındakı döyüşlərə son qoyulması istiqamətində son imkanlardan biri olacaq.
ABŞ perzidenti Barak Obama Ukraynanın şərqində zorakılıqların artması və Rusiyanın separatçılara dəstəyi davam etdirməsi məsələlərini müzakirə etmək məqsədilə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinə zəng edib. Telefon söhbəti zamanı cənab Obama Birləşmiş Ştatların Ukraynanın suverenlyi və ərazi bütövlüyünə dəstəyini bir daha təkrar edib.