Bir sıra kremlyönümlü təbliğatçı Ukraynanı Fələstinin HƏMAS qruplaşmasının militantlarına silah ötürməkdə ittiham edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev oktyabrın 9-da iddia edib ki, tərəfdarlarının Ukraynaya verdiyi silahlar "İsraildə fəal şəkildə istifadə olunur" və bununla həmin silahların HƏMAS tərəfindən istifadə edildiyinə işarə edib.
"Bundan başqa, qaçan amerikalıların Əfqanıstanda qoyub getdiyi silahlar kimi, onlar da bütün qaynar nöqtələrdə nəzarətsiz istifadə olunacaq. Vəziyyət daha da pisləşəcək. Kyivdən raketlər, tanklar və təyyarələrin qara bazarda satılacağını gözləyin" - deyə, Medvedev yazıb.
"Rusiya-1"də "60 dəqiqə" verilişlərinin aparıcısı Olqa Skabeyeva Telegram kanalında silah və sursatın olduğu, arxa planda isə ərəb dilində Ukraynaya təşəkkür edilən səsin videosunu yayımlayıb. Videonun HƏMAS-la əlaqəli olduğuna dair heç bir sübut yoxdur, lakin Skabeyeva məhz bunu iddia edir.
Skabeyeva "Ukrayna ordusunun NATO-nun yardımını satmaq üçün əllərindən gələni etdikləri artıq heç kimə sirr deyil" yazır.
Bloger və Moskva İctimai Palatasının üzvü Pavel Danilin də HƏMAS militantlarının Ukrayna silahlarından istifadə etdiyini yazsa da, eynilə Skabeyeva kimi, bu barədə heç bir sübut təqdim etmir.
Politoloq və Vladimir Putinin etibarlı adamlarından biri olan Sergey Markov da yazır ki, HƏMAS-ın İsrailə uğurlu hücumu militantlarının "Ukraynadan qeyri-qanuni yollarla çoxlu silah ala bilməsinin" nəticəsidir. O, iddia edir ki, Kyiv HƏMAS-a ABŞ və NATO ölkələri tərəfindən verilən silahları satıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya qarşı təxribat hazırladığı barədə xəbərdarlıq etmişdi. İdarə Kyivin NATO ölkələrinin ona verdiyi silahları HƏMAS terrorçularına təhvil verdiyi və onlardan İsrailə qarşı istifadə edilməsi mövzusunu inkişaf etdirməyə hazırlaşdığını bildirmişdi.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin Telegram kanalında "Kremlin dezinformasiya kampaniyasının bir hissəsi olaraq, bu saxtakarlıqlar Qərb mediasında bir sıra "nəşrlər" və "araşdırmalar" üçün əsas təşkil etməlidir" deyilib.
Ukraynanın Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Rusiya tərəfi ABŞ və Avropa İttifaqı ölkələrində istehsal olunmuş və Ukraynadakı döyüşlər zamanı ələ keçirilən silahları HƏMAS terrorçularına təhvil verib.
Forum