Accessibility links

Peskov: Priqojinin öldüyü təyyarə qəzasının versiyaları arasında "qəsdən törədilmiş cinayət" də var


Dmitri Peskov
Dmitri Peskov

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, muzdlulardan ibarət Vaqner qruplaşmasının təsisçisi Yevgeni Priqojinin olduğu təyyarənin qəza versiyaları arasında "qəsdən törədilmiş cinayət" də var. Onun sözlərini RBK sitat gətirib.

"Heç bir nəticə olmadığı üçün bunu dəqiq ifadə edə bilmirəm. Amma açıq-aydın görünür ki, müxtəlif versiyalar var. Onların arasında belə deyək, qəsdən törədilmiş cinayət də var. Gəlin Rusiya İstintaq Komitəsi tərəfindən aparılan araşdırmanın nəticələrini gözləyək" - deyə, Peskov bildirib.

Reuters xəbər agentliyi daha əvvəl yazmışdı ki, Dövlətlərarası Aviasiya Komitəsi Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinin (CENIPA) təyyarə qəzasının təhqiqatında iştirak etməyə hazır olması barədə sorğusuna cavab olaraq, Rusiyanın beynəlxalq qaydalara uyğun araşdırma aparmayacağını bildirib. Qəzaya uğrayan təyyarə daxili reysdə idi, ona görə də onu yerli aviasiya orqanları araşdıracaq.

Priqojinin olduğu təyyarə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilib. CENIPA-nın rəhbəri Marselo Moreno deyib ki, "Onlar məcbur deyil, onlara sadəcə bunu etmək tövsiyə olunur". Onun sözlərinə görə, Rusiya Braziliyanı istintaqa dəvət etsə, onlar araşdırmada uzaqdan iştirak edəcək.

ABŞ-ın keçmiş hava qəzası müstəntiqi Ceff Quzzetti agentliyə bildirib ki, CENIPA uzaqdan iştirak etsə belə Rusiya Braziliyanın yardımını qəbul etməlidir. "Əgər onlar bunu etməsələr, bu, istintaqın şəffaf olmayacağına işarədir" - deyə, Quzzetti bildirib.

Təyyarə qəzasının araşdırılmasında Braziliya mərkəzinin əməkdaşlıq təklifindən danışan Peskov deyib ki, "beynəlxalq aspektdən söhbət gedə bilməz. Hazırda şərait və təyyarə qəzası ilə bağlı vəziyyət tamamilə fərqlidir" deyib.

Priqojinə məxsus olan təyyarə Vaqner-in üsyanından düz iki ay sonra, avqustun 23-də axşam qəzaya uğrayıb. "Embraer-135" biznes-jet Moskvadan Sankt-Peterburqa uçurdu. Təyyarədə 3-ü ekipaj üzvü olmaqla, 10 nəfər olub. Onların hamısı ölüb.

Avqustun 27-də İstintaq Komitəsi Priqojinin ölümünü təsdiqləyib və iki gün sonra o, Sankt-Peterburqdakı "Poroxov" qəbiristanlığında atasının yanında dəfn edilib.

Forum

XS
SM
MD
LG