Accessibility links

Rusiya Aleksey Navalnı ilə vidalaşır


Minlərlə insan əllərində gül fevral ayında ölkənin şimalındakı ucqar cəzaçəkmə müəssisəsində vəfat edən Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə vidalaşmaq üçün Moskvanın cənub-şərqinə, Maryino rayonundakı "Kədərimi sakitləşdir" (Утоли моя печали) kilsəsinə gedib.

Məbədə girmək istəyənlərin sırası hər dəqiqə artdığı üçün böyük növbə yaranıb.

Siyasətçinin cənazəsi olan maşın dəfn mərasimi üçün kilsəyə gələndə alqışlarla və "Navalnı!" sədaları ilə qarşılanıb.

Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, siyasətçinin dəfn mərasimi məbədin yaxınlığındakı Borisov qəbiristanlığında keçiriləcək.

Qəbiristanlıqda və "Kədərlərimi sakitləşdir" məbədində təhlükəsizlik gücləndirilib.

RusNews xəbər agentliyinin bildirdiyinə görə, dəfn mərasimində ABŞ, Almaniya və Fransanın səfirlərindən ibarət nümayəndə heyəti qırmızı qərənfil buketləri ilə iştirak edib.

"Əlbəttə, bu gün bir tərəfdən faciəli gündür, ona görə ki, biz dövrün simvoluna çevrilmiş görkəmli insanla vidalaşırıq. Digər tərəfdən, sonda hər şeyin yaxşı olacağına ümid var - Rusiya Aleksinin xəyal etdiyi kimi dinc və azad olacaq" - deyə, prezidentliyə namizədliyini irəli sürmək istəyən, lakin Seçki Komissiyası tərəfindən diskvalifikasiya edilən Boris Nadejdin bildirib.

Sota yazır ki, səhər tezdən kilsənin yaxınlığına müxtəlif ölçülü azı qırx polis maşını toplaşıb, Yol boyu metal hasarlar quraşdırılıb və çevik polis əməkdaşları növbə çəkib.

Navalnı fevralın ortalarında Rusiyanın ən ağır islah müəssisələrindən birində vəfat edib.

Associated Press qeyd edib ki, Rusiya hakimiyyəti 47 yaşındakı Navalnının ölüm səbəbini açıqlamayıb. Bir çox Qərb lideri məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə atıb.

Forum

XS
SM
MD
LG