Accessibility links

Rusiyada ABŞ-ın tələbi ilə REvil qrupunun kibercinayətkarları həbs edilib


Rusiya hakimiyyəti ABŞ-ın tələbi ilə onlayn qəsb ilə məşğul olan REvil kibercinayətkarlar dəstəsinə qarşı xüsusi əməliyyat keçirib. Dəstə üzvləri saxlanılıb və onlara qarşı cinayət işi açılıb. Bu barədə cümə günü Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

FSB-nin saytında dərc edilən açıqlamaya görə, üzvləri Vaşinqton tərəfindən axtarışa verilən haker qrupu dağıdılıb, Rusiyanın atdığı addımlar barədə ABŞ-a məlumat verilib.

“Mütəşəkkil cinayətkar qruplaşma fəaliyyətini dayandırıb, cinayət məqsədləri üçün istifadə olunan informasiya infrastrukturu zərərsizləşdirilib” – deyə, məlumatda deyilir.

ABŞ-ın Moskvadakı səfirliyi hələ ki, FSB-nin bəyanatını şərh etməyib.

“İnterfaks” agentliyinə məsələ ilə bağlı məlumatı olan mənbə bildirib ki, qruplaşmanın Rusiya vətəndaşlığı olan üzvləri ABŞ-a ekstradisiya edilməyəcək.

Noyabr ayında Birləşmiş Ştatlar REvil daxilində əsas vəzifələrdə olan insanları müəyyən edə və ya yerləşdirə bilən məlumat üçün 10 milyon dollara qədər mükafat müəyyənləşdirdiyini açıqlayıb.

Son bir il ərzində ABŞ-da bir neçə böyük şirkətin daxili şəbəkələri haker hücumuna məruz qalıb. Bu əməliyyatlarda iştirak edən kibercinayətkarlar sındırılmış təşkilatlardan böyük məbləğdə fidyə tələb ediblər. Vəziyyətlə tanış olan mənbənin iyun ayında Reuters-ə verdiyi məlumata görə, REvil fidyə, xüsusən də böyük ət məhsulları istehsalçısı JBS SA-nın daxili şəbəkəsinə uğurla hücum edib.

XS
SM
MD
LG