Martın əvvəlindən Rusiya qoşunlarının işğalı altında olan Xerson şəhərindəki televiziya qülləsində aprelin 27-nə keçən gecə partlayış səsləri eşidilib. Nəticədə Rusiya telekanallarının yayımı müvəqqəti olaraq dayandırılıb və sonradan bərpa edilib.
Sosial şəbəkələrdə şəhərin televiziya qülləsi ərazisində partlayışları əks etdirən videolar yayılıb. BBC agentliyinin rus xidməti bəzi mənbələrə istinadən partlayışdan sonra Xersonun bir neçə rayonunda Rusiya tele-kanallarının yayımının dayandırıldığını yazıb.
Rusiyanın dövlət xəbər agentliyi RIA Novostinin bildirdiyinə görə, şəhərin televiziya mərkəzinin yaxınlığında “bir neçə güclü partlayışlar” baş verib. Agentliyin müxbiri iddia edib ki, hücum Ukrayna hərbçilərinin mövqelərindən qaynaqlanıb.
“Şəhərə zərbələr Ukrayna qoşunlarının mövqeləri tərəfdən “Toçka-U” sistemindən azı iki raketlə endirilib. Ondan əvvəl isə “Uraqan” raket sistemindən beş atəş açılıb,” RIA Novosti xəbər verib.
Agentlik bu iddiaları əsaslandıran sübut təqdim etməyib.
Rusiyanın hüquq-mühafizə orqanındakı mənbə agentliyə Ukrayna hərbçilərinin Xersona üç “Toçka-U” raketi atdığını, lakin onlardan ikisinin vurulduğunu bildirib.
Ukraynanın ictimai televiziya kanalı "Suspilne" da "Xersonda partlayış səsləri eşidilir" deyib.
RIA Novosti-nin verdiyi məlumata görə, televiziya qülləsinə ziyan dəyməyib, itkilər barədə məlumat verilməyib.
Bu məlumatın müstəqil təsdiqi yoxdur. Ukrayna tərəfi bununla bağlı hələ şərh verməyib.
Bu arada Ukrayna mətbuatı da Nikolayev, Odessa və Xarkivdə gecə partlayışları haqqında məlumat verib. Odessa hökumətinin bildirdiyinə görə, Rusiyanın kəşfiyyatçı pilotsuz aparatı dəniz üzərində havada vurulub.